“Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib”
Atışma nəticəsində həyatını itirən Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın valideynləri Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən aldadıldığını iddia edir. Məlumatı “Yenicag.az” yayıb.
Xəbərdə deyilir ki, Zəhra Quliyevanın atası Elnur Quliyev məsələ ilə bağlı ölkə başçısına məktub ünvanlayıb. Məktubda bildirilir ki, rayon icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur.
Elnur Quliyev məsələni “Yenicag.az”-a təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəməyib:
“Bu məsələni özüm həll edəcəm. Xahiş edirəm, heç kim qarışmasın. Özüm Prezident Aparatının qarşısına çıxacam. Mən kimləri kreslodan yıxacağımı bilirəm”.
Qənimət Əliyev isə ortada ciddi anlaşılmazlıq olduğunu deyib:
“Bu, Zəhranın ruhuna yad mövqedir. Burada ciddi anlaşılmazlıq var. Biz həmin ailə ilə söhbət etmişik. Bizə torpaqlarını atıb, getməyəcəklərini bildiriblər. Hazırda həmin evdə 3 nəfər yaşayır və mənzil şəraitləri də yaxşılaşdırılıb. İcra hakimiyyəti tərəfindən digər şəhid ailələri kimi onlara da qayğı göstərilir. Biz bu mövqe ilə razılaşmırıq. Bir daha bəyan edirəm ki, burada ciddi anlaşılmazlıq var. Bizimlə bağlı belə bir müraciətin daxil olduğuna inanmıram”.