İlqar Vəlizadə: ”Vaşinqton maraqlarını arxa plana qoysa, regionda vəziyyət dəyişə bilər”
“İnanmıram ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda liderliyi Rusiyaya versin”.
“Report”un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova avqustun 25-də keçirdiyi brifinqdə bildirib.
ABŞ dövlət katibi Con Kerrinin iyulun 14-də Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda liderliyin Rusiyaya verilməsi ilə bağlı təklif irəli sürməsi haqda sualı cavablandıran XİN rəsmisi deyib: “İnanmıram ki, ABŞ hər hansı bir məsələdə liderliyi Rusiyaya versin. Belə olsa, bu, əsl irəliləyiş olar”.
Mariya Zaxarovanın açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi İlqar Vəlizadə bildirib ki, regiondakı siyasi proseslərə nəzarət etmək uğrunda mübarizə aparılır və bu liderlik mövcud konfliktlərin tənzimlənməsi üzərində qurulub: “Baxmayaraq ki, regiondakı bütün konfliktlərin əsas “meneceri” Rusiyadır, digər iştirakçılar, xüsusilə Amerika şimal ölkənin liderliyilə barışmır və müxtəlif formalarda mübarizə aparır. Əslində, Zaxarova əsas rəqib kimi Amerikanı gördüklərini söyləyib. Düzdür, nəzarət rusiyanın əlindədir, ancaq Kreml həmişə belə davam edə bilməyəcəyini də anlayır. Ona görədə, rəqiblərini və cəhdlərini nəzərə almalı olur”.
İ.Vəlizadə hesab edir ki, əslində, ABŞ-ın liderlik planı olmayıb. Sadəcə, Vaşinqton maraqlarını arxa plana qoysa, nəinki konfliktlər, regionda vəziyyət dəyişə bilər. Bu isə mümkün deyil”.