“Danışıqlar nə qədər uzun çəkərsə, onları aparmaq o qədər çətinləşəcək
Dekabrın 18-də bir qrup azərbaycanlı və erməni ekspert Avropa və ABŞ-dan olan analitiklərlə birlikdə Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr keçiriblər.
“Turan İA”-ın Vaşinqton müxbirinin məlumatına görə, tədbiri Karneqi Fondu təşkil edib və ATƏT-in Minsk Qrupunun noyabr, 2007-ci il tarixli tövsiyələri – “Madrid prinsipləri” adlanan nizamlanmaya dair çərçivə sənədi üzərində cəmləşib.
“Bu əsas prinsiplər danışıqlar üçün zəmin olub, lakin heç bir irəliləyiş əldə olunmayıb”, – Karneqi Fondunun eksperti Tomas de Vaal bildirib.
Britaniyanın “Barışıq resursları” təşkilatının nümayəndəsi Lourens Broers hesab edir ki, “Madrid prinsipləri” Ermənistana və Azərbaycana uzunmüddətli sülh gətirə bilər və tərəflər burada özləri üçün məqbul çox şey tapa bilərdilər.
Eyni zamanda, bu prinsiplərin reallaşması bugünkü imkanlardan çox uzağa gedir, idarəçilikdə çatışmazlığın olduğunu nümayiş etdirir.
Azərbaycanda adamların çoxu “Madrid prinsipləri”nə inanmır”, – Bakı Humanitar Araşdırmalar Cəmiyyətinin direktoru Əvəz Həsənov bildirib.
İnsanlar arasında münasibətlər 20 ildir ki, kəsilib, sərhədlər bağlanıb, münaqişənin həlli isə inam çatışmazlığı səbəbindən ləngiyir.
“Safe world” təşkilatının Qafqaz üzrə layihə meneceri Təbib Hüseynov bildirib ki, “Madrid prinsipləri” Azərbaycanda və Ermənistanda çoxları üçün “tam aydın deyil”.
“Bu prinsiplərlə bağlı çoxlu yalnış təfsirlər var. Tərəflərdən heç biri bu prinsipləri rədd etmir. Bakı “ümumiıikdə” sənədi qəbul etdiyini bildirib.
Müəyyən dəyişikliklərlə prinsiplər münaqişənin “paket” və “mərhələli” həlli kimi hər iki tərəfin maraqlarına uyğun olacaq.
“Madrid prinsipləri” – kiçik ümiddir, çünki uzun illər ərzində başqa ideyalar olmayıb və tərəflər etiraf etməlidirlər ki, bu prinsiplər “siyasiləşdirilməməlidir”.
“Əgər sondan – yəni, regionun yekun statusundan başlasaq, bu, damsız ev tikmək demək olacaq”, – vurğulayıb.
Lourens Broers əlavə edib ki, problemin bir hissəsi ondadır ki, hər iki tərəf hesab edir ki, zaman onların xeyrinədir: Azərbaycan neftə arxalanır, Ermənistan isə status-kvo-nun onun maraqlarında olmasına.
Digər ciddi bir problem odur ki, siyasi liderlər bəzən bir söz deyir, amma başqa hərəkət edirlər. Zaman eskalasiya riskinə işləyir. Danışıqlar nə qədər uzun çəkərsə, onları aparmaq o qədər çətinləşəcək”, ekspert vurğulayıb.