Aşağı və Yuxarı Tala kəndlərinin sakinləri susuzluqdan əziyyət çəkir
Zaqatalanın Aşağı və Yuxarı Tala kənd sakinlərinin problemi var. Onlar son 6 ildə kəndlərinə çəkilmiş su borularının tamamilə sıradan çıxdığını, ardıcıl şikayətlərinə baxmayaraq problemlərinin həll edilmədiyini deyirlər.
Meydan TV-yə danışan kənd sakini Bəxtiyar Ağayev bildirir ki, kəndlərinə su 1970-ci illərdə çəkilib:
“Kolxoz çəkdirib. Ondan sonra xətlər yenilənməyib, filtirləri sıradan çıxıb. Uzun illərdir ki, yağış yağanda kranlardan bulanıq su gəlir. Suyu filtrdən keçirib istifadə edirik. Yenə də içməyə yaramır və biz içməli suyu pulla alırıq. Son 6 ildə boruların vəziyyəti daha da pisləşib və kənd sakinləri aralarında mütəmadi pul toplayıb, nələrisə təmir etdirir. Axırıncı güclü yağışlarda isə borular dağıldı və artıq bulanıq gələn bir suyumuz da yoxdur”.
Sakinlər bildirirlər ki, dəfələrlə “Azərsu” ASC-yə problemləri ilə bağlı müraciət ediblər. “Sizin su xətti bələdiyyənin balansındadır”, – cavabını alıblar.
“Bələdiyyəyə də müraciət edirik, deyir: “Büdcəmiz boşdur, nə ilə edək?” Bəs biz necə edək? 7 kilometrlik bir xəttdir və sakinlər aralarında pul yığmaqla bunu təmir edə bilməzlər. Azı 1-2 milyon manat vəsaitə ehtiyac var”.
Bəxtiyar Ağayev deyir ki, Prezident İlham Əliyevə, rayon icra hakimiyyətinə də müracət ediblər. Hətta Amerika, Yaponiya, Almaniya kimi ölkələrin Azərbaycandakı səfirliklərinə qədər, hər yerə yazıblar. Bəzilərindən cavab alıblar, bəziləri heç cavab da verməyib:
“Belə çıxır ki, 70-ci illərdə kolxozun gücünün çatdığına bu gün dövlətin gücü çatmır. 16 minlik əhalinin su problemi var və buna görə dövlət cəmi 1-2 milyon ayırmalıdır, ancaq qıymır. Çox güman bu yayı kənd suyu pulla alacaq, ancaq bu, heç kimin vecinə deyil”.
Sakinlər bildirirlər ki, bələdiyyəyə nə zaman müraciət edirlər “vəsaitimiz yoxdur”, – cavabını alırlar:
“Əgər dövlət 16 min əhalisi olan kəndi su ilə təmin edə bilmirsə, desin ki, kolxozdan zəifəm. Biz isə düşünürük ki, bunun bir adı var – saymazlıq. 6 ildir işləməyən su filtrlərinin nəticəsində bulanıq su içirdik. Yoxlatdırmışdıq, heç içməyə yararlı da deyildi. İndi heç o da yoxdur”.
Bəxtiyar Ağayev bildirir ki, indi bütün kənd içməli suyu pulla alır. Təxminən 5 litri 2 manata. Gündəlik istifadə suyunun isə tonunu 6 manata satırlar:
“İşsiz adamlar platik çən alıb bu işlə məşğul olur. Bu da 21-ci əsrin Zaqatalasıdır”.
Zaqatalanın Aşağı Tala Bələdiyyəsinin sədri Vüqar Əbdürəhmanov da Meydan TV-yə kəndin su şəbəkəsinin 75-ci illərdə çəkildiyini və hazırda çox pis vəziyyətdə olduğunu söyləyib:
“Aşağı və Yuxarı Tala kəndlərinin suyu eyni mənbədən gəlir və 15-16 min əhali istifadə edir. Üstəlik, həmin su xətləri çəkiləndə kəndlərin bu qədər əhalisi yox idi. İndi əhali də, ev sayı da 3 dəfəyədək artıb. Bəli, su çatmır, problemlər var”.
