“Zaxarovanın dedikləri İlham Əliyevin fikirləri ilə ziddiyyət təşkil etmir”

Yazar: Emil Məmmədli

Rusiya sülhməramlıları, Emil Aliyarli/shutterstock

Rusiya sülhməramlılarının qaydaları suverenliyə təhlükədirmi? 

Azərbaycan Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekres haqqında dedikləri təkcə bu ölkədə deyil, həmçinin Ermənistan və Rusiya rəsmi dairələrində də birmənalı qarşılanmayıb.

Rusiya XİN-də nazirliyin sözçüsü Mariya Zaxarovanın ənənəvi brifinqi zamanı erməni jurnalistin sualı və ona verilən cavab Moskva və Yerevanın bu məsələdə eyni mövqeni bölüşdüklərini nümayiş etdirir.

İlham Əliyev yanvarın 12-də yerli telekanallara müsahibəsi zamanı Rusiya sülhməramlılarının Pekresin Azərbaycan ərazisinə icazəsiz daxil olması ilə bağlı izahatını səsləndirib.

Azərbaycan prezidenti qeyd edib ki, belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılıb:

“Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz”.

Mənbə: President.az

İlham Əliyev deyib ki, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər.

“Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir”, – İlham Əliyev deyib.

“Sülhməramlılar qaydalar müəyyən edib”

Rusiya XİN sözçüsü Mariya Zaxarova bu bəyanat barədə erməni jurnalistin sualını cavablandırarkən deyib ki, Rusiya sülhməramlı kontingentinin rəhbərliyi tərəfindən cavabdeh olduğu ərazilərə gəliş-gediş, o cümlədən xarici vətəndaşlar, beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri barədə qaydalar hazırlanıb və bu qaydalar Azərbaycan və erməni tərəfinə yaxşı məlumdur.

“Nəzərdə tutulub ki, belə səfərlər zamanı vaxtından əvvəl Rusiya sülhməramlılarına məlumat verilməlidir”, –

Mariya Zaxarova
Source: Lenta.ru

Mariya Zaxarova deyib. Bununla belə, Mariya Zaxarova tam olaraq Valeri Pekresin səfərindən sülhməramlıların xəbərdar olub-olmamasını deməyib və onun cavabını hər iki tərəfə yozmaq olar.
 
“Azərbaycanın suverenliyi kobud şəkildə pozulur”

Siyasi təhlilçi Şahin Cəfərli „Pressklub.az“ saytında Rusiyanın özünü Qarabağın sahibi kimi apardığını yazıb.

O bir dövlətin ərazisinə giriş-çıxış qaydalarının başqa bir dövlət (onun ordusu) tərəfindən müəyyən olunmasını absurd sayır. 

Şahin Cəfərli
Foto: Şahin Cəfərlinin şəxsi arxivi

“Aydındır ki, bu, Azərbaycan Konstitusiyasının, ölkənin suverenliyinin kobud pozuntusudur. Zaxarovanın sözlərindən belə məlum olur ki, Moskva özbaşına hansısa qaydalar müəyyən edib və bu barədə Bakını sadəcə olaraq, məlumatlandırıb. Diplomat xanım Azərbaycan tərəfinin həmin qaydalara rəsmi razılıq verib-vermədiyi barədə heç nə deməyib. Böyük ehtimalla belə bir razılıq yoxdur. Hətta Azərbaycan hökuməti buna rəsmi razılıq veribsə belə, bu da qeyri-konstitusiondur”, – Şahin Cəfərli yazıb.   

“Azərbaycanın rəsmi orqanları Zaxarovanın söylədiklərini təkzib etmirsə, deməli, razılıq var”

Məsələni Meydan TV üçün şərh edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, əgər Mariya Zaxarovanın dediyi kimi Azərbaycan tərəfiylə razılaşdırılıbsa, bu məsələyə əvvəlcə Azərbaycanın rəsmi qurumları reaksiya verməliydi.

“Yox, əgər razılaşdırılmayıbsa, o zaman Zaxarova yalan danışır. Qoy, rəsmi orqanlar desinlər ki, yalandır, amma heç kəs səsini çıxartmır”, – Mehman Əliyev deyib. 

Agentliyin direktoru hesab edir ki, Azərbaycan hökumətinin Rusiya sülhməramlı qüvvələrlə hansı razılaşdırma əldə etdiyini bilmirik.

