ABŞ da Rusiya rəsmilərinə sanksiya tətbiq edəcək
Ağ Ev avropalı müttəfiqlərinə dəstək verəcəklərini açıqladı
Ağ Evin sözçüsü Cen Psaki cümə günü bildirib ki, ABŞ Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı Moskvanın Ukraynadakı hərbi əməliyyatına görə sanksiyalar tətbiq edəcək.
“Prezident Co Baydenin Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə apardığı telefon danışığından sonra və bizim avropalı müttəfiqlərimizin qərarına uyğun olaraq, ABŞ, prezident Putinə, xarici işlər naziri Lavrova və Rusiya təhlükəsizlik komandası üzvlərinə sanksiya tətbiqində onlara qoşulacaq.“, – Psaki mətbuat konfransında jurnalistlərə bildirib.
Bundan öncə Böyük Britaniya Putinə və Lavrova qarşı sanksiya tətbiq edəcəyi ilə bağlı məlumat.
yaydı. Sanksiyada əsasən bank hesablarının dondurulması nəzərdə tutulur. Lakin Rusiya rəsmiləri prezident Putinin və xarici işlər naziri Lavrovun Böyük Britaniyada bank hesabı olmadığı haqda məlumat yayıb.
“Bax elə indicə konfransa gəlirdim və hazırda sığınacaqda olan anama və zirzəmidə olan xanımıma zəng edirdim. Bəli, onlar hələ vuruşmur, amma lazım olanda, xanımım həkimdi, o da qoşulacaq”. Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy 24 fevralda ölkəsinə qarşı başladılan müharibə nəticəsində ikisi uşaq olmaqla 57 nəfərin həlak olduğunu, 177 nəfər yaralandığını bildirib. Səfir deyib ki, Putinə Donetsk və Luqansk Xalq Respublikaları kimi qondarma qurumlar lazım deyildi, ona bütün Ukrayna lazım idi. İndi də o, bu məqsədə çatmaq istəyir. Səfir bildirib ki, Azərbaycanın Ukraynada baş verənlərlə bağlı rəsmi mövqeyini gözləyirlər.
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya 10 minə qədər hərbçi göndərir. Media yazır ki, onlar Rusiyanın xüsusi əməliyyatında iştirak etmək üçün Ukraynaya gedəcəklər.
23.56.
Böyük Britaniya Putinlə Lavrova sanksiya tətbiq edəcəyini açıqlayıb
Böyük Britaniyanın tezliklə Rusiya Prezidenti Vladimir Putinə və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edəcəyi bildirilib.
Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun NATO liderləri ilə telefon danışığından sonra yaydığı bəyanatda qeyd edilib.
Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın yeni sanksiyalarına “Nə Putinin, nə də Lavrovun nə Britaniyada, nə də xaricdə heç bir yerdə hesabı yoxdur”,-deyə cavab verib.
22.18
Keçmiş prezident Poroşenko da Ukrayna uğrunda vuruşacağını deyir
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko da ölkəsinin müdafiəsinə qalxıb. Bu barədə CNN-ə danışan Poroşenko Rusiya prezidenti Vladimir Putini pisləyib və liderin “dəli” və “şər qüvvə” olduğunu deyib:
“[Vladimir Putin] sadəcə dəlidir, o, sadəcə dəlidir, o, sadəcə olaraq, ukraynalıları öldürmək üçün bura gələn şərdir”.
Keçmiş prezident müsahibə zamanı AK-47 avtomatını kameraya tuşlayıb və Kiyev küçələrində rus əsgərlərinə qarşı döyüşəcəyini deyib.
22.09.
Polşa Ukraynaya hərbi yardım etdiyini açıqladı
Polşa müdafiə naziri Mariuş Blaşak bildirib ki, sursat dolu hərbi karvanlar Ukraynaya çatdırılıb. Nazir
Ukraynanın yanında olduqlarını və Rusiyanı qınadıqlarını bildirib.
Müharibə başlayandan bu yana ilk dəfədir ki, Qərb ölkələrindən biri Ukraynaya hərbi yardım göstərir.
22.07.
NATO Şərqi Avropaya daha çox qoşun yeritdiyini açıqladı
Cümə günü NATO liderləri Rusiyanın Ukraynanı işğal etməsindən sonra Şərqi Avropaya daha çox qoşun yerləşdirdiklərini, Moskvanın niyyətləri barədə yalan danışdığını bildiriblər.
