Zaqatalada qətl: əvvəlcə 78 yaşlı həkimi, sonra özünü güllələyib

Foto: Zaqatala Rayon Prokurorluğu

Münaqişənin pul üstündə baş verdiyi bildirilir

Avqustun 27-də saat 10 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində iki şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Məlumatı Baş Prokurorluq yayıb.

Bildirilir ki, araşdırma zamanı 1960-cı il təvəllüdlü Həsən Davudovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq tanışı 1947-ci il təvəllüdlü Tarıyel Əhmədovu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

APA-nın yazdığına görə, 78 yaşlı Tariyel Əhmədov Zaqatalada tanınmış həkim olub.

O, bir neçə il əvvəl təqaüdə çıxıb.

Onun Həsən Davudov tərəfindən qızının evində qətlə yetirildiyi bildirilir.

Həsən Davudov onu qətlə yetirəndən sonra ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər.

Həmin şəxs tikiliyə də atəş açıb.

Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib.

Bu zaman Həsən Davudov özünə atəş açaraq intihar edib.

İlkin məlumata görə, hadisə pul üstündə yaranan münaqişə zəminində baş verib.

Ana səhifəBölgəZaqatalada qətl: əvvəlcə 78 yaşlı həkimi, sonra özünü güllələyib