Zaqatalada icra nümayəndəsi bələdiyyə seçkisinə müdaxilə edir

Namizədə yaşayış yeri haqqında arayış verilmir

Source:


Namizədə yaşayış yeri haqqında arayış verilmir

Zaqatala rayonunun Aşağı Tala kənd icra nümayəndəsi bələdiyyə seçkilərinə müdaxilə edir. Bunu həmin kəndin sakini Ramazan Muxtarlı Meydan TV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, Aşağı Tala bələdiyyəsi üzvlüyünə namizədliyini vermək istəyir, lakin kənd icra nümayəndəsi Əbdüləziz Əliyev ona yaşayış yeri haqqında arayış verməkdən yayınır: “Artıq üç gündür kənd icra nümayəndəsi işə çıxmır. Telefon zənglərinə cavab vermir. Bu səbəbdən Dairə Seçki Komissiyasına təqdim etməli olduğum yaşayış yeri haqqında arayışı ala bilmirəm. Digər namizədlər də eyni halla üzləşiblər”.

Ramazan Muxtarlı Müsavat Partiyasının üzvüdür.

Meydan TV-nun icra nümayəndəsi ilə əlaqə yaratmaq cəhdi baş tutmayıb. Ə.Əliyev telefon zənglərinə cavab verməyib.

Pozuntu halları Zaqatala rayonunun Kəbiloba kəndində də baş verib. ADP mətbuat xidmətindən “Yeni Müsavat”a verilən xəbər görə, kənd icra nümayəndəsinin müavini Ramazan Mustafayev ADP Zaqatala rayon təşkilatının fəallarından olan, bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş Xanoy Musayevin şəxsiyyət vəsiqəsini əvəz edən arayışı baxmaq adı ilə alıb və aradan çıxıb. Adıçəkilən icra məmuru həmçinin rayon icra hakimiyyətindən tapşırıq aldığını və müxalifətçilərin seçkilərə qatılmasına imkan verilməyəcəyini bildirib.

Məlumatda daha sonra deyilir ki, Xanoy Musayev Zaqatala rayonunun Kəbiloba kəndində 25 ildən artıqdır ki, yaşasa da, rəsmi sənədlərdə doğulduğu Danaçı kəndində qeydiyyatda olduğu göstərilir. Bu formal problemi həll etmək və faktiki yaşadığı Kəbiloba kəndində bələdiyyə seçkisində namizəd kimi iştirak etmək məqsədilə o, kənd icra nümayəndəliyindən bir müddət əvvəl arayış almağa müvəffəq olub. İcra nümayəndəsinin götürüb qaçdığı arayış da məhz Xanoy Musayevin Kəbiloba kənd bələdiyyəsinə keçiriləcək seçkilərdə iştirakı üçün zəruri olan həmin arayışdır.

Məsələ ilə əlaqədar  müvafiq seçki komissiyalarının rəhbər şəxslərinə məlumat verilib.  Ancaq hələ ki heç bir tədbir görülməyib.

Ana səhifəXəbərlərZaqatalada icra nümayəndəsi bələdiyyə seçkisinə müdaxilə edir