Kəmalə Ağazadə: “Xeyirxah insanların dəstəyi ilə bağçanı 40-dək uşağın istifadəsinə verdik”
Azərbaycan Uşaqlar Birliyi (AUB) Füzuli rayonunun Qayıdış qəsəbəsindəki 7 saylı körpələr evi və uşaq bağçasını təmir etdirib.
Birliyin sədri Kəmalə Ağazadənin sözlərinə görə, bunu atışma nəticəsində həyatını itirən Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın xatirəsinə ediblər.
“Bu, qrant layihəsi deyil. Sadəcə xeyirxah insanların dəstəyi ilə bağçanı təmir etdirib, 40-dək uşağın istifadəsinə verdik”.
Bu bağçada qəsəbədə yaşayan şəhid ailələri, Qarabağ qaziləri və aztəminatlı ailələrdən olan 3 yaşdan 6 yaşadək uşaqlar təlim-tərbiyə alır.
“3 otaqdan ibarət bu kiçik bağçanın təmirə və eyvanının hörülməsinə ehtiyac var idi. Sosial şəbəkələrdə etdiyimiz paylaşımdan sonra mərhəmətli insanlar təmir üçün lazım olan ləvazimatları, tikinti materiallarını Azərbaycan Uşaqları İctimai Birliyinin Regionlar üzrə Departament rəhbəri Nigar Bayramlıya çatdırdılar. Təmir işlərinin aparılmasına nəzarət və təmirdən sonra əşyalarla təmin edilməsinə nəzarət edildi. 35 azyaşlı müvafiq ləvazimatlarla təmin olundu, təmirə qədər onsuz da yararsız vəziyyətdə olan məişət avadanlıqlıqları dəyişdirildi” – Kəmalə Ağazadə qeyd edib.
İyulun 4-də saat 20 radələrində Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. Nəticədə 2015-ci il təvəllüdlü Zəhra Elnur qızı Quliyeva və nənəsi Sahibə İdris qızı Quliyeva həlak olublar.