Zelenski müharibə başlayandan sonra ilk xarici səfərə gedib

Volodimir Zelenski. Foto: Dmytro Larin/shutterstock

O, Baydenlə görüşəcəyini, ABŞ Konqresində çıxış edəcəyini deyib

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 21-də ABŞ-a səfər edib.

Bu, Volodimir Zelenskinin Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra ilk xarici səfəridir.

Məlumatı Ukrayna Prezidenti özü “Twitter” səhifəsində paylaşıb.

V.Zelenski ABŞ Prezidenti Co Baydenlə Ukrayna və ABŞ arasında əməkdaşlığı müzakirə aparacağını və Konqresdə çıxış edəcəyini, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcəyini qeyd edib.

Ağ Ev Co Baydenin Ukrayna üçün təxminən 2 milyard dollar dəyərində əhəmiyyətli təhlükəsizlik yardım paketini elan edəcəyini və bu paketdə Patriot hava hücumundan müdafiə sistemlərinin batareyası olacağı haqda məlumat yayıb.

“Patriot Ukrayna xalqını Rusiyanın Ukraynanın kritik infrastrukturuna barbar hücumlarından qorumaq üçün vacib bir aktiv olacaq”, – deyə Ağ Ev rəsmisi mətbuata söyləyib.

“Bu səfər zamanı həm də Konqreslə birlikdə Ukrayna üçün 2023-cü il üçün əlavə maliyyə paketinin qəbul edilməsi işini qeyd edə biləcəyik. Biz Ukrayna üçün ikitərəfli maliyyə paketinin 40 milyard dollardan çox olacağını gözləyirik”, – Ağ Ev rəsmisi bildirib.

Dekabrın 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın Ukraynaya qarşı hərəkətlərini Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnamə qəbul edib.

Sənəddə ABŞ və müttəfiqləri Ukrayna hökumətinə dəstəyi davam etdirməyə, habelə məsul şəxslərin məsuliyyətə cəlb edilməsinə yönəlmiş araşdırmalar aparmağa çağırılır.

Qətnamə ABŞ prezidenti Co Baydeni soyqırımda iştirak edən insanlara qarşı “Maqnitski Aktı”na əsasən sanksiyalar tətbiq etməyə dəvət edir.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaZelenski müharibə başlayandan sonra ilk xarici səfərə gedib