Zelenski Rusiya ilə danışıqlardan imtina edib (yenilənib)

V.Zelenski və V.Putin. Foto: Meydan TV

Dmitri Medvedev: “Kiyev kapitulyasiya imzalamalıdır”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskiyə cavab verib.

D.Mevedev deyib ki, onların məqsədi Kiyevin tam təslim olmasıdır.

“Zelenski deyir ki, ultimatumlar irəli sürənlərlə dialoqa getməyəcək. Ukrayna Prezidenti “ultimatumları” bilir: Kiyevin Rusiyanın şərtləri ilə tam kapitulyasiyası”,- deyə Medvedev bildirib.


“Rusiya ilə heç bir məsələni müzakirə edə bilmərik”

“Rusiya ilə istənilən danışıqlar yalnız bütün işğal olunmuş Ukrayna ərazilərini tam azad etdikdən sonra mümkün olacaq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində bildirib:

“Heç bir sanksiya ləğv edilə bilməz və Rusiya ilə heç bir məsələni müzakirə edə bilmərik. Bəli, müharibədən sonra bəzi sanksiyaların ləğvindən, təzminatlardan, onlardan ödənişlərdən, diplomatiyadan danışmaq olar”.

“Biz istənilən ölkənin liderini, istənilən beynəlxalq qurumu bu cür danışıqlara cəlb edə bilərik, ancaq Rusiya bütün ərazilərimizi azad etdikdən sonra”, – Zelenski belə deyib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaZelenski Rusiya ilə danışıqlardan imtina edib (yenilənib)