Zəfər Əhmədov: Yanvarın 21-dən ölüm aclığına başlamaqda qərarlıyam

”Ən azı, səfirlik nümayəndələri aclıq aksiyası keçirənlərə baş çəkib tələblərini dinləyənə kimi aksiyasını dayandırmağı məqbul hesab etmirəm”

Source:
Zəfər Əhmədov
Zəfər Əhmədov


”Ən azı, səfirlik nümayəndələri aclıq aksiyası keçirənlərə baş çəkib tələblərini dinləyənə kimi aksiyasını dayandırmağı məqbul hesab etmirəm”

“Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!” tələbilə aclıq aksiyası keçirənlərdən biri – Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü Zəfər Əhmədov yanvarın 21-dən ölüm aclığına başlaya bilər. Bu barədə Z.Əhmədov özü açıqlama yayıb.

Məhbus Ailələri Koordinasiya Mərkəzinin də koordinatoru olan Z.Əhmədov həbsdə olan siyasi fəallardan AXCP Gənclər Komirəsinin üzvü Fuad Əhmədlinin atasıdır. O, yanvarın 17-dən aclıq edir.

“Kütləvi çıxışlarda aksiyaya ötəri də olsa, diqqət ayrılmaması ən azı, bu aksiyanı başlamış şəxslərə, o cümlədən siyasi məhbuslara sayğısızlıqdır. “19 yanvar mitinqi aclıq aksiyasının davamı idi” deyənlərin isə yadına salıram ki, böyük-kiçikliyindən asılı olmayaraq, heç bir aksiya qarşısına qoyduğu məqsədlərə çatmamış dayandırıla bilməz. Aclıq aksiyası, piket, mitinq, yürüş və s. də son məqsədə çatmaq üçün vasitədir, bir-birini tamamlaya bilər, əvəz edə bilməz. Bunları nəzərə alıb, Mehman Hüseynova açılmış saxta cinayət işi bağlanana, ən azı, səfirlik nümayəndələri aclıq aksiyası keçirənlərə baş çəkib tələblərini dinləyənə kimi aksiyasını dayandırmağı məqbul hesab etmirəm. Müraciətim gözlədiyim effekti verməsə, 21 yanvardan ölüm aclığına başlamaqda qərarlıyam”, – Z.Əhmədov bildirib.

Z.Əhmədov Müsavat Partiyasının qərargahında aclığı davam etdirir. Həbsdən çıxmasına az qalmış haqqında yeni cinayət işinin başlanmasına etiraz olaraq aclıq edən bloger Mehman Hüseynova dəstək məqsədilə ictimai-siyasi fəallar da yanvarın 4-dən aclıq aksiyasına başlayıb. Bu aksiyaya qoşulanlar arasında jurnalist Xədicə İsmayıl, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və başqa çoxsaylı fəallar olub. Hazırda aksiyanı üç nəfər davam etdirir – Zəfər Əhmədov, həbsdə olan cəbhəçi gənc Orxan Baxışlının atası Rafiq Baxışov və təkbaşına etiraz aksiyaları keçirdiyinə görə “Tək adam” ləqəbilə tanınan Füzuli Hüseynov.

Bloger M.Hüseynov 2017-ci il martın 3-də Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında olunub. Həmin gün Suraxanı Rayon Məhkəməsində bloger Cinayət Məcəlləsinin 147-ci (böhtan atma) maddəsilə təqsirli bilinərək, 2 il azadlıqdan məhrum edilib. Polis rəisi iddia edir ki, Mehman paytaxtın mərkəzində mülkigeyimli polislər tərəfindən başına torba keçirilərək Nəsimi Rayon Polis İdarəsinə gətirilməsi, bu idarədə işgəncələrə məruz qalması haqda müsahibəsilə ona böhtan atıb, işgüzar nüfuzuna zərbə vurub.

Dekabrın 26-da M.Hüseynovun haqqında yeni cinayət işi başlanıb. Bu dəfə o, saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı Əli Abdalova xəsarət yetirməkdə ittiham olunur.

M.Hüseynov ittihamı rədd edir və onu həbsdən buraxmamaq üçün saxta cinayət işi hazırlandığını bildirir.

Ana səhifəXəbərlərZəfər Əhmədov: Yanvarın 21-dən ölüm aclığına başlamaqda qərarlıyam