“Reuters” yazır ki, Baş katib Yens Stoltenberqin sədrliyi ilə keçirilən virtual sammitdən sonra 30 lider birgə bəyanat imzalayıb.
Bəyanatda deyilir: “Rusiya hökumətinin yalanlar silsiləsi heç kəsi aldatmamalıdır”.
“Biz indi alyansın şərq hissəsinə əhəmiyyətli əlavə müdafiə qüvvələri yerləşdiririk”, – bəyanatda əlavə təfərrüat verilmədən deyilir.
22.05.
Rusiya “Eurovision”dan uzaqlaşdırıldı
Rusiya “Eurovision-2022” beynəlxalq mahnı müsabiqəsindən kənarlaşdırılıb.
Avropa Yayım Birliyinin bəyanatında bildirilir ki, 2022-ci ildə İtaliyanın Turin şəhərində keçiriləcək tədbirə Rusiyadan iştirakçının qatılması müsabiqəni nüfuzdan salacaq.
Rusiyanın yarışmada kiminlə təmsil olunacağı hələ açıqlanmamışdı.
Ukraynanı müsabiqədə “Kalush Orchestra” qrupunun “Stefania” adlı mahnı ilə təmsil edəcəyi gözlənilir.
Kliçko: “Kiyev müdafiə fazasına daxil olub”
Ukrayna paytaxtı Rusiya işğalçılarına qarşı müdafiə fazasına daxil olub. Obolonsk rayonunun sakinlərini küçəyə çıxmamağa, evdə və ya sığınacaqda qalmağa çağırıblar.
Bu haqda Kiyevin meri Vitali Kliçko fevralın 25-i günorta keçirilmiş brifinqdə bəyan edib.
“Şəhər müdafiə fazasına daxil olub. Hazırda bəzi rayonlarda atəş və partlayış səsləri eşidilir. Ukraynalı hərbçilər rusların təxribat qruplarını məhv edirlər. Təəssüf ki, bəzi təxribat qrupları artıq paytaxta girə bilib, düşmən paytaxtımızı diz üstə çökdürmək və sizlərlə bizləri məhv etmək istəyir”, – Kliçko bəyan edib.
Kliçko qeyd edib ki, Kiyevi müdafiə edə biləcək hər kəs “bizə qoşulmalı və hərbçilərimizə kömək etməlidir”.
“Bu gün hərbi qüvvələr qəhrəmanlıq nümayiş etdirir və bizə görə, dövlətimiz naminə fədakarlıq göstərir. Ukrayna ordusu Kiyevi müdafiə edir. Vəziyyət mürəkkəbdir, lakin biz silahlı qüvvələrimizə inanır, onları dəstəkləyir və kömək edirik”, – mer bəyan edib.
17.13.
Peskov: “Rusiya danışıqlara hazırdır”
Rusiya Ukraynaya danışıqlar aparmaq üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır.Bu barədə Prezident Vladimir Putinin mətbuat katibi D.Peskov deyib.
Məlumatı “ria.ru” yayıb.O bildirib ki, Putin Zelenskinin təklifinə cavab olaraq Kiyevlə danışıqlar aparmaq üçün Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və prezident administrasiyası nümayəndələri səviyyəsində Minskə nümayəndə heyəti göndərməyə hazırdır.
“Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu açıqladı. Əvvəlcə Rusiya prezidenti Vladimir Putin bildirdi ki, əməliyyatın məqsədi LXR və DXR-ə kömək etmək, o cümlədən Ukraynanın demilitarizasiyası və denazifikasiyasıdır və bu, əslində, neytral statusun tərkib hissəsidir”, – deyə Peskov bildirib.
16.33.
Zelenski Putini danışıqlar masasına çağırdı
Ukrayna Prezidenti Vladimir Zelenski insanların həlak olmasını dayandırmaq üçün Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına çağırıb.
O, bu barədə fevralın 25-də günorta yayımlanan videomjüraciətində deyib.
“RF prezidentinə: ölkənin bütün ərazisində döyüşlər gedir. İnsanların həlak olmasını dayandırmaq üçün gəlin danışıqlar masasına oturaq”.
16.23.
Bakıda Ukraynaya dəstək aksiyası keçirilib
Fevralın 25-də D18 Hərəkatının üzvləri Bakıdakı Ukrayna Səfirliyi önündə Ukraynaya dəstək aksiyası keçirib.
