“Zapı”

Foto: Meydan TV

Zərdüşt Əlizadə

Bizdə dövlət “Zapı”sının üstünə yekə bir “Mercedes” nişanı vurublar

Mənim uzaq gənclik illərimdə “Zaporojets” avtomobilinə xalq arasında yarıhəqarət, yarızarafat “Zapı” deyirdilər. İtaliyanın “Fiat” şirkətinin “500” markalı ən balaca avtomobilindən əxz edilmiş (demirəm oğurlanmış, zira oğurlansaydı, keyfiyyətli olardı) bu balaca, yöndəmsiz və narahat zay maşın vaxtilə nə qədərsə sovet ailəsinin ayağını yerdən götürməyə imkan vermişdi.

Sovet xalqı dövlət rəhbərliyinin laqeyd münasibətinə və fərasətinə bələd idi və dəxi bundan artığına iddia etməyib, olana şükür deyirdi.

Sonradan bu “Zapı” sözünün mənası genişlənib müasir tələblərə cavab verməyən, geridə qalmış və məsxərəyə qoyulası bütün əşya və təzahürlərə şamil edildi. Hətta əyriayaq adamlara da “Zapı” deyirdilər.

Sovet dövründən uzaqlaşdıqca, bu söz tədavüldən çıxır. İndi Azərbaycanda nə qədər bu köhnə və nadir maşından qalıbsa, bir o qədər də mənim kimi köhnə adam bu sözün vaxtilə çox geniş yayılmış mənasını xatırlayır.

Mənim üçün “Zapı” bütün mənasız, arxaik və kifir təzahürləri mükəmməl anladan sözdür. Və mən milli azadlığa çıxmış xalqımızın qurduğu müstəqil Azərbaycan dövlətinə baxanda ağlıma gələn ən dəqiq təşbih “Zapı”dır.

Bu cümləni yazan kimi xeyli oxucunun qəzəblənəcəyini, müəllifi qərəzli sayacağını təxmin edirəm. Zira bu dövlətdə yaşayan əhalinin azı onda biri yağ-bal içində üzür, qayğısız həyatdan ləzzət aparır.

Bircə təsəllim odur ki, belə adamlar mən yazanı heç vaxt oxumurlar və ovqatları təlx olmayacaq.

Neynək, təki şad-xürrəm yaşasınlar. Sabir  onlar kimilər barəsində demişdir : “Millət necə tarac olur olsun, nə işim var”.

Sovet dövründə “Zapı” sahibləri bahalı maşın həsrəti çəkirdilər, belə maşınlar onlara müyəssər olmadığından, bu həsrət hissini sadəlövhlüklə öz balaca və yöndəmsiz maşınlarına “Mersedes” nişanı taxmaqla öldürürdülər.

Təbii ki, bu mənasız iddia cəhdləri arif adamlarda yalnız istehza doğururdu.

Mən də indi bizim arxaik və səmərəsiz dövlətimizi müasirlik əlamətləri ilə bəzəyən hakimiyyətimizə istehza ilə baxıram.

Böyük rus ədibi Mixail Saltıkov-Şedrin Rusiya imperiyasının dövlət cihazında yüksək məqamlarda işləmiş məmur idi, Ryazan və Tver quberniyalarında vitse-qubernator vəzifəsini icra etmişdi. Ədib rus məmur zümrəsinə yaxından bələd idi və əsərlərində bu zümrənin nümayəndələrinin inandırıcı və unudulmaz surətlərini yaratmışdır.

Azərbaycanın hakimiyyət nümayəndələri dövlətimizdə islahat aparmaq, dövlət cihazının səmərəsini yüksəltmək, korrupsiyanı cilovlamaq, qeyri-neft sektorunu inkişaf etdirmək, ölkənin əyalətlərində əhalinin həyat səviyyəsini yüksəltmək, ziyanla işləyən dövlət şirkətlərini ziyandan çıxarmaq, təhsil və səhiyyə sistemlərini təkmilləşdirmək, dövlət idarələrində işləmək üçün test üsulu ilə bacarıqlı və vicdanlı məmurları seçmək, idmanımızı dünyaya tanıtdırmaq və bu kimi xoş niyyətlərlə dolu çıxışları edəndə və sizin həqir bəndəniz bu məzmunsuz söz yığınlarını dinləyəndə yadıma Saltıkov-Şedrin düşür.

Böyük rus ədibi yazırdı ki, ali məqamlı rus məmurlarının söhbətlərinin sevimli mövzusu Rusiyanın Qərbə nisbətən geridə qalması, rus imperiyasında labüd islahatların vaxtının çatması və hətta ötməsi, Avropa dövlətlərinin işlək siyasi mexanizmlərinin Rusiyada tətbiqi idi.

Söhbətlərinin sonunda isə bu islahat arzulayan məmurlar belə nəticə vururdular ki, “bəli, islahat lazımdır, qaçılmazdır, lakin elə islahat ki, biz hakimiyyətdə qalaq”.

On doqquzuncu əsrin ikinci yarısında belə söhbətlər aparan rus hakim sinfi ölkəni qanlı inqilaba gətirdi. İnqilab çoxlu qan tökdü, lakin həm də Rusiyanı dünyanın ikinci fövqəldövləti etdi.

