İctimai fəalın passiv seçki hüququ məhdudlaşdırılıb
Respublikaçı Alternativ Partiyasının (ReAl) üzvü, eyni adlı seçki blokundan namizəd kimi parlament seçkilərinə qatılmaq istəyən Zaur Qurbanlı Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından məhkəməyə şikayət edib. Bakı Apelyasiya Məhkəməsinə müraciət edən Z.Qurbanlı bildirir ki, MSK 29 dekabr 2019-cu il tarixli qərarıyla onun passiv seçki hüququnu (namizəd olmaq) məhdudlaşdırıb.
20 saylı Nərimanov İkinci Seçki Dairəsi Z.Qurbanlının namizədliyinin irəli sürülməsi və seçici imzalarının toplanması üçün ona imza vərəqəsinin verilməsi haqda qərar qəbul etsə də, MSK bu qərarı ləğv edib. MSK ləğv qərarında əsas kimi, Z.Qurbanlının üzərindən məhkumluğun götürülməməsini göstərib.
Z.Qurbanlı isə bildirir ki, Avropa Məhkəməsi onun işi ilə bağlı qərar çıxararaq, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Konvensiyanın 5-ci (azadlıq hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquqların məhdudlaşdırılmaması) maddələrində nəzərdə tutulan hüquq və azadlıqlarının pozulduğunu təsdiqləyib. Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət orqanı olan Avropa Şurasının Nazirlər Komitəsi isə onun və daha 7 nəfərin (İlqar Məmmədov, Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev) işinə yenidən baxılması, onların həbsdən əvvəlki hüquqi vəziyyətlərinə qaytarılması (məhkumluğun götürülməsi) üçün Azərbaycan hökumətinə çağırış etmişdi. Tövsiyə olunmuşdu ki, Azərbaycanda müvafiq strukturlar uzağı dekabrın 31-nə qədər bu məsələlərə baxıb həll eləsinlər ki, adları çəkilən şəxslər də öz hüquqlarını, o cümlədən namizəd olmaq hüququnu gerçəkləşdirə bilsinlər.
Azərbaycanın Avropa Məhkəməsi yanındakı nümayəndəsi Çingiz Əsgərov da Avropa Şurası Nazirlər Komitəsinə məktubunda göstərib ki, adları çəkilən şəxslər haqqında Avropa Məhkəməsinin qərarlarını icra ediblər. Avropa Məhkəməsinin kəsdiyi kompensasiya ödənilib, onların işinə yenidən baxılması üçün Ali Məhkəməyə göndərilib.
Z.Qurbanlı bildirir ki, Avropa Məhkəməsi onun təqsirsizliyini təsdiqləyib. Azərbaycan hökuməti də həmin qərarı icra etməklə, onun təqsirsizliyini – cinayət törətmədiyi halda, məhkum olunduğunu etiraz edib. Bu üzdən MSK ona məhkumluğunu bəhanə edib, namizəd olmaq hüququnu məhdudlaşdıra bilməz.
Bakı Apelyasiya Məhkəməsində hakim Həmid Həmidovun sədrliyilə onun şikayətinə baxılıb. Məhkəmədə MSK-nın nümayəndəsi bildirib ki, Z.Qurbanlının üzərində məhkumluq qalır. Ona görə də namizədliyini irəli sürə bilməz.
Z.Qurbanlı isə onunla razılaşmayıb. Bildirib ki, Ai Məhkəmənin Plenumu uzağı 3 ay ərzində (dekabrın 12-nə qədər) onun işinə baxıb, barəsindəki hökm və qərarları ləğv etməliydi. Plenumun keçirilməməsi onun günahı deyil və buna görə passiv seçki hüququ məhdudlaşdırıla bilməz.
Məhkəmə onun şikayətini təmin etməyib.
Z.Qurbanlı deyir ki, Dairə Seçki Komissiyasına (DSK) sənədlərini təqdim edəndə məhkumluğu olduğunu gizlətməyib: “DSK doğru davranaraq, mənə imza vərəqəsini təqdim etmişdi, namizədliyimi irəli sürmək hüququmu tanımışdı. Qanuna görə, DSK-nın bu qərarının ləğvi üçün MSK-ya şikayət olmalıdır. Mənimlə bağlı məsələ müzakirə olunanda özümü də dəvət eləmişdilər. O dairədən namizəd olan bir nəfər – Nərgiz Mahmudova guya məndən şikayət edib ki, “başqa bir namizədin məhkumluğu var, onun buraxılması rəqabət mühitini pozur”. Aydın məsələdir ki, qərarın ləğvi üçün formal şikayətdir”.
Z.Qurbanlı Ali Məhkəməyə şikayət edəcəyini də vurğulayıb: “Əgər Ali Məhkəmə də şikayətimizi təmin etməsə, passiv seçki hüququmun pozulmasıyla əlaqədar Avropa Məhkəməsinə şikayət göndərəcəyik”.
Azərbaycan Konstitusiyasının 85-ci maddəsinə görə, ağır cinayətlərə görə məhkum olunanlar ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda seçkidə namizəd kimi iştirak edə bilməz.
Cinayət Məcəlləsinin 83-cü maddəsində məhkumluğun nə vaxt və necə aradan qalxmasından bəhs olunur. Orada yazılıb ki, ağır cinayətə görə həbs olunanların cəzanı çəkib qurtardığı gündən altı il keçəndə onların məhkumluğu ödənilmiş sayılır. Bu müddət tamam olmamış da məhkəmə qərarı əsasında məhkumluq vaxtından əvvəl götürülə bilər.
“Şəxs cəzanı çəkib qurtarandan sonra nümunəvi davranışıyla islah olunduğunu sübut etsə, məhkəmə məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər”, – Cinayət Məcəlləsinin 83.5 maddəsində yazılıb.
Həmçinin prezident də əfv sərəncamıyla şəxsin üzərindən məhkumluğun götürülməsinə qərar verə bilər.
Z.Qurbanlı 2013-cü ildə həbs olunub. Ona 8 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, bir il sonra əfv sərəncamıyla azadlığa buraxılıb.