Aksiya təşkilatçıları bildiriblər ki, Rusiyanın Ukraynaya müdaxiləsi yolverilməzdir və heç bir hüquqa əsaslanmır: “Biz Rusiyanın işğalçı siyasəti ilə bağlı bəyanat hazırlamışıq. Qərara gəlmişik ki, dost və qardaş Ukraynaya dəstək olaq”.
16.16.
Jurnalistlərə Ədalət Fondundan ukraynalı jurnalistlərə dəstək
Jurnalistlərə Ədalət Fondu (Justice for Journalists Foundation – JFJ) və bəzi ölkələrdəki insan hüquqları, jurnalist təşkilatları və Qeyri-Hökumət Təşkilatları (QHT) Ukrayna xalqının yanında olduqlarını bəyan edib.
Meydan TV-yə də göndərilən bəyanatda hazırda genişmiqyaslı Avropa müharibəsinin cəbhə xəttində faəliyyət göstərən ukraynalı jurnalistlərlə həmrəy olduqları ifadə edilib.
16.14.
Səfir: “Kiyevin girişində intensiv döyüşlər gedir”
“Kiyevin girişində intensiv döyüşlər gedir. Gecə Kiyevə atılan raket zərbələri nəticəsində iki raket məhv edilib, bir çoxmərtəbəli evdə yanğın başlayıb. İlkin məlumatlara görə, 8 yaralı var, 150 nəfər təxliyə edilib”.
Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, işğalçı ordu Çernobıl AES zonasına daxil olaraq, stansiyanı ələ keçirib: “Bu gün nüvə analoqları anbarı təhlükə altındadır”.
“Qeyd etmək istəyirəm ki, sonuncu dəfə Kiyevi 1941-ci ildə bombardman ediblər… Nasist reyxi. Kiyevin bombardman edilməsi özünün sinizmi və şərəfsizliyinə görə yaxşı bildiyiniz hücumlara çox bənzəyir: Gəncə və Mingəçevirə”, – deyə Vladislav Kanevski bildirib.
15.16.
“Gürcüstan Rusiyaya sanksiya tətbiq etməyəcək”
Gürcüstan Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq onlara qarşı hər hansı sanksiya tətbiq etməyəcək.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili fevralın 25-də jurnalistlərə açıqlamasında belə deyib.
O, bu addımı Gürcüstanın “milli maraqları” ilə əsaslandırıb: “Ölkəmizin və xalqımızın milli maraqlarına zərər verəcək heç bir qərar verməyəcəyəm”.
15.07.
Ukrayna əhalisi Polşa, Rumıniya, Macarıstan və Slovakiyaya axışır
Rusiya raketlərinin paytaxt Kiyevi vurmasından sonra müharibədən qaçan minlərlə insan Polşa, Rumıniya, Macarıstan və Slovakiyaya axışır.
Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləyə başlamasından bir gün sonra Ukrayna hökuməti 18-60 yaş arası kişilər üçün ölkədən çıxışı məhdudlaşdırıb.
Odur ki, Avropaya üz tutanlar da əsasən qadınlar və uşaqlardır.
15.00
“Rusiyanın məqsədi Kiyevə girmək və şəxsən Zelenskini məhv etməkdir”
Ukraynanın Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya qoşunlarının əsas fundamental ssenarisi barədə danışıb. “Onların məqsədi Kiyevə girmək və ölkə rəhbərliyini, şəxsən Prezident Vladimir Zelenskini məhv etməkdir”.
O, bu barədə fevralın 25- də keçirilən brifinqdə məlumat verib. Onun dediyinə görə, prezident Kiyevdə qalır, çünki “Ukrayna xalqının sarsılmazlığının nə olduğunu göstərməlidir”.
Zelenski brifinqdə deyib ki, Moskva əməliyyatının məqsədi bütün Ukrayna cəmiyyətinə təzyiq etməkdir.
“Ukraynanın taleyi təkcə bizdən asılıdır, başqa heç kəs bizim həyatımıza rəhbərlik etməyəcək. Biz öz torpağımızdayıq, həqiqət bizim arxamızdadır, bizim xarakterimizi məhv etmək alınmayacaq, istənilən kalibrli raket bizim azadlığımız qarşısında gücsüzdür”, – o qeyd edib.
14.53.
“Baydenin dediyində həqiqət var, banklara sanksiyalar daha təsirlidir”
“Rusiyanı SWIFT-dən kənarlaşdırmaqdansa, beynəlxalq hesablaşmalarda aparcı olan 4 valyuta (dollar, avro, yen və ingilis funtu) ilə əməliyyatlara qadağa, konkret banklara sanksiyalar daha təsirlidir.
