“Borçalı” Cəmiyyəti İlham Əliyevə müraciət hazırlayır
“Borçalı” Cəmiyyəti Azərbaycan dövlət başçısı İlham Əliyevə və Gürcüstanın siyasi partiyalarına müraciət hazırlayır.
Bu barədə Meydan TV-yə açıqlama verən cəmiyyətin sədri Zəlimxan Məmmədli bildirib ki, müraciətdə onun ötən ilin oktyabrından Gürcüstana buraxılmamasının yanlışlığı barədə fikirlər yer alıb: “Bildirmişik ki, məni və cəmiyyətin sədr müavini Salman Murquzovun Gürcüstana buraxılmaması iki xalq və mədəniyyətlər arasındakı münasibətlərin ciddiliyinə xələl gətirir. Biz Gürcüstan siyasi partiyalarından bu məsələyə mövqe bildirmələrini istəmişik. Bundan əvvəl Gürcüstanın bəzi partiyaları, indiki və keçmiş millət vəkilləri, “Rustavi” Mədəniyyət Mərkəzi, “Qeyrət” Xalq Hərəkatı, ictimai qurumları dəstəklərini nümayiş etdiriblər. Məqsədimiz Gürcüstnın siyasi elitasını prosesə qoşmaqdır. Biz haqlı olduğumuzu sübut edəcəyimizə inanırıq”.
Ancaq Zəlimxan Məmmədli Azərbaycanda ADP istisna olmaqla, başqa partiyaların onları dəstəklədiklərini dedi: “Sabir Rüstəmxanlı, Fazil Qəzənfəroğlu, Qənirə Paşayeva, İqbal Ağazadə Gürcüstan parlamentinə sorğu göndəriblər. O cümlədən, Azərbaycanın və Türkiyənin 50-dən çox ictimai, mədəni mərkəzləri qonşu respublikanın müvafiq orqanlarına müraciət ediblər.
Zəlimxan Məmmədli deyib ki, əvvəlki müraciət əsnasında Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstana nota verib, o cümlədən, Azərbaycanın qonşu ölkədəki səfirliyi onların XİN-ə müvafiq nota təqdim edib: “Gürcüstan tərəfinin mənə “Xarici vətəndaşlar haqqında” qanunun 11-ci maddəsinin tətbiq olunması barədə rəsmi məktubunu almışam. Maddə özündə dövlət güvənliyinə xələl gətirmək, təhrikçilik, insanların kütləvi şəkildə sağlıq hüququnun pozulmasınə ehtiva edir. Absurd bir şeydir və təkzib etmişik. Gürcüstanın təhlükəsizlik və hüquq-mühafizə orqanlarına müraciət etmişəm ki, əgər belə bir şey varsa, cinayət işi açılsın. Hətta özümün də nə vaxt istəyirlərsə, Gürcüstana gəlməyə hazır olduğumu bəyan etmişəm. Əgər təqsirsiz olduğum aşkarlansa, həm şəxsimdən, həm də Borçalı elindən üzr istəmələrini tələb edəcəm. Təəssüf ki, rəsmi reaksiya yoxdur. Ancaq cəmiyyətin nümayəndəsi Gürcüstan Prezident Aparatında və bir sıra müvafiq dövlət orqanlarında görüşüb, qarşı tərəf olanlardan yalnız təəssüf hissi keçirir. Amma aldığımız məlumata görə, mənə qarşı qurulan bu əməliyyat Gürcüstanın təhlükəsizlik və hüquq-mühafizə orqanlarında oturuşmuş erməni kökənli adamların işidir”.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ötən ilin oktyabrın 19-dan, müavini Salman Murquzov isə iyunun 4-dən Gürcüstana buraxılmır. Onlara qarşı Gürcüstan Respublikasının “Xarici vətəndaşlar haqqında” qanunun 11-ci maddəsinin tətbiq olunub.