“ABŞ-ın Ukraynaya yardımı xeyriyyə yox, demokratiyaya edilmiş sərmayədir”
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresində çıxış edib.
Çıxışında müharibəni tiranlığa qarşı demokratiyanın döyüşü kimi təsvir edən Zelenski Rusiyanın işğalını dəf etmək üçün ABŞ Konqresindən tanklar, təyyarələr və daha çox pul istəyib.
Bu, Rusiyanın Ukraynaya hücumundan sonra Prezident Volodimir Zelenskinin xaricə ilk səfəridir.
“ABŞ-ın dəstəyi çox vacibdir. Gələcək dəstəklər qarşıdan gələn il müharibənin gedişatını dəyişə bilər. Rusiyaya qarşı sanksiyalar artırılmalı, müharibəyə görə məsuliyyət daşıyan ruslar məsuliyyətə cəlb olunmalıdır”, – Zelenski bildirib.
O, konqresdə düz 27 dəqiqə çıxış edib. Deyib ki, ABŞ-ın dəstəyi təkcə, müharibənin dayanması üçün yox, həm də döyüş meydanında qalib gəlmək üçün dönüş nöqtəsinə çatmaqda önəmlidir:
“Bu yöndən baxanda, əslində, ABŞ-ın Ukraynaya maliyyə dəstəyi “xeyriyyə” deyil, “qlobal təhlükəsizlik və demokratiyaya yatırılmış sərmayədir. Biz onu məsuliyyətlə idarə edirik”, – Zelenski əlavə edib.
Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Co Biden ilə görüşündən sonra bu çıxışı edib.
Daha çox yardımın vacib olduğunu söyləyən, Zelenski nitqini təkcə, orada iştirak edən qanunvericilərə yox, həm də ABŞ və dünyanın hər yerindən olan sadə insanlara yönəldib.
Zelenski xəbərdarlıq edib ki, qələbədən başqa istənilən nəticə azad dünyaya, həmçinin Birləşmiş Ştatlara “təhdiddir”:
“Ukraynanın müdafiəsi yalnız ukraynalıların həyatı, azadlığı və təhlükəsizliyi uğrunda deyil. Bu, ukraynalılar və amerikalılar üçün demokratiyanın olub-olmayacağını müəyyənləşdirəcək”.
Zelenskinin səfəri Konqresdə Ukraynaya 45 milyard dollarlıq əlavə hərbi yardım nəzərdə tutan layihəsinə səsvermə ərəfəsində baş tutub.
Ukrayna Prezidentinin çıxışını Matt Gaetz və Lauren Boebert kimi daha çox yardımın əleyhinə olan bəzi respublikaçılar sönük alqışlayıb.
Qalan iştirakçılar isə onun nitqini dəstəkləyib.
Amerikanın dəstəyinin əlaməti olaraq, Bayden administrasiyası dekabrın 21-də Ukraynaya 1,85 milyard dollar əlavə hərbi yardım, o cümlədən ölkənin müdafiəsini gücləndirmək üçün “Patriot” raket batareyası verəcəyini elan edib.
Ağ Evdə Bayden Zelenskiyə Amerika xalqının “hər addımda” onun yanında olduğunu və “nə qədər lazımdırsa, sizinlə qalacağıq”, – deyib.
“Əgər sizin “Patriot”larınız şəhərlərimizə qarşı Rusiya terrorunu dayandırsa, bu, ukraynalı vətənpərvərlərə azadlığımızı müdafiə etmək üçün tam işləməyə imkan verəcək”, – deyə Zelenski Baydenin göndərəcəyinə söz verdiyi yüksək texnologiyalı hava hücumundan müdafiə sisteminə istinad edərək deputatlara bildirib.
O əlavə edib ki, Ukraynada artilleriya və mərmi var, lakin o bunun bəs olub, olmamasına əmin deyil: “Bəsdirmi? Düzünü desəm, əslində yox, bəs deyil”.
Yanvarda palataya nəzarəti ələ alacaq Respublikaçı Partiyasının bir çox üzvü ABŞ iqtisadiyyatında problemlər, inflyasiyanın yüksək olduğu bir dönəmdə Ukraynaya nəhəng yardım edilməsinə qarşıdır.
Demokrat partiyasının bəzi üzvləri isə hərbi yardımın Rusiyanı provokasiya edə biləcəyindən narahatdır.
Müharibə başlayandan bəri ABŞ, NATO üzvləri və digər müttəfiqlərinin köməyi ilə Ukrayna Moskvanı döyüş meydanında dəfələrlə məğlubiyyətə uğradıb.
Rusiya tanklarının Kiyevə hərəkəti məhdudlaşdırılıb, hətta Rusiya bəzi ələ keçirilən ərazilərdən qoşunlarını geri çəkib. Buna baxmayaraq, Rusiya hücumlarına davam edir, mülki və enerji infrastrukturunu hədəf alır və milyonlarla insanı qışda işıqsız və istiliksiz qoyur.
Odur ki, Zelenski konqresdən daha çox pul, silah tələb edib. Bildirib ki, bu mübarizə uşaqlarının və nəvələrinin hansı dünyada yaşayacağını müəyyənləşdirəcək:
“Bu, amerikalılar, ukraynalılar, hamı üçün demokratiya olub-olmayacağını müəyyən edəcək”.
Çıxışının sonunda Zelenski vitse-prezident Kamala Harrisə və Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə çevrilərək onlara bir gün əvvəl cəbhə xəttində rastlaşdığı əsgərlərin imzaladığı Ukrayna bayrağını verib.
Zelenski Vaşinqtona getməzdən əvvəl Putin açıqlama verərək bildirmişdi ki, müharibə üçün hərbi xərclərə “heç bir məhdudiyyət” qoyulmayacaq.
Rusiyanın müdafiə naziri isə bildirib ki, Rusiya Ukraynada hərbi məqsədlərini həyata keçirmək üçün ordusunu dörddə birdən çox artıraraq, 1,5 milyon nəfərə çatdıracaq.