Ukrayna təmsilçisi “Eurovision-2022”nin qalibi oldu
“Biz hər şeyi edəcəyik ki, bir dəfə Ukraynanın Mariupol şəhəri “Eurovision” iştirakçılarını və qonaqlarını qəbul etsin”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Kalush Orchestra” qrupunu “Eurovision”dakı qələbə münasibətilə təbrik edərkən deyib.
“Bizim cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir! Gələn il Ukrayna “Eurovision”a ev sahibliyi edəcək! Bu, Ukrayna tarixində üçüncü dəfədir və inanıram ki, sonuncu olmayacaq. Biz hər şeyi edəcəyik ki, bir gün Ukraynanın Mariupolu ev sahibliyi etsin”.
O, həmçinin Ukraynaya səs verən hər kəsə təşəkkürünü bildirib.
“Əminəm ki, düşmənlə döyüşdə bizim qalib akkordumuz uzaqda deyil”, – deyə Zelenski vurğulayıb.
Mayın 14-də İtaliyanın Turin şəhərində keçirilən 66-cı “Eurovision-2022” mahnı müsabiqəsində Ukraynanın “Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə qalib olub.
Ukraynalı yarışmaçılar 631 səs alıblar. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.