Namizədlər arasında Antonio Quterreş və Roma Papası da var
Ukrayna Prezidenti Volodimir Zelenskinin 2024-cü il Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.
“Reuters” yazır ki, o, 286 namizəd arasında favoritlər sırasındadır.
Namizədlər arasında BMT-nin Fələstin Qaçqınlar Agentliyi (UNRWA), Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin Baş katibi Antonio Quterreş, Roma Papası Fransisk də var.
Bəzi ekspertlər hesab edir ki, Nobel sülh mükafatı beynəlxalq dünya nizamını möhkəmləndirmək cəhdlərinə görə BMT-nin Baş katibi Antonio Quterreşə verilə bilər.
Mükafatın bu il verilməməsi də mümkündür.
Tarixdə belə hal artıq 19 dəfə baş verib.
2024-cü ilin Nobel laureatları oktyabrın 7-14-də keçiriləcək “Nobel həftəsi”ndə elan olunacaq.
İlk olaraq oktyabrın 7-də İsveçin Karolinsk İnstitutu tərəfindən fiziologiya və tibb sahəsində Nobel laureatının adı elan olunacaq.
İsveç Kral Elmlər Akademiyası tərəfindən oktyabrın 8-də fizika, oktyabrın 9-da isə kimya üzrə üzrə laureatların adları açıqlanacaq.
Oktyabrın 10-da ədəbiyyat üzrə laureatın adı məlum olacaq.
Norveç Nobel Komitəsi tərəfindən oktyabrın 11-də 2024-cü ilin sülh mükafatı laureatının adı açıqlanacaq.
Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank Prize) layiq görüləcək alimin adı oktyabrın 14-də elan olunacaq.
Mükafatların elan olunma mərasimi dekabrın 10-da Alfred Nobelin doğum günündə Stokholmda keçiriləcək.