“Yəni bu razılaşdırma şifahi, yoxsa yazılıdır? Bütövlükdə hansı qaydaların tətbiq olunduğunu bilmirik, hökumət bizə heç nə göstərmir. Fakt odur ki, Zaxarova Azərbaycan tərəfinin sülhməramlıların qaydalar müəyyənləşdirməsi haqda razılıq verdiyini deyib. Biz sadəcə, kənardan seyr edib görürük, ancaq birbaşa müdaxilə edə bilmirik”, – Mehman Əliyev deyib.       

Bununla belə, Mehman Əliyev hesab edir ki, Pekresi Qarabağa keçirəndə ola bilər ki, rusların xəbəri olmasın, amma sülhməramlıların Pekresin Xankəndində gəzməsindən, görüşlərə qatılmasından xəbəri olmalıydı:

“Çünki ərazi Rusiyanın tam nəzarətindədir və kifayət qədər agenturası da işləyir. İkinci, Pekres icazəsiz keçibsə, o zaman sülhməramlılar onu bölgədən dərhal çıxarmalıydı. Əlavə olaraq bu işi gerçəkləşdirənləri də cəzalandırmalıydı. Amma bunların heç biri olmayıb. Bu o deməkdir ki, Rusiya sülhməramlıları Fransa vətəndaşının bölgəyə gəlməsindən məlumatlıydı”.

Mehman Əliyev
Source: Foto: Meydan TV

Zaxarovanın dediklərinin bundan sonra da Qarabağa qeyri-qanuni səfərlərin davam edəcəyinin göstəricisi olub-olmamasına münasibət bildirən, ekspert deyib ki, əgər Azərbaycan tərəfi səfərlərə razılıq veribsə, bu, qeyri-qanuni deyil.

“Əgər Azərbaycan tərəfi deyirsə ki, dəhliz sənin nəzarətində olduğundan qaydaları da özün müəyyənləşdirirsən, o zaman hansı qeyri-qanunilikdən söhbət gedir? Yox, Azərbaycan Rusiyayla razılaşdırmayıb, öhdəlik verməyibsə, o başqa məsələ. O zaman desinlər ki, biz müəyyənləşdiririk, sülhməramlılar yox. Əgər Azərbaycanın rəsmi orqanları Zaxarovanın söylədiklərini təkzib etmirsə, deməli, ortada razılıq var. Bəli, dövlət başçısı “Laçın dəhlizinə tam nəzarət edirik” deyir, amma vizual olaraq hərəkətlənməni görürük. İkinci, o cür nümayəndə heyətləri gələndə, Xankəndindən də bizə məlumat verirlər”, – Mehman Əliyev deyib.

“Sülhməramlıların fəaliyyətində korrektələr olmalıdır”

Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov da hesab edir ki, Zaxarovanın dediklərinə mütləq şəkildə Azərbaycandan rəsmi mövqe bildirilməlidir və məsələ diplomatik qaydada öz həllini tapmalıdır. 

Bundan başqa, sabiq nazirin fikrincə, Zaxarovanın dedikləri Azərbaycan Prezidenti İlham Əliyevin “Laçın dəhlizinə tam nəzarət edirik”, “Rusiya tərəfi Pekresin gəlişindən xəbərdar olmadıqlarını bildiriblər” kimi sözləri ilə ziddiyyət təşkil etmir. 

“Çünki nəzarət olunması ayrı mövzudur. Bölgədə sərhəd problemi var və Azərbaycanın beynəlxalq sərhədi mövcuddur. Söhbət ondan gedir ki, sərhədə aid qanunun icrası tələb olunmalıdır”. 

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: Axar.az

Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan tərəfi Zaxarovanın açıqlamalarına münasibəti o şəkildə bildirməlidir ki, bu məsələ öz həllini tapmalıdır.

“Əslində, dövlət başçısı da məsələnin həllinin tapmasına toxunub, yəni problem mövcuddur. Tam mövqe o demək deyil, biz indiki mərhələdə tələb edirik ki, sülhməramlılar fəaliyyətini dayandırsın və getsin. Sadəcə, onların fəaliyyətində hansısa korrektələr olmalıdır”.

Ana səhifəSiyasət“Zaxarovanın dedikləri İlham Əliyevin fikirləri ilə ziddiyyət təşkil etmir”