Zelenski Gürcüstan və Qırğızıstandakı səfirləri geri çağırdı

Vladimir Zelenski. Foto: home for heroes/shutterstock

“Qırğızıstan Rusiyaya haqq qazandırıb, Gürcüstan könüllülərə maneələr yaradılır”

Martın 1-də Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Gürcüstan və Qırğızıstandakı səfirlərini geri çağırıb.

Ukraynanın yerli mediası yazır ki, buna səbəb Qırğızıstanın Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqqı qazandırmasıdır.

Gürcüstana gəlincə, prezident bildirib ki, bu ölkədə Ukraynaya dəstək olmaq istəyən könüllülərə maneələr yaradılır.

Vladimir Zelenski bu barədə qərarını video-konfransda açıqlayıb.

O bildirib ki, səfirləri məsləhətləşmələr üçün geri çağırır: “Diplomatlarımız hazırda sözünü və beynəlxalq hüququ dəyişən dövlətlərlə bağlı mühüm və mütləq zəruri qərarlar icra edir. Biz Qırğızıstanın Ukraynaya qarşı təcavüzə haqq qazandırdığı üçün oradakı səfirimizi məsləhətləşmələr üçün geri çağırırıq. Gürcüstan isə bizə kömək istəyən könüllülərə maneələr yaradır və sanksiyalara qarşı doğru olmayan mövqedədir”, – Zelenski bildirib.

Gürcüstan Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq onlara qarşı hər hansı sanksiya tətbiq etməyəcəyini açıqlamışdı.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili fevralın 25-də jurnalistlərə açıqlamasında bildirmişdi ki, bu addımı Gürcüstanın “milli maraqları”nı düşünərək atıb: “Ölkəmizin və xalqımızın milli maraqlarına zərər verəcək heç bir qərar verməyəcəyəm”.

Baş nazir açıq bildirib ki, Gürcüstan maliyyə və iqtisadi sanksiyalarda iştirak etməyəcək.

Baş nazirin bu sözlərinə etiraz olaraq minlərlə gürcü Tbilisidə aksiyaya çıxıb.

Tbilisinin mərkəzində əvvəlcə Ukraynaya dəstək üçün planlaşdırılan aksiya Baş nazir Qaribaşviliyə tərəf çevrilib. Minlərlə insan Baş nazirə xitabən: “Get, get” şüarı səsləndiriblər.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.

Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.

İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər. Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Rusiyanın bir sıra bankları SWIFT sistemindən (Transaksiyaların, köçürmələrin tez və təhlükəsiz həyata keçməsi üçün bu sistem önəmli sayılır) çıxarılıb.

Almaniya kansleri Olaf Şolz “Nord Stream 2” boru xəttini (red: boru xəttilə Rusiyadan Baltik Dənizinin altı ilə Almaniyaya təbii qaz gedir) dayandırıb.

Böyük Britaniya Rusiyanın 5 bankına və zəngin şəxslərinə sanksiyalar tətbiq edib.

Avropa İttifaqı ölkələri Rusiyanın üzünə hava məkanını bağlayıb. Eyni zamanda, Rusiyadan olan yüzlərlə şəxsə sanksiyalar tətbiq edib.

Böyük Yeddilik (G7) ölkələrinin sərt maliyyə sanksiyalarından sonra – fevralın 28-də Rusiyanın milli valyutası 25 faizədək dəyər itirib.

Eləcə də, dünyanın bir çox ölkəsində Ukraynaya dəstək mitinqləri keçirilib.

Ana səhifəDünyaZelenski Gürcüstan və Qırğızıstandakı səfirləri geri çağırdı