Rəsmi Moskva ABŞ və Fransanı günahlandırıb
“ATƏT-in Minsk Qrupunun formatı hələ 2022-ci ilin fevralında “tarixin zibilliyi”nə atılıb”.
Bunu fevralın 17-də Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Mariya Zaxarova yaranmış mövcud vəziyyətdə amerikalı və fransalı həmsədrləri günahlandırıb.
Onun sözlərinə görə, o zaman amerikalı və fransalı həmsədrlər uydurma bir bəhanə ilə rusiyalı həmkarları ilə qarşılıqlı əlaqəni dayandırıblar.
“Bununla bağlı heç bir aydın izahat yox idi. Bunu nəzərə alaraq, biz ən yüksək səviyyədə müvafiq sazişlər toplusu əsasında, üçtərəfli formatlar çərçivəsində Bakı və Yerevana yardım göstərməyə diqqət yetirmişik”, – deyə Zaxarova fikrini tamamlayıb.
Ötən ilin aprelində də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Minsk Qrupuna görə ABŞ və Fransanı günahlandırmışdı:
“ABŞ və Fransa ATƏT-in Minsk Qrupu üçlüyünü ləğv etdi”.
İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan rəsmiləri dəfələrlə Minsk Qrupunun fəaliyyətini tənqid edərək onun fəaliyyətinin bitdiyinə eyham vurublar. Hətta ölkə başçısı İlham Əliyev də qrupun fəaliyyətinin münaqişənin həllində heç bir rolu olmadığını deyib.
Minsk Qrupunun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayıb.
Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.
1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib.
Ardınca Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk Qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul olunub.
Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən ona əvvəlcə Finlandiya ilə Rusiya, 1995-1996-cı illərdə İsveç və Rusiya başçılıq edib.
1997-ci ilin yanvarından ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.
Xatırlatma
Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.
Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.
90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.
2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.