“Amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb edilməyib”
Zaqatalada meşə yanğınları davam edir.
Hazırda ərazidə könüllülər və Zaqatala, Qax və Balakən rayonlarının FHN Dövlət Yanğından Mühafizə xidmətləri yanğını söndürməyə çalışır.
Meydan TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın əsasən Yuxarı Tala kəndinin dağlıq ərazisindədir.
Sentyabrın 1-i axşam saatlarınadək söndürmə xidmətlərində 2 helikopter iştirak edib.
Hazırda isə cəmi 1 helikopter var:
“Digərinin nasaz olduğu bildirilir. Amfibiya təyyarəsi isə ümumiyyətlə, təmirdədir və yanğının söndürülməsinə cəlb edilməyib. 6-7 yanğınsöndürən maşın var. 300-dən çox insan yardıma gəlib. Lakin yanğın hələ də davam edir”.
Külək olmasa, bu gün yanğının tam söndürülməsi ehtimalı olduğu bildirilir.
“Ölkədə son dövrlər baş verən meşə yanğınları qlobal istiləşmənin təsirindən qaynaqlanır. Bundan əlavə, bəzi insanların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və məsuliyyətsiz davranışı da meşələrdə yanğınların baş verməsinə səbəb olur”, – fövqəladə hallar naziri Kəmaləddin Heydərov belə deyib.
Bildirib ki, meşə yanğınlarının qarşısının vaxtında alınması üçün bütün aidiyyəti qurumların əlaqəli fəaliyyəti önəmlidir.
“Ecofront” səhifəsi yazır ki, onlarda olan məlumata görə, Zaqatalada yanğının söndürülməsi prosesində FHN işini düzgün təşkil edə bilməyib.
Məsələn, meşədə yanğın günorta saatlarında (təxminən 1-də) kiçik bir ərazidə başlasa da, helikopter əraziyə axşamçağı 6 radələrində gəlib, yəni 4- 5 saat müddətində yanğın nəzarətsiz buraxılıb:
“Bundan əlavə, yanğının söndürüldüyü nöqtələr nəzarətsiz qalıb. FHN yanğının ilk günü axşamtərəfi yanğını söndürdüyünə əmin olub və ərazini nəzarətdən buraxıb. Qısa müddətdən sonra müəyyən səbəblərə görə meşə yenidən alovlanıb”.
“Ecofront” hesab edir ki, əraziyə cəlb edilən helikopter sayı da azdır:
“Amfibiya təyyarəsi isə ümumiyyətlə, yoxdur. Yanğını maksimum tez söndürmək lazımdır. Hər an külək arta və yanğın daha çox əraziyə yayıla bilər. Bununla da daha çox fiziki qüvvə və daha çox maliyyə tələb olunar. Sonda da olan meşələrimizə olar, sadə kəndli və yanğınsöndürən əziyyət çəkər”.
Ərazidə olan FHN əməkdaşları açıqlama vermək istəmir.
Onlar yanğının nə səbəbdən baş verdiyi, söndürmə əməliyyatlarının necə getdiyi və hazırda vəziyyətin hansı həddə olduğu barədə məlumat verməkdən yayınır. Bildirirlər ki, nazirlik yalnız hakimiyyətə bağlı telekanallara açıqlama verməyə icazə verir.
Zaqatalada meşə yanğınları ilə bağlı ilkin məlumat avqustun 30-da günorta saatlarında yayılıb. Artıq 4-cü gündür ki, yanğın tam söndürülmür.
FHN-in yaydığı ilkin məlumatda qeyd edilirdi ki, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirir.
Avqustun 15-də Şabranın Xəlfələr kəndinin əkin sahəsində də yanğın başlamışdı.
Tezliklə əhatəsi genişlənən yanğıb sürətlə rayonun Dağbilici, Mumlu, Zöhramlı kəndlərinə yayılmışdı.
Nəticədə 10-dan çox təsərrüfata zərər dəymişdi, bir neçə ev tamamilə yanıb külə dönmüşdü və heyvanlar ölmüşdü.
FHN-in açıqlamasına görə, yanğınlar nəticəsində Şabranda təxminən 40 hektar meşə və meşəətrafı sahə yanıb.
Eyni zamanda, ötən ay Quba ərazisində də meşəlik bölgələrdə yanğın qeydə alınmışdı.
Günlərlə çəkən söndürmə əməliyyatlarından sonra çətinliklə qarşısı alınmışdı.