Layihə barədə: Meydan.TV-nin “Meydanda yeddi sual” layihəsi peşəkar, siyasi, ictimai tərəflərini tanıdığımız, bələd olduğumuz insanlara fərqli baxış bucağından baxmağa, onları bir az daha fərqli tanımağa xidmət edir. Meydan.TV əməkdaşlarının hazırladığı 7 standart sualı cavablandırarkən, bu insanlar nə qədər səmimi ola biləcəklər, bunun özü də sualdır.
Sizcə, ən böyük xəyanəti kimə etmisiniz?
-Azərbaycanda xəyanətin əsasən iki növü dəbdədir: vətənə xəyanət, dövlətə xəyanət. Mən də bunlardan heç birini eləməmişəm. Mən, ümumiyyətlə, xain adam deyiləm, vəfalılığım, sədaqətim haqda dastanlar yazmaq mümkündür. “Ən böyük xəyanət” sözlərini elə yazmısınız, sanki xırda xəyanətlərimin sayını-hesabını itirmisiniz. Xatırladım ki, sivil dünyada müsahibəyə bu sualla başlayan jurnalistin sonrakı suallarını, ümumiyyətlə, dinləmirlər. Mən yalnız Sizin kövrək qəlbli qaçqın balası olmanızı nəzərə alıb, müsahibənin davamına razılaşdım. Qardaş məsləhəti görürəm, gələn dəfə belə sualı axıra saxlayın. Açığı, indiki dövrdə Sizin bu sualınızdan açıq-aşkar təxribat qoxusu gəldiyini də qeyd etməliyəm. Sualın məqsədini də izah etsəydiniz, daha dolğun cavab verərdim. Olmaya siz xarici qara qüvvələrin dəyirmanına su tökənlərdənsiniz?
İndiyə qədər sizi utandırmaqda davam edən işiniz, ya hərəkətiniz hansıdır?
İndiyə qədər məni utandıran çox işim və hərəkətlərim olmuşdur, ancaq birinci sualdakı kimi, bunun hansı ictimai önəminin olmasını anlamıram. Tutaq ki, uca millətimiz Zamin Hacının haçansa uşağına bağırmasını, yaxud əsgərlikdə bir döyülən əsgəri müdafiə eləmədiyinə görə utandığını öyrəndi – bununla sevgili xalqımızın həyatında hansı müsbət dəyişiklik baş verəcəkdir? Yaxşı olar xalqımız onu idarə edənlərin utanıb-utanmadığını, onlarda həya hissi varmı-yoxmu, bunu öyrənsin. Uzun sözün qısası, bu sualınıza da bir quş qoyuram.
Həyatınızdan silmək istədiyiniz gün?
Həyatımdan silmək istədiyim gün Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci qayıdış günü – 15 iyun 1993-cü ildir. Doğulduğum torpaqları itirdim, iki il keçməmiş atamı itirdim, o vaxtdan bəri ölkəm də sonu bilinməyən fəlakət içindədir. Soruşa bilərsiniz, bəs onun əvvəlki gəlişini – 1969-cu ilin 14 iyulunu niyə saymırsınız. Sadə səbəbdən – o vaxt hələ həyatda deyildim.
İlk siqaretinizi neçə yaşında çəkmisiniz?
İlk siqaretimi 1990-cı ilin 19 yanvar gecəsi çəkmişəm. Bakının şimal girəcəyində, Sovet ordusunun törətdiyi qırğından qaçıb bir zirzəmiyə girmişdik. 3 nəfər idik, biri yaşlı sürücü idi. Filtrsiz papiros çəkirdi. Mənə də təklif elədi, bayırdakı gərginlikdən, dəhşətdən sonra “çəkən deyiləm” deyə bilmədim. Stress elə tutmuşdu, heç bilmədim nə çəkirəm. Beləcə 23 il öncə bu zibilə düşdüm. 2012-ci ildə Allen Karr-ın “Siqareti atmağın asan yolu” kitabını oxuyub bu xəstəlikdən qurtuldum.
Gənclikdə, ya sonra narkotiklərdən istifadə etmisiniz?
Məqsəd mənim həbsimə nail olmaqdırsa, bunu daha nəcib üsullarla da edə bilərdiniz.
Nə vaxtsa özünüzdən yaşca çox böyük, ya da çox gənc, yaxud evli qadına vurulmusunuz? Sirr deyilsə, sonu necə olub?
Sirr deyil – elə hazırda yaşadığım xanım, necə deyərlər, “siz də məni bağışlayın, uşaqların anası” məndən 6 yaş kiçikdir.
Tək qalsanız, özünüzə hansı yeməyi bişirə bilərsiniz?
Azı 14 il tək yaşamış, tələbə yataqxanasından tutmuş cəbhə xəttində post qarovuluna qədər çoxlu çətin şəraitlər görmüş adam kimi mənə tək qalmaq, o cümlədən özümə hansısa yemək hazırlamaq problem deyil. Bu sahədə fantaziyalarım hüdudsuzdur. Məsələn, narla kələmi salat edə, kartofla pendiri qızardıb yeyə bilərəm. Elə indi sizə cavab yazdığım vaxt noxud püresi ilə təzə soğanı və brokkolini toyuq ciyərinə qatıb qızartmışdım, xardalla yemişdim. Əla idi. Azərbaycan xalqına da məsləhət görürəm ki, qarın ağrısından qorxub belə yaradıcı mətbəx fantaziyalarından özlərini məhrum eləməsinlər. Üstəlik, guya Azərbaycan xalqının qarnı ağrısa, bundan dünya üçün hansı fəlakət törənə bilər ki?
Ancaq fantaziyasız yeməkləri də pis hazırlamıram, məsələn, uşaqlarım mənim bişirdiyim pizzanı çox bəyənir.
Sonda tək qalmağın çox pis bir şey olmasını qeyd edim. Tənhalıq yalnız burnufırtıqlı gənc şair və şairələrin əsərlərində romantik görünə bilər, əslində çox dəhşətli bir haldır. Sosial varlıq olan insanın təbiətinə ziddir. Tək qalan adamın boğazından yemək keçmir.