O, planı Bayden, Harris və Trampa təqdim edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı 3 ayda cəbhədə baş verən hadisələrin müharibənin nəticəsinə ciddi təsir edəcəyini deyib.
Onun sözlərinə görə, bu hadisələr Rusiya-Ukrayna müharibəsində nələrin baş verəcəyini müəyyən etməyə və proqnozlaşdırmağa əsas verəcək.
Bu barədə Volodimir Zelenski oktyabrın 25-də ABŞ-yə uçduğu təyyarədə səfər barədə çıxışında danışıb.
ABŞ-də Zelenskinin “Qələbə planını” Prezident Co Baydenə, ardınca hazırkı namizədlər Kamala Harris və Donald Trampa təqdim edəcəyi deyilir.
Sentyabrın 24-də BMT Baş Assambleyasında çıxışı zamanı Ukrayna lideri bildirib ki, dünyanın dinc gələcəyə və davamlı inkişafa ehtiyacı var.
“Ölkəmiz Rusiyanın qəddar müstəmləkə təcavüzünə müqavimət göstərir. Hər bir dağıdılmış Ukrayna şəhəri Rusiyanın beynəlxalq cinayət törətdiyinin sübutudur”.
O, Rusiya hakimiyyətini Ukraynanın üç atom elektrik stansiyasına hücum planlaşdırmaqda ittiham edib:
“Putin o qədər norma və qaydaları pozub ki, özü də artıq dayana bilməyəcək və buna görə də müharibəni sadəcə olaraq “dondurmaq” mümkün deyil, ona görə də Rusiya sülhə məcbur edilməlidir”.
“Bir gün bu salonda mütləq deyəcəklər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatıb: dondurulmayıb, dayandırılmayıb, unudulmayıb – həqiqətən də bitib. Bu da ona görə baş verməyəcək ki, kimsə müharibədən yorulub. Ona görə yox ki, kimsə Putinlə nə isə bazarlıq edib. Rusiyanın Ukraynaya qarşı müharibəsi bitəcək, çünki BMT Nizamnaməsi işləyəcək”, – deyə Zelenski əlavə edib.
Zelenskinin ABŞ səfərindən əvvəl ilk dəfə “qələbə planı” haqqında Böyük Britaniyanın “The Times” qəzeti öz mənbələrinə istinadən yazıb.
Nəşr planın dörd əsas bəndini dərc edib:
“Qərbdən Ukrayna üçün “NATO-ya daxil olanda qarşılıqlı müdafiə paktı kimi” təhlükəsizlik təminatları; Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatının davam etdirilməsi; “Xüsusi” müasir silahların təchizatı və Ukraynanın dağılmış iqtisadiyyatını bərpa etmək üçün beynəlxalq maliyyə yardımı”.
Ukrayna Prezidentinin ofisi jurnalistlərin rəsmi sənədlərlə tanış ola bilməyəcəyini açıqlayıb, amma nəşrin məzmunu ilə bağlı mübahisə də etməyib.
Politoloq Mixail Savvanın fikrincə, bu da prosesin müsbətə doğru getməsinə ümid etməyə əsas verir:
“Yazılanlar həqiqətdir və Zelenskinin özü də NBC-yə müsahibəsində planda əslində 5 bənd olduğunu bildirib”.
Zelenski özü isə plan barədə CNN-ə müsahibəsində danışıb:
“Bizim üçün qələbə çox güclü olmaq və güclü diplomatiyaya hazır olmaqdır. Ona görə də mən bir neçə bənd hazırladım, onlardan dördü əsasdır, biri isə müharibədən sonra bizə lazım olacaq”.
Müharibənin xronikası
2022-cil ildə Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.
Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.