Bu baxımdan ABŞ prezidentinin dediyində həqiqət var”.İqtisadçı Rövşən Ağayev belə deyir.
14.36.
Kiyev Şəhər Dövlət Administrasiyası Obolonski rayonunun sakinlərinə aktiv döyüş əməliyyatlarının yaxınlaşması ilə əlaqədar küçəyə çıxmamağı tövsiyə edir.
İnsanlardan qapalı yerlərdə – evdə və ya sığınacaqlarda qalmaları xahiş olunur:“İndi çölə çıxmaq çox təhlükəlidir”.
14.35
Çempionlar Liqasının final oyunu Santk-Peterburqda keçirilməyəcək
UEFA İcraiyyə Komitəsi fevralın 25-də Avropada təhlükəsizliklə bağlı vəziyyətin kəskinləşməsi ilə əlaqədar növbədənkənar iclas keçirib.
UEFA İcraiyyə Komitəsi 2021/22 UEFA Çempionlar Liqasının finalının Sankt-Peterburqdan Saint-Denisdəki Stade de Fransa köçürülməsi barədə qərar qəbul edib. Oyun ilkin olaraq mayın 28-də Avropa vaxtı ilə 21:00-da oynanılacaq.
13.48.
Şon Penn müharibə şəraitində Ukraynaya getdi, Zelenski ilə görüşdü
Prezident Vladimir Zelenski amerikalı aktyor, kinorejissor və ssenarist Şon Pennlə Rusiyanın Ukraynanı demilitarizasiya etmək üçün keçirdiyi xüsusi əməliyyat fonunda görüşüb.
Penn Prezident Adminstrasiyasında olub.
O, Baş nazirin müavini İrina Vereşuk, həmçinin bəzi yerli jurnalistlər və Ukrayna hərbçiləri ilə söhbət edib.
“Rejissor hazırda Ukraynada baş verən bütün hadisələri lentə almaq və Rusiyanın ölkəmizə təcavüzü ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün xüsusi olaraq Kiyevə gəlib. Ölkəmiz ona belə cəsarət və dürüstlük nümayiş etdirdiyinə görə minnətdardır”, – Ukrayna hökumətinin bəyanatında deyilir.
Şon Penn sənədli filmin çəkilişləri ilə əlaqədar hələ 2021-ci ilin noyabrında Ukraynaya səfər etmişdi.
13.44
“Rusiyanın SWIFT-dən (red: qlobal banklararası ödəniş sistemi) çıxarılması son çarədir”.
Fransanın maliyyə naziri Bruno Le Maire belə düşünür.
Avropa İttifaqı və ABŞ-ın Ukraynaya müdaxiləyə cavab olaraq tətbiq etdiyi sanksiyalara Rusiyanı SWIFT-dən çıxarmağı əlavə etməyib.
Avropa İttifaqı maliyyə nazirlərinin görüşündən öncə Le Maire demişdi ki, ən son çarə SWIFT-dən çıxarmaqdır: “Lakin bu, masada qalacaq variantlardan biridir”.
Ukrayna hökuməti isə bu addımı atmayan ölkələrə “əlləri qana bulaşacaq” deməsindən sonra bu istiqamətdəki müzakirələr qızışdı.
Bundan sonra Bundestaqın Xarici Əlaqələr Komitəsinin rəhbəri Norbert Röttgen Almaniyanı SWIFT-lə bağlı yenidən düşünməyə çağırıb.
13.26
Rusiya Britaniya üçün hava məkanını məhdudlaşdırır
“Ria Novosti” yazır ki, Rusiya tranzit də daxil olmaqla bütün Britaniya uçuşları üçün öz hava məkanından istifadəni məhdudlaşdırır.
Bu addım Böyük Britaniya hökumətinin cümə axşamı elan etdiyi geniş sanksiyalar paketindən sonra atılıb.
Həmin məlumatda bildirilirdi ki, Rusiyanın milli aviadaşıyıcısı “Aeroflot”un Britaniya hava məkanına girişinin qadağan ediləcək.
13.03.
XİN Azərbaycan vətəndaşlarına müraciət etdi: “Moldovaya gedə bilərsiniz”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada yaranmış vəziyyətlə əlaqədar yenidən ölkə vətəndaşlarına müraciət edib.
XİN bildirir ki, hazırda Ukraynanın hava məkanı bağlıdır. Odur ki, Azərbaycan vətəndaşları Ukraynanı hava nəqliyyatı vasitəsilə tərk edə bilmir.
“Ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova Respublikasının ərazisinə keçə bilər”, – deyə müraciətdə bildirilir.
Nazirlik qeyd edir ki, Moldova tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan vətəndaşlarından COVID-19 pasportu və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək:
“Vətəndaşlarımız Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi ilə +373 781 81 361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə və chisinau@mission.mfa.gov.az elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər…”.
13.00
“Rusiya ordusu Kiyevə doğru irəliləyir”
Kiyevdən 60 km şimal-qərbdə yerləşən İvankovda ağır döyüşlərin getdiyini bildirir.
“Ən ağırı bu gün olacaq. Düşmənin planı tanklarla İvankov və Çernihov cəbhəsini yarıb Kiyevə irəliləməkdir”, – Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşçenko belə deyib.
O bildirib ki, bu gecə hava hücumu nəticəsində Kiyevdə yaşayış binası partladılıb.
12.56.
Taliban Rusiya və Ukraynanı “böhranı dialoq və sülh yolu ilə həll etməyə” çağırıb
Rusiyanın Ukraynaya müdaxiləsində tərəfsiz olduğunu bəyan edən Taliban rejimi iki ölkəni problemləri dialoq və sülh yolu ilə həll etməyə çağırıb.
Taliban hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi bildirib ki, Taliban administrasiyası Ukraynadakı hadisələri diqqətlə izləyir və mülki əhali arasında itkilərin artmasından narahatdır.
Belhi hər iki tərəfin geri addım atmasının vacib olduğunu vurğulayıb: “Bütün tərəflər şiddəti gücləndirə biləcək mövqeləri dayandırmalıdır”.
Kiyevdə yaşayış binası raketlə vurulub
Ukraynanın paytaxtı Kiyevin raket atəşinə tutulması haqda məlumat var.
BBC yazır ki, fevralın 25-də səhər saatlarında ən azı bir bina raket zərbəsinə məruz qalıb.
Kiyev meri bildirib ki, raket zərbələri nəticəsində azı üç nəfər yaralanıb.
Prezidenti Volodimir Zelenski də videomürafiət edərək Rusiya təxribatçılarının artıq Kiyevə daxil olması haqda məlumatlı olduğunu bildirib. Prezident Kiyevdə qalacağına söz verib.
“Reuters” yazır ki, Rusiya qurudan, havadan və dənizdən hücuma başlayıb. Partlayışlar və atışmaların böyük şəhərləri sarsıtması nəticəsində təxminən 100.000 insan qaçıb. Onlarla adamın öldüyü bildirilir.
ABŞ və Ukrayna rəsmiləri deyirlər ki, Rusiyanın hücumu Kiyevi ələ keçirmək və Putinin ABŞ-ın marioneti hesab etdiyi hökuməti devirmək məqsədi daşıyır. Rusiya qoşunları Belarusdan şimala doğru Kiyevə ən qısa marşrutla irəliləyərkən Kiyevin şimalında yerləşən keçmiş Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirib.
Zelenski videomüraciətində bir neçə cəbhədə şiddətli döyüşlərin getdiyini bildirib: “Düşmən məni bir nömrəli hədəf kimi görür. Mənim ailəm iki nömrəli hədəfdir. Onlar dövlət başçısını məhv etməklə Ukraynanı siyasi cəhətdən məhv etmək istəyirlər”.
“Paytaxtda qalacağam. Ailəm də Ukraynadadır”, – Zelenski qeyd edib.
Prezident Qərb müttəfiqlərinə Ukraynaya kömək etmək və Rusiyanın qəddar hücumunu dayandırmaq üçün bir daha müraciət edib. Zelenski xalqa müraciətində “Bu səhər biz təkbaşına dövlətimizi müdafiə edirik. Dünən olduğu kimi, dünyanın ən güclü qüvvələri uzaqdan baxır”, deyib.- “Rusiya dünənki sanksiyalardan razı qaldımı? Biz səmamızda eşidirik və yerdə görürük ki, bu, kifayət deyil”.
ABŞ Dövlət katibi Antoni Blinken CBS telekanalına Zelenskinin təhlükəsizliyindən narahat olub-olmaması ilə bağlı suala belə cavab verib: “Mənim bildiyimə görə, Prezident Zelenski Ukraynada öz postunda qalır və əlbəttə ki, biz bütün dostlarımızın təhlükəsizliyi üçün narahatıq”.
“The Guardian” yazır ki, Blinken Kiyevin “mühasirəyə düşə biləcəyini” istisna etməyib.