Zelenski Ukraynanın bərpasına lazım olan məbləği açıqlayıb

Volodimir Zelenski. Foto: Dmytro Larin/shutterstock

“600-800 milyard lazımdır, amma hələ müharibə bitməyib”

Rusiya ilə müharibədən sonra Ukraynanın bərpası üçün 600-800 milyard dollar lazımdır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Müəssisələri Hərəkatına müraciəti zamanı deyib.

Eyni zamanda, prezident əlavə edib ki, müharibə hələ bitmədiyi üçün bu məbləğ təxminidir.

Zelenski qeyd edib ki, indi daha kiçik, lakin çox zəruri məbləğləri müzakirə etmək lazımdır:

“Məsələn, infrastrukturu, o cümlədən təhsil, liman, nəqliyyat və yaşayış sahələrini bərpa etmək lazımdır”.

Prezident bir neçə gün əvvəl xalqa müraciətində qarşıdan gələn qışı Ukrayna tarixində ən çətin qış adlandırmışdı:

“İndi vəziyyət çox kəskin və təhlükəlidir. Avropa ölkələrinin əksəriyyəti enerji məsələsinə məsuliyyətlə yanaşıb və adaptasiya və müdafiə üçün lazım olan hər şeyi edir. Əgər Rusiyada kimsə bu qış bütövlükdə Avropanı, Ukraynanı və ya digər ayrı-ayrı ölkələri diz çökdürəcəyini düşünürsə, bu, uğursuz hesablamadır”.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaZelenski Ukraynanın bərpasına lazım olan məbləği açıqlayıb