”Vüsal Ələkbərov həbsində Rusiya kəşfiyyatına işləyən və onun tərəfindən ifşa olunan Emil Süleymanovun rolu olduğunu dedi”
İyulun 10-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərov 12 azadlıqdan məhrum edilib. O, polkovnik rütbəsindən də məhrum edilib və əmlakı zərərçəkmiş Akif Qurbanovun xeyrinə müsadirə olunub.
Məhkəmənin keçmiş MTN naziri Eldar Mahmudov və nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün Baş Prokurorluğa təqdimat göndərməsi gündəmin müzakirə mövzusuna çevrilib. Məhkəmə bu qərarını zərərçəkmişlərin şikayəti əsasında qəbul etdiyini bildirib.
Hüquqşünas Əyyub Kərim məhkəmənin təqdimatını təsadüfi saymır.
O, bu barədə Meydan TV-yə danışarkən Baş prokuror Zakir Qaralovun 19 dekabr 2016-cı ildə imzaladığı Vüsal Ələkbərovun təqsirləndirilməsi haqda ittiham aktını xatırladıb.
İttiham aktının 78,79 və 81-ci səhifələrindən misal çəkən Əyyub Kərim deyir ki, sənəddə mütəşəkkil cinayətkar dəstə anlayışına qiymət verilib və Vüsal Ələkbərovun hədə-qorxuyla iş adamlarından rüşvət alması, onların əmlaklarına sahib çıxmasından Mövlan Şıxəliyevin də, Eldar Mahmudovun da xəbərdar olduğu təsdiqlənib. “Konkret olaraq ittiham aktında yazılıb ki, Vüsal Ələkbərovun təkbaşına deyil, rəhbərliyin təşkilatçılığı ilə hərəkət etməsi kimi sübuta yetirilmiş xüsusatlar onun bu cinayətləri məhz belə bir qrupda törətdiyini təsdiq edən amillərdir. Həmin qrupun üzvlərinin vahid qurumda xidmət etdikləri və rəhbər-tabeçilik münasibətlərinə malik olduqları, uzun müddət birgə fəaliyyət göstərdikləri nəzərə alındıqda qrupun sabit mütəşəkkil dəstə halında mövcud olduğunu özünün kifayət qədər təsdiqini tapır. Bax, baş prokuror Zakir Qaralov ötən ilin dekabrın 19-da bu cümlələrin yer aldığı ittiham aktına imza qoyub”.
Əyyub Kərimin sözlərinə görə, sənədin başqa bir hissəsində Vüsal Ələkbərovun hərəkətləri cinayətkar dəstədə törədilmiş əməllər kimi qiymətləndirilib:
“Yəni ittiham aktında artıq Mövlan Şıxəliyevin, Eldar Mahmudovun adları cinayətkar qrup üzvləri sırasında çəkilir”.
Əyyub Kərim onların həbs olunmamasını istintaqın problemi hesab edir.
Onun fikrincə, gələcəkdə onlara ittiham irəli sürüləndə qrupun rəhbərinin və təşkilatçıların kim olması məsələlərinə aydınlıq gətirilməlidir:
“Ona görə də Bakı Hərbi Məhkəməsinin xüsusi qərardad çıxarması təsadüfi deyil və bu, ittiham aktında göstərilən məsələlərin məhkəmədə öz təsdiqini tapmasından irəli gəlir. Sözsüz ki, məhkəmənin özü də cinayət işi başlaya bilərdi, amma Baş Prokurorluğun ittiham aktında göstərdiyi nüanslar ətrafında istintaq aparıldığından xüsusi qərardadla kifayətləniblər”.
Əyyub Kərim Vüsal Ələkbərovun son söz söylədiyi prosesdə iştirak etdiyini bildirdi:
“Bir araşdırmaçı jurnalist və hüquqşünas kimi mənə onun son sözündə nə deyəcəyi maraqlı idi. Vüsal Ələkbərov son sözündə deyirdi ki, guya vəkili hansısa sənəd gətirməliydi, həmin sənəd gətirilsə, məhkəmə kollegiyası onun üzündən öpüb azad edəcəkdi. Hətta “50 manat da cibimə qoy qoyacaqsınız ki, evə piyada getməyim” deyə ifadə etdi. Amma onun blefi keçmədi, çünki ona son söz söyləmək də, söyləməmək də hüququnun olduğunu demişdilər. Ələkbərov isə vaxt istəsə də, məhkəmə istintaqı başa çatandan sonra sənədlə bağlı blef etməsi onun xeyrinə işləmədi və nəhayət, yazılı formada çıxış etdi. Vüsal Ələkbərov son sözündə də lovlağılıq edirdi və jurnalist Elmar Hüseynovun qətli ilə bağlı yaradılan istintaq qrupunun rəhbəri olduğunu xüsusi vurğulayırdı. Halbuki, bugünə qədər də qatillərin və sifarişçilərin tapılmaması Vüsal Ələkbərovun günahıdır. Sonradan sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev, keçmiş hərbçi məhbus Rasim Əkbərov haqda yaradılan istintaq qrupunun rəhbəri olduğunu söylədi. Eyni zamanda Vüsal Ələkbərov dedi ki, zərərçəkmişlər MTN-nin düşdüyü vəziyyətdən istifadə edərək ona şər atıb qazanc əldə etmək istəyirlər. O, bu cümləni xüsusi vurğuyla bir neçə dəfə dedi. İndi sual olunur; MTN-ni həmin vəziyyətə kim salıb? Məgər Eldar Mahmudov, Akif Çovdarov, Mövlan Şıxəliyev və Vüsal Ələkbərov MTN-ni bu vəziyyətə salmadımı? Maraqlı məqam odur ki, Vüsal Ələkbərov cinayətkar dəstə anlayışına belə şərh verdi ki, əgər o, cinayətkar dəstə üzvü olubsa, deməli, bu işdə prokurorluq və məhkəmədə