Gənclərin sosial şəbəkələrdəki paylaşımlara görə saxlanıldığı deyilir
Yanvarın 30-da Zaqatalada keçirilməsi planlaşdırılan aksiyaya görə saxlanılanlar var. Yerli mənbələrdən Bastainfo.com saytına daxil olan məlumata görə, tutulan gənclərdən ikisinin kimliyi bəlli olub. Bunlar Zaqatalanın Yuxarı Tala kənd sakinləri Səbuhi Mahmud oğlu Nusalov və Vaqif Kahov oğlu Hüseynovdur. Hər iki şəxs ictimai asayişi pozmaqda günahlandırılıb, yerli məhkəmə barələrində 25 sutka həbs qərarı çıxarıb.
Saytın məlumatına görə, rəsmilər məlumatı inkar edir.
Zaqataladakı mənbələr bildirilib ki, planlaşdırılan aksiyanın təkilatçıları sosial şəbəkələrdə fəal olan gənclərdir. Etiraza səbəb bahalaşma və çörək qıtlığıdır.
“İnternetdə məlumat verildi ki, gənclər yanvarın 30-da bahalaşmaya etiraz olaraq aksiya keçirəcək. Əhali əvvəlcə buna əhəmiyyət vermirdi. Amma yerli hakimiyyət orqanları bu xəbərdən narahat olub iclaslar keçirməyə başladı. Əmək kollektivlərini yığıb hamıya xəbərdarlıq edirlər ki, 30-da olacaq aksiyaya getməsinlər. Bu iclaslardan sonra məsələ ciddiləşdi. Hər kəs aksiyadan xəbər tutdu. İndi isə bu məlumatları Facebook-da yayan gəncləri həbs etməyə başlayıblar. 14 nəfər saxlanılıb, indiyədək azı 10 nəfərin barəsində məhkəmənin qərarı ilə 20 və 25 sutka həbs cəzası çıxarılıb. Tam qanunsuz həbslərdir. Əvvəla, hər kəsin dinc etiraz etmək hüququ var, ikincisi isə etiraz olacağı barədə məlumatı yaydığına görə gənclərin tutulması absurddur”, – yerli mənbə qeyd edib. Mənbə bildirib ki, tutulanların əksəriyyəti gənclərdir.
Hüquq-mühafizə orqanları deyilən həbslərlə bağlı hər hansı məlumat yaymayıb.