Zaur Qurbanlının ”Tanrılara oxşamaqdan çəkinmək lazımdır” yazısına cavab

Fikrimcə, təmiz qala bilmək kimlərəsə çamur atmaqla olmur.

Source:
Rachel Corrie ABŞ bayrağını cırarkən
Rachel Corrie ABŞ bayrağını cırarkən

Zaur Qurbanlı adında bir gəncin Meydan TV-də diqqətimi çəkən bir yazısını oxudum. ”

Tanrılara oxşamaqdan çəkinmək lazımdır

“.

Açığı axarlılıq tam yerində olmasa da, məqalə sonadək yorulmadan oxumaq olur.

Müəllifin fikrinə qatılıram! Təmiz qalmaq çətindir. Həm də çox çətin. Xüsusən vicdanın təmizliyi. Məsələn məqalənin dördüncü abzasında protestant puritan amerikalıların demokratiyasının, vədə sadiqliklərinin öz yerində olmasını oxudum. Amerikalılara bu sevginin nümayişindən dərhal sonra nəzər müsəlmanlara yönəlir məqalədə: “Müsəlmanlar da öz allahlarına oxşayırlar – əsas məsələ namaz qılmaq, 4 arvad almaq, baş bağlamaq, saqqal saxlamaq kimi şeylərdir. Rüşvətdir, demokratiyadır, məhkəmənin azadlığıdır, mətbuata hörmətdir – bunlar “Quran”da nə qədərdirsə, elə müsəlman cəmiyyətlərində də onlara hörmət o qədərdir”.

Sayqıdəyər amerikalılardan, hüquqa, azadlığa, demokratiyaya qarşı hörmətləri sual altına alınmış müsəlmanlara qəfil keçidə təmiz vicdan yol verərmi? Əsas təmizlikdir!

Malcolm X – amerikalı siyasi xadim və qara dərililərin hüquqlarının müdafiəçisi
Malcolm X – amerikalı siyasi xadim və qara dərililərin hüquqlarının müdafiəçisi

Kaş ki, bu gənc, istedadlı dostum amerikalılardan danışmağa başlamışkən mövzuya Malkolm X ilə davam etsəydi. XX əsrdə haqqında ən çox danışılan “ümumdünya insan haqlarının müdafiəçisi”, qaradərili, müsəlman bir amerikalı. İnsan hüquqlarının azadlığında dünyaya “liderlik” edən amerikalılara XX əsrdə insan haqlarından dərs demiş bir nümunəvi vətəndaş. Malkolm X ilə tanışlıqdan sonra təmizliyi qorumaq naminə, insan bu qənaətə gəlir ki, məsələ müsəlman və ya qeyri-müsəlmanlıqda deyil. Məsələ təmiz vicdandadı.

Həmin bu təmiz qala bilmək istəyi tələb edir ki, amerikalılardan söz düşmüşkən Reyçil Korridən də danışaq. 2003-cü ildə, 24 yaşında fələstinlilərin evlərini uçurmağa gələn israil buldozerlərinin qarşısını kəsən və elə həmin buldozerlərin altında qalan təmiz bir qadın. Kimsəsiz, müsəlman fələstinlilərin səsinə səs vermək üçün ABŞ-dan Fələstinə gələn bir hüquq müdafiəçisi.

Fikrimcə, təmiz qala bilmək kimlərəsə çamur atmaqla olmur. Məsələn, müsəlmanlar özlərinə atılan çamurdan hələ də təmizlənə bilmirlər. Üst-başları, həyatları hər zaman çirkli və çamurlu olur. Amma mənəviyyatca daha çamurlu olanlar onlara bu palçığı atanlardır.

Zaur bəyin öz yazısında gətirdiyi misal kimi: “Svetlana Alekseyeviç “Vremya Sekond Xend” kitabında Stalin repressiyasına məruz qalmış bir qadının dəhşətli taleyi barədə yazır ki, yataqxana tipli hər ailəyə bir otaq verilən evlərdə yaşayan bir qadını NKVD həbs etməyə gələndə, o, qızını qonşudakı Anyaya tapşırır. 17 illik KULAK-dan sonra qadın geri qayıdır, görür ki, Anya onun qızına baxıb. Anyanın ayaqlarına düşür, ağlayır, minnətdarlıq edir. Amma bir az sonra Stalin ölür, qadına bəraət verilir, ona cinayət işi ilə tanış olmağa imkan verirlər. Başda donoslar gəlir. Donosu elə Anya yazıbmış – onun qızına baxaraq, evini ələ keçirsin deyə”.

Görürsüzmü dostlar? O repressiyaya məruz qalan qadının adı hətta Zaur Qurbanlının məqaləsində belə keçmir. Amma təmizliyi qalıb. Anya isə ölənədək özünü qalib saysa belə, təpədən dırnağa çamur içində olub.

Çamurdan söz düşmüşkən, müsəlmanlara tərəf atılan hər çamurun çıxış nöqtəsinin Meydan TV olması niyəsə məni artıq təəccübləndirmir. Təəccüblüdür, görəsən niyə?

Ana səhifəMənim FikrimcəZaur Qurbanlının ”Tanrılara oxşamaqdan çəkinmək lazımdır” yazısına cavab