Zavod direktoru: “İcra hakimiyyətinin bina tikintisinə beton vermək üçün baş mühasibə 2-3 min manat verdim”

Source: Meydan Tv

Keçmiş icra başçısının məhkəməsində şahidlər dindirilir

2020-ci ilin mayında İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Vilyam Hacıyevin məhkəməsi davam edir.

Martın 5-də keçirilən məhkəmə iclasında İmişli rayonunun Qızılkənd icra nümayəndəsi olmuş Daxil Abdullayev dindirilib. O bildirib ki, 2017-ci ildə bu vəzifəyə təyin edilib, 2020-ci ildən isə işsizdir: “Əvvəl icra hakimiyyətində mühasib işləyirdim. 2017-ci ildə Vilyam müəllim mənə etimad göstərdi”.

Daxil Abdullayev deyib ki, icra nümayəndəsi vəzifəsinə təyin olunmaqdan ötrü icra başçısına rüşvət verməyib. Amma İmişli rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanlarıyla iş şöbəsinin müdiri Mirzə Quliyevə pul verdiyini təsdiqləyib.

Şahidin istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət olduğuna görə onun istintaqdakı ifadəsi elan edilib. O, həmin ifadəsində bildirib ki, icra nümayəndəsi təyin olunmaq üçün 5000, sonradan əmək müqaviləsini uzatmaq üçün də 2000 manat verib.

Daxil Abdullayev bu məsələ ilə əlaqədar sualı cavablandırarkən bildirib ki, həmin vəsaiti icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyevə verib: “Demişdi ki, bayraq muzeyi tikilir, yardım etmək lazımdır, mən də verdim”.

Daxil Abdullayev Vilyam Hacıyev haqqında müsbət fikirlər səsləndirib. Onun Qızılkənd kəndində məktəb tikilməsində, kəndə qaz çəkilməsi, yol salınmasında xidmətləri olduğunu vurğulayıb: “Mənim 68 yaşım var, yalan danışmaq istəmirəm…”

Vilyam Hacıyev də bildirib ki, Qızılkənd kəndininin 4000 nəfərə yaxın sakini onun əfv olunması üçün dövlət başçısına müraciət edib.

Digər şahid Adil Kərimov da icra nümayəndəsi vəzifəsində çalışıb. O, bağça müdiri təyinatı üçün rüşvət verilməsi epizodu üzrə dindirilib.

“Bağça müdiri təqaüdə getmişdi. Mən nümayəndə olaraq, humanitar şöbəyə məlumat verdim ki, bağça rəhbərsiz qalıb. Ali təhsilli xanım vardı, onun namizədliyini müdafiə elədik. Humanitar şöbədə müəyyən məbləğ istənildi. Xanımın qayınatası 3000 manat gətirdi, humanitar məsələlər üzrə başçının müavini Təranə xanıma verildi”, – şahid bildirib.

Prokuror soruşub ki, o pul son nəticədə kimə çatıb. Adil Kərimov bildirib ki, bu barədə məlumatı yoxdur.

Adil Kərimov Vilyam Hacıyev haqqında isə bunları deyib: “Ziyalı insandı, xarici dilləri bilirdi. Davranışında, dilindən etikadan kənar bir ifadə eşitməmişdik”.

Sabiq icra başçısı heç kimdən rüşvət istəmədiyini və almadığını deyir: “İstəmişəmsə, desin. Burada bəziləri gəlir, yalan danışıb, şər atır, üzə durur. Sağ olsun ki, düzünü deyir”.

Vilyam Hacıyev əlavə edib ki, Qızılkənd kəndində məktəb binası bərbad vəziyyətdə idi. Yeni binanın tikintisi üçün şəxsən özü təşəbbüs göstərib: “Ayağını qoyurdun, döşəmədən aşağı düşürdü. Müraciət elədim, Nazirlər Kabineti qərar verdi, vəsait ayrıldı, orada yaxşı bir məktəb tikildi. Qaz, işıq, su yox idi o kənddə. Hamısı həll olundu”.

Məhkəmədə dindirilən daha bir şahid Zakir Əliyev deyir ki, İmişlidə beton zavodunun rəhbəridir. Vilyam Hacıyev icra başçısı olduğu dövrdə onunla yaxşı münasibətləri olub. İcra hakimiyyəti üçün yeni bina tikilən vaxt xahiş edib ki, inşaat zamanı beton verilməsini onlara həvalə etsinlər: “İşlə bağlı problem vardı. İş yox idi, əməkdaşlara maaş verə bilmirdik. Xahiş elədim, icra hakimiyyətinin yeni binasının tikintisinə betonu biz verdik. Bu işi bizə vermək üçün icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevə 2, ya da 3 min pul vermişdim. Məbləğ dəqiq yadımda qalmayıb”.

Məhkəmə prosesi martın 14-də davam edəcək.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Ana səhifəSosialZavod direktoru: “İcra hakimiyyətinin bina tikintisinə beton vermək üçün baş mühasibə 2-3 min manat verdim”