Bələdiyyə sədri bildirib ki, bir müddət əvvəl olan güclü leysan su borularını dağıdıb. Su xətləri çayıb içində olduğundan, hava şəraiti də düzəlmədiyindən, hələlik, ərazidə iş aparmaq mümkün deyil:
“Leysan su borularını dağıdıb. Bəli, hazırda kəndlərin heç birində su yoxdur. Kənddə olan artezianlardan yaxın bir neçə evə su gedir. Köhnə xətt dağıldığı üçün əksər yerlərdə su yoxdur. Hava stabilləşməlidir ki, biz orada iş görə bilək ”.
Vüqar Əbdürəhmanov deyib ki, xətti bərpa etmək üçün azı 4-5 gün vaxt lazımdır:
“Əslində bunu etmək üçün büdcəmizdə pul yoxdur. İnsanlar vergi ödəmək istəmirlər, nəticədə bələdiyyənin pulu olmur. Amma çətinliklə də olsa, bərpa edəcəyik xətləri”.
Kəndin illərdir olan su probleminə gəlincə, Vüqar Əbdürəhmanov bunu danmır. Deyir, problemin tamamilə həll olunması üçün böyük vəsaitlər lazımdır, gərək büdcədən pul ayrılsın:
“Sonuncu dəfə deputatımız da Milli Məclisdə bildirdi ki, kəndimizin su problemi var. Biz də dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik. Faktiki kəndə yeni su xətti çəkmək üçün bələdiyyənin imkanı yoxdur. “Azərsu” ASC, Zaqatala Rayon İcra Hakimiyyəti məsələdən xəbərdardır. Şəbəkə yenilənməlidir. Artıq xırda təmirlər işə yaramır. Çünki həmin su xətti çəkiləndə kəndlərdə 1000 ev var idi, indi evlərin sayı 2500-ə çatıb. Deməli, sərfiyyat da artıb və hazırki su xətti yetərli deyil”.
Bələdiyyə sədri onu da əlavə edib ki, hazırda həyətyanı suvarmaya da, içməyə də həmin sudan istifadə edilir. Nəticədə hər il yay aylarında su qıtlığı yaranır.
Əslən Aşağı Tala kəndindən olan, hazırda Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı isə bildirir ki, kənddə yayda suyun azalmasının bir neçə səbəbi var:
“İlk növbədə Tala çayında su azalıb. Talanın su xətti Tala çayından götürülüb. Su lilli olduğundan filtirlər dolur. Xeyli miqdarda supulu yığılmasına baxmayaraq, Aşağı Tala Bələdiyyəsinin sədri Vüqar Əbdürəhmanov su filtirlərinin təmizlənməsi üçün texnika ayırmır. Bundan başqa kəndə gələn ana su xəttindən imkanlı şəxslərə yüzlük borularla su verilir. Belə su xətləri yüzdən artıqdır. Aşağı Talada artezan quyuları bilərkdən sıradan çıxarılıb. Bələdiyyənin həyətində olan artezan quyusunun təmirinə çox az vəsait lazımdır. Bu vəsait ayrılmır”.
Habelə jurnalist deyir ki, Aşağı Talada Qobu çayın kənarında, Təzə kənd adlanan ərazidə artezan quyusu və iritutumlu su çəni var. Bələdiyyə sədri həmin su çənini quraşdırmır və əhalinin çəni öz hesabına quraşdırmasına imkan vermir:
“Məqsəd nədir? Zaqatalanın icra başçısı kəndin su problemini televiziyalar vasitəsilə qabardır, maliyyə çatışmazlığından gileylənir. Səbəb isə bəllidir. İcra başçısı dövlət büdcəsindən kəndin su xətlərinin bərpası üçün külli miqdarda vəsait əldə etmək istəyir. Su azdır, amma olan imkanların qarşısını alıb narazılığı artırmaqla pul qazanmaq istəyir. Arada on mindən artıq insan əziyyət çəkir”.