“Zaqatala” Cahangir Hacıyevin borcuna görə cəzalandırılır

Source:

Musa Qurbanov: “İstilik sistemi yoxdur, futbolçular qalıblar beton divarlar arasında”

Cahangir Hacıyev Beynəlxalq Bankın prezidenti postundan çıxarılandan sonra futbol sahəsinə yatırım qoymağı dayandırdı. Hacıyevin himayəsində olan iki klubun – Bakının “İnter” və Zaqatalanın “Simurq” klubunun maliyyə durumu da pisləşdi.

“İnter” hazırda fəaliyyət göstərsə də, klubda 5 aydı nə futbolçular, nə də texniki heyət məvacib almır. Zaqatalanın “Simurq”  klubu isə fəaliyyətini tamamilə dayandırdı. AFFA bu rayonda futbolun ölməməsi üçün “Zaqatala” adlı yeni klub yaratdı. Bu komanda birinci dəstədə mübarizə aparır. İlk vaxtlar komandanın işi heç də pis getmirdi. Məvaciblər vaxtlı-vaxtında verilir, komanda da yavaş-yavaş qələbələr qazanmağa başlayırdı. Ancaq bir neçə gün əvvəl “Zaqatala”da da durum pisləşib. Nə qədər qəribə də olsa, komandanın acınacaqlı duruma düşməsinin səbəbkarı  yenə də Cahangir Hacıyevdi.

Tarixə qovuşmuş “Simurq” çempionat oyunlarını Zaqatala Olimpiya Kompleksinin stadionunda keçirirdi. Bu kompleks isə Cahangir Hacıyevin şəxsi mülkiyyətində olub. Hacıyevin “vurulması”ndan sonra komleksin ondan alındığı da iddia olunur. Ancaq hazırda kompleksin kimin nəzarəti altında olduğu bilinmir. Yeni yaradılan “Zaqatala” klubundan bu kompleksdən istifadəyə görə hər ay 5 min manat pul alınır. Üstəlik “Zaqatala” rəhbərliyi kommunal xərclər üçün də xeyli vəsait ödəyir. Amma 2 gün əvvəl kompleksə verilən elektirik enerjisi kəsilib. Aidiyyatı qurumlar kompleksin xeyli borcu olduğunu bildirir. Məsələ burasındadır ki, bu borc Cahangir Hacıyevin klubundan – “Simurq”dan qalıb. Borc ödənilmədiyinə görə indi bunun əzabını “Zaqatala” klubu çəkir. Bu da yerli əhali arasında böyük narazılığa səbəb olub. Zaqatalalılar Cahangir Hacıyevin borcuna görə yeni klubun sıxışdırılmasının əleyhinədilər.  Meydan.tv-yə “Zaqatala”dan verilən məlumata görə, yaxın günlərdə problem həllini tapmasa, azarkeşlər aksiya keçirməyi planlaşdırırlar.

“Zaqatala” klubunun Müşahidə Şurasının sədri Musa Qurbanov da ciddi problemlə üzləşdiklərini etiraf edib. O, “Futbol+” qəzetinə verdiyi açıqlamada “Simurq”dan qalan borca görə stadionun elektrik enerjisinin kəsildiyini təsdiqləyib:

“Həqiqətən də kompleksin elektrik enerjisi kəsilib. Bu da köhnə borclara görədi. “Zaqatala”nın kommunal xərcləri üçün ayrılmış müəyyən vəsait var, hər ay ödəyirik. Yəni biz tərəfdən problem yoxdur. “Simurq”dan qalan borca görə kəsiblər. İndi nə işıq var, nə isti su, nə də istilik sistemi. Tribunaların alt hissəsində futbolçuların yaşaması üçün yer var ki, 8-10 nəfər orda qalır. Təsəvvür edin, istilik sistemi yoxdur, futbolçular qalıblar beton divarlar arasında. Noyabrın 20-də “Neftçala” ilə qarşılaşmalıyıq, qalmışıq belə. Komanda məşqə çıxmır. Uşaqların xəstələnəcəyindən çəkinirik. İşıq idarəsi “bizlik bir şey yoxdur, Bakıdan tapşırıblar” – deyir. Zaqatala İcra Hakimiyyətinə və AFFA-ya müraciət etmişik. İndi oturub xəbər gözləyirik. Başqa əlacımız yoxdur”.

“Zaqatala”nın heyətində əcnəbi futbolçular da çıxış edir. Meydan TV verilən məlumata görə, həm əcnəbiləri, həm də Azərbaycanın başqa bölgələrindən olan futbolçuları zaqatalalılar müvəqqəti olaraq öz evlərində yerləşdiriblər.

Ana səhifəXəbərlər“Zaqatala” Cahangir Hacıyevin borcuna görə cəzalandırılır