Quruluş başladı çürüməyə. Sovet məmurları islahatdan danışmağa başladı, lakin elə islahat ki, “hakimiyyət bizdə qalsın”. Dövlət gurultu ilə çökdü,  hamının başı qarışdı ümumxalq mülkiyyətini qapıb-qapışdırmağa.

Ara sakitləşəndən sonra bəlli oldu ki, “demokratiya, azadlıq və ədalət” bağırtıları ilə hakimiyyətə gəlmiş yeni hakim zümrə həmin köhnə partiya və KQB maralları imiş və onlar dövləti yenə çar dövrünün qaydaları ilə idarə edirlər.

Yenə cəmiyyət qaldı ayaq altda, dövlət tənəzzülə uğradı. Elə bu dəm hakim zümrə götürdü sazı əlinə, basdı sinəsinə və başladı 150 il bundan əqdəm oxunmuş islahat mahnılarını çalıb oxumağa.

Bizdə dövlət “Zapı”sının üstünə yekə bir “Mercedes” nişanı vurublar. Bu nişan Bakıda ucaldılmış “esperanto” tipli şüşə göydələnlərdir. Onlardan istənilən neft əmirliyində ucaldılıb, biz də bunu etmişik. Daha demirəm ki, bizim göydələnlər dünyadakı taylarından ikiqat baha başa gəlib. Niyə sualın verməyin, onsuz da hamı bilir.

Dövlət şirkətləri necə ki, ziyanla işləyirdi, elə də ziyanla işləyir. Sadəcə onların rəhbərləri artıq Qərbmodel cavan kişilərdi ki, öz Qərbli tay-tuşlarından xarici görkəmlərinə görə demək olar ki, fərqlənmirlər.

Qeyri-neft sektoru əvvəlki bərbad halına əsla təfavüt etməyib, elə həmin həmindir, kəndli zəlil, ərbab harın, ərzaq təhlükəsizliyimiz ağlamalı, buğdanı və əti xaricdən alırıq.

Korrupsiya sahəsində vətənimizlə fəxr edə bilərik. ABŞ-da prezident Baydenə qarşı 10 milyon dollar rüşvətə görə cinayət işi başlamaq istəyirlər. Co, ayıb olsun sənə! Gör heç ağarmış başına, saç-saqqalına yaraşırmı? Ə, 10 milyon nədir ki, o boyda adını rüsvay edirsən? Azərbaycanda böyük demirəm, orta həcmli məmur bundan beşqat artıq “qazanır”. Udey, qazamata salınıb oradan aydan arı, sudan duru çıxmış dılqır bir generala məhkəmə qərarı ilə halal 32 milyonunu qaytarırlar, ola bilsin, üzr də istəsinlər.

Azərbaycanda çəkilmiş şosse yollarının qiyməti xaricdəkindən beşqat bahadır, keyfiyyəti ikiqat aşağıdır. Yenə deyirəm niyəsini soruşmayın, Əli Həsənov demişkən, “”kişi kişinin pulunu saymaz””.  Hamı hər şeyi bilir, bizdə dövlət sirri yoxdur, kimin nə qədər aldığı, daha doğrusu, “qazandığı” hamıya bəllidir.

Bu, dünyada analoqu olmayan haldır, ölkədə KİV tam boğulub, tapdanıb, qol-qabırğası sındırılıb, bununla bərabər yenə hamı hər şeyi bilir.

Bizim “Zapı” dünyada ən mükəmməl “Zapı”dır. Danılmaz həqiqətdir ki, “Zapı”nı islah etmək mümkün deyil. Bu səbəbdən ona nə qədər bəzək vursan da, həmin həmin qalacaq.

Lakin oxucum burada soruşa bilər ki, “necə oldu sənin bu bəyənmədiyin dövlət Qarabağ savaşını uddu”?

A kişilər, BƏXT!

Bəxtimiz gətirib, düşmənimiz bizdən də betərdir. Bəxtimizdən erməni milləti elə bir bəlaya giriftar olub ki, onun adı heç bir psixiatriya kitabında yoxdur. Necə ki, biz on səkkizinci əsrdə yaşayaraq gerçək dünyanı dərk edib düzgün qərar qəbul edə bilmirik, onlar bizdən də betərdirlər. Onlar eramızdan üç əsr əvvəlki dövrdə yaşayırlar!

Buna görə də Allaha şükr edib  qurban-sadağanı əsirgəmək lazım deyil. Xudaya, şükür kəramətinə! Bundan qat-qat pis ola bilərdi.

Qaldı islahata, o da olacaq, çox qalmayıb, elə ki, müftə neft pullarını oğurlayıb qurtaracaqlar, onda millətin axuruna tökməli heç nə qalmayacaq, və millət acından oyanacaq.

Yaxşı ki, o vaxt mən olmayacağam, yoxsa ki, millətimi tanıyıram, birinci məni, artıq-əskik danışdığıma görə öldürərdilər.

Ana səhifəMənim Fikrimcə“Zapı”