Zelenski Yeni ildən öncə Trampla görüşəcəyini bildirib

Zelenski və Tramp. Foto: Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski Yeni ildən öncə amerikalı həmkarı Donald Trampla görüşəcəyini bildirib.

O, bu haqda dekabrın 26-da “X” hesabında yazıb.

“Rustem Umerov (Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi-red.) mənə Amerika tərəfi ilə növbəti təmasları barədə məlumat verdi. Bir gün də itirmirik. Yaxın vaxtlarda ən yüksək səviyyədə Prezident Trampla görüş barədə razılığa gəldik. Yeni ilə qədər çox şey həll oluna bilər”, – Zelenski yazıb.

Amerika tərəfi hələlik belə bir görüşün planlaşdırılması barədə məlumat verməyib.

“Kyiv Post”un jurnalisti Aleks Raufoğlu sosial şəbəkə hesabında mənbələrinə istinadla yazıb ki, işlər plan üzrə gedərsə, Zelenski-Tramp görüşü dekabrın 28-də Mara-Laqoda keçirilə bilər.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Daha öncələr iki ölkə arasında sülh danışıqlarına cəhd uğursuz alınıb.

Vladimir Zelenski Donald Trampla görüşmək üçün ABŞ-yə artıq üç dəfə səfər edib. Sonuncu səfər bu il oktyabrın 17-də olub. Həmin vaxt liderlərin Ukraynaya uzaqmənzilli silahların, o cümlədən “Tomahawk” raketlərinin tədarükünü müzakirə edəcəyi planlaşdırılırdı, lakin görüşün yekununda hər hansı qərar qəbul edilməyib.

Dekabrın 24-də Zelenski Kiyev, Moskva və Vaşinqton arasında müzakirə olunan sülh planının son versiyasının 20 maddəsini açıqlayıb. O, bu planı “müharibənin başa çatdırılması üçün əsas sənəd” adlandırıb, lakin bildirib ki, hələ də həll olunmamış məsələlər var. Bunlara ərazilərlə bağlı məsələlər və Zaporojye Atom Elektrik Stansiyasının statusu daxildir. Stansiya 2022-ci ilin martından etibarən Rusiya hərbi qüvvələrinin nəzarəti altındadır.

Ekspertlər hesab edir ki, mümkün Zelenski–Tramp görüşü diplomatik prosesə müəyyən dinamika qata bilər, lakin müharibənin taleyini müəyyən edəcək əsas məsələlər üzrə konkret nəticələrin əldə olunacağı hələlik sual altındadır.

Ana səhifəDünyaZelenski Yeni ildən öncə Trampla görüşəcəyini bildirib