Zelenski: Ukrayna Səudiyyə Ərəbistanında keçiriləcək ABŞ-Rusiya danışıqlarında iştirak etməyəcək

Ukrayna Prezidenti Volodimir Zelenski. Videodan skrinşot

“Ukrayna Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı istənilən danışıqları nəticəsiz hesab edir”

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin ABŞ və Rusiya rəsmiləri arasında Səudiyyə Ərəbistanında sabah keçiriləcək görüşdə iştirak etməyəcəyini bildirib.

Zelenski Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı jurnalistlərə deyib:

“Ukrayna Ukraynanın iştirakı  olmadan Ukrayna ilə bağlı istənilən danışıqları nəticəsiz hesab edir və biz… bizimlə bağlı razılaşmaları bizsiz tanıya bilmərik”.

O, həmçinin BƏƏ və daha sonra Səudiyyə Ərəbistanına səfərlərinin əvvəlcədən razılaşdırıldığını deyib və bu səfərlərin ABŞ-Rusiya danışıqları ilə əlaqəli olmadığını qeyd edib.

Ukrayna Prezidentinin Səudiyyə Ərəbistanına fevralın 19-da səfər edəcəyi gözlənilir.

Bu gün, fevralın 17-də ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına səfər edib. O, ABŞ və Rusiya nümayəndə heyətləri arasında Ukrayna üzrə danışıqlarda iştirak edəcək.

Danışıqlar fevralın 18-də Ər-Riyadda baş tutacaq. Danışıqlarda Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. İclasda ABŞ-ni dövlət katibi Mark Rubio, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edəcək.

Fevralın 14-də ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqların Səudiyyə Ərəbistanında aparılacağını və Rusiya və ABŞ tərəfindən “yüksək çinli məmurlar”ın, eləcə də Ukrayna nümayəndələrinin iştirak edəcəyini açıqlamışdı.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayıb.

Ana səhifəDünyaZelenski: Ukrayna Səudiyyə Ərəbistanında keçiriləcək ABŞ-Rusiya danışıqlarında iştirak etməyəcək