Zelenski Qərbdən döyüş təyyarələri, Makron Çinlə anlaşmaq istəyir

Ukrayna-Rusiya. Foto: Tomasz Makowski/shutterstock

Ukrayna prezidenti Baxmutda vəziyyətin gərgin olduğunu deyir

“Polşa Qərb müttəfiqlərinin Ukraynaya döyüş tankları göndərməsində mühüm rol oynayıb”.

Ukrayna Prezidenti Volodimir Zelenski belə deyib.

O inanır ki, Polşa Kiyevə döyüş təyyarələrinin verilməsi üçün Qərb dövlətlərinin koalisiyasının yaradılmasına da dəstək göstərə bilər.

Ukrayna döyüşçüləri Rusiyanın amansız hücumları qarşısında şərqdəki Baxmut qalasını müdafiə etməyə davam edir. Orada vəziyyət olduqca gərgindir”, – Zelenski bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də Polşaya səfər edib.

Polşa hökuməti ilə görüşlərində Ukraynaya əvvəl təqdim edilən 4 təyyarədən əlavə daha 10 “MiQ-29” qırıcısı göndəriləcəyi bildirilib. Lakin indiyədək Kiyevin tələb etdiyi “F-16” qırıcılarını göndərmək üçün ABŞ və ya Ukraynanın digər əsas hərbi dəstəkçiləri arasında razılıq əldə olunmayıb.

Zelenski bildirib ki, Ukrayna qoşunları Baxmut uğrunda döyüşdə çətin vəziyyətlə üzləşərsə, hərbçilər Rusiya qüvvələri tərəfindən mühasirəyə alınarsa, onları qorumaq üçün “müvafiq” qərarlar qəbul etməli olacaq.

“Biz Baxmutdayıq və düşmən ora nəzarət etmir”, – deyən Zelenski Rusiya qüvvələrinin aylarla davam edən döyüş və bombardmanlardan sonra xarabalığa çevrilmiş şəhəri ələ keçirdikləri barədə iddiaları təkzib edib.

Mənim üçün hər şeydən önəmlisi əsgərlərimizi itirməməkdir və təbii ki, daha da qızğın hadisələr baş verərsə və mühasirə səbəbindən şəxsi heyətimizi itirmək təhlükəsi olarsa, təbii ki, müvafiq düzgün qərarları oradakı generallar verəcək”, – Zelenski qeyd edib.

V.Zelenski və A.Duda. Foto: Reuters

Şərqi Donetsk vilayətində hələ də Rusiyanın əlinə keçməmiş sonuncu şəhər mərkəzlərindən biri olan Baxmut uğrunda 14 aydır ki, döyüşlər davam edir.

Rusiyanın muzdlulardan ibarət “Vaqner” qrupunun komandanı bir neçə dəfə şəhəri ələ keçirdiklərini, hətta sonuncu açıqlamasında şəhərdəki dövlət binasına Rusiya bayrağı sancdıqlarını bildirib.

Amma Ukrayna hökuməti şəhərin itirilməsi ilə bağlı açıqlamanı yalanlayıb.

Ukraynanın hərbi elitası yaxın həftə və ya aylarda verdikləri açıqlamalarında onlara qarşı gözlənilən əks-hücumdan danışıblar. Onlar hesab edirlər ki, Baxmut və digər şəhərləri tutmaqla rus qoşunlarına ağır itki vermək vacibdir.

“Baxmut əsas vəzifəni yerinə yetirir. Rusiyaya burada mümkün qədər çox itki verməlidir. Ukrayna üçün önəmli olan aprel-may aylarında baş tutacaq əks-hücuma hazırlaşmaqdır”, – hərbi analitik Pavel Narojniy Ukraynadakı NV radiosuna deyib.

ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutu bildirib ki, Rusiyanın “Vaqner” muzdlu döyüşçülərdən ibarət qrupu, çox güman, Baxmut şəhər mərkəzinə nəzarəti gücləndirməyə və sıx şəhər məhəllələrindən qərbə doğru irəliləməyə çalışacaq.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Fransa Prezidenti Emmanuel Makronun aprelin 6-da Pekində Çin Prezidenti Si Cinpinlə Ukrayna məsələsini müzakirə edəcəyini söyləyib.

Səfərdən əvvəl Makron ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

Fransa lideri II Dünya müharibəsindən sonra Avropada ən böyük müharibə olan Ukrayna müharibəsinin sona çatmasını sürətləndirmək üçün Pekini cəlb etmək barədə razılığa gələcəyini deyib.

Makron Pekində. Foto: AP

Makron və Ursula von der Leyen Çini sülh gətirmək üçün Rusiya üzərindəki təsirindən istifadə etməyə inandırmaq və ya heç olmasa, Pekini münaqişədə Moskvanı birbaşa dəstəkləməkdən çəkindirmək istədiklərini bildiriblər.

Daha öncə ABŞ və NATO Çinin Rusiyaya silah göndərmək barədə düşündüyünü açıqlayıb, amma Pekin bunu təkzib edib.

Çin və Rusiya prezidentləri işğaldan qısa müddət əvvəl “məhdudiyyətsiz” tərəfdaşlıq elan etsələr də, Çin tərəfləri atəşkəsə çağırıb və münaqişə ilə bağlı mövqeyini “qərəzsiz” adlandırıb.

Polşa Prezidenti Anjey Duda NATO-nun iyulda Litvada keçiriləcək sammitində Varşavanın Ukrayna üçün əlavə təhlükəsizlik təminatları almağa çalışdığını bildirib.

Kiyev “MiQ-29″lardan başqa NATO-ya “F-16” qırıcıları üçün də təzyiq edib. Lakin Dudanın xarici siyasət müşaviri Marcin Przydacz bildirib ki, Polşa hər hansı təyyarənin göndərilib-göndərilməməsi ilə bağlı tezliklə qərar verməyəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dövlət televiziyasına deyib ki, ABŞ-ın Ukraynaya silah tədarükü “biz, həqiqətən, müharibənin qaynar fazasındayıq” demək olsa da, Moskva Vaşinqtonla münasibətləri saxlamalıdır.

Ana səhifəDünyaZelenski Qərbdən döyüş təyyarələri, Makron Çinlə anlaşmaq istəyir