Ukrayna Təhlükəsizlik Xidmətinin iki polkovniki saxlanılıb
Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsdin qarşısının alındığı bildirilir.
Bu barədə məlumatı Ukrayna Təhlükəsizlik Xidməti yayıb.
Bildirilir ki, Zelenski ilə yanaşı, xidmətin rəhbəri Vasili Malyuk, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov və digər yüksək vəzifəli dövlət rəsmilərinə qarşı sui-qəsd hazırlanıb.
Dövlət Təhlükəsizlik Xidmətinin iki polkovniki sui-qəsddə şübhəli bilinərək saxlanılıb.
Onlar hərbi vəziyyətdə “dövlətə xəyanət” və “terror aktına hazırlıq”da ittiham olunurlar.
Bildirilir ki, həbs edilən şəxslər Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agent şəbəkəsinin bir hissəsinə daxil olub.
Dövlət Təhlükəsizlik Xidməti terror aktını təşkil edən şəxslərin adlarını açıqlayıb.
Bunların Rusiya Federal Təhlükəsizlik Xidmətinin 5-ci Əməliyyat İnformasiya Departamentinin 9-cu İdarəsinin əməkdaşları Maksim Mişustin, Dmitri Perlin və Aleksey Kornev olduğu qeyd edilib.
Məlumatda həmçinin deyilir ki, həbs edilən polkovniklərdən biri sui-qəsddə istifadə edilməli olan yüngül kamikadze dronları, RPG-7 tank əleyhinə qumbaraatan və MON-90 piyada əleyhinə minaları Kiyevə şəxsən gətirib.
Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları təqsirləndirilən şəxslərin bütün hərəkətlərini tədricən sənədləşdirib, sonra isə onları saxlayıblar.