Prezident ölkə əhalisinin soyuq və qaranlıqda qaldığını deyir
Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatından (BMT) Rusiyanı cəzalandırmasını xahiş edib. Bildirib ki, onların təcavüzü nəticəsində bu gün ukraynalılar soyuqdan və qaranlıqdan əziyyət çəkir.
BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident qeyd edib ki, qarşıdan qış gəlir və Ukrayna şəhərlərini yenə qaranlığa və soyuğa qərq edən mülki infrastruktura hava zərbələri endirilir. O, BMT-ni Rusiyaya qarşı hərəkətə keçməyə çağırıb. Noyabrın 23-də Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib.
Nəticədə 10 nəfər həlak olub. Həmin zərbələr nəticəsində atom elektrik stansiyalarının fəaliyyətini dayandırmağa məcbur olublar. Bu da bir çox yerdə su və elektrik təchizatının kəsilməsinə səbəb olub.
“Bir günün içində 70 raket zərbəsi almışıq. Bu, Rusiyanın terror düsturudur. Bütün bunlar bizim enerji infrastrukturumuza ciddi ziyan vurub”, – iclasa onlayn qoşulan Zelenski bildirib.
O əlavə edib ki, raketlər xəstəxanalar, məktəblər, nəqliyyat, yaşayış məntəqələrinə baxmır, hər yerə endirilir.
Zelenski BMT-dən Rusiyanı cəzalandırmasını xahiş edib. Deyib ki, son zamanlar Rusiyanın elektrik şəbəkələrini hədəf alması elektrik kəsilməsi hallarını artırıb. ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild deyib ki, Rusiya Prezidenti Vladimir Putin “Ukrayna xalqına böyük əzab vermək üçün qışdan silah kimi istifadə etməyə hazırlaşır”. Kiyev qubernatoru hazırda 3 milyondan çox insanın yaşadığı bütün Kiyev regionunda elektrik enerjisi və suyun kəsildiyini bildirib. Əlavə edib ki, hazırda Ukraynanın çox hissəsi oxşar problemlərlə üzləşib və bəzi bölgələr enerjiyə qənaət etmək üçün fövqəladə işıqlandırma tətbiq edib. Moskva isə raket zərbələrinə əsas kimi bildirib ki, məqsədi Ukraynanın döyüş qabiliyyətini zəiflətmək və onu danışıqlara sövq etməkdir.