Rəsmi məlumatlara görə ölüm faktı qeydə alınmayıb
Şamaxı rayonunda zəlzələ nəticəsində təcili yardıma 30 müraciət daxil olub.
Bu barədə “Report” saytına Səhiyyə Nazirliyindən bildiriblər.
“3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan qan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində yardım göstərilib. Bir nəfər cavan adamın həyacandan dili tutulub. Ona yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. 58 yaşlı bir şəxsin həyacandan beyninə qan sızıb və reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir”.
Zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxıda isə 4 məktəbdə çatlar əmələ gəlib.
Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev deyib ki, 2 nömrəli tam orta məktəbin 1-ci korpusunun 2-ci və 3-cü mərtəbələri arasındakı panel tavanının suvağı yerə tökülüb. İki korpusdan ibarət məktəbin şagirdləri isə digər 2-ci tədris korpusuna yerləşdirilib. Eləcə də Şamaxının bir çox köhnə məktəb binalarında xırda çatlar əmələ gəlib.
Hazırda
Fövqəladə Hallar Nazirliyi
, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları zəlzələdən ziyan görmüş məktəblərə baxış keçirirlər.
Şamaxıda olan fövqəladə hallar naziri Kamaləddin Heydərov jurnalistlərə bildirib ki, nazirliyə 4 rayon üzrə 73 müraciət daxil olub. Zəlzələ zamanı heç bir ölüm hadisəsi olmayıb.
“Ümumiyyətlə, belə təbii fəlakət zamanı fəsadların cüzi, itkinin isə olmaması yaxşı haldır. Heç bir evdə böyük uçqun halı qeydə alınmayıb. Yalnız evlərin divarlarında, yəni içəridən və çöldən çatlar və dağıntılar olub. Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək. Evlərin təmir bərpa işlərinin aparılması üçün dövlət tərəfindən yardım olunacaq”.
Zəlzələ
fevralın 5-də
, yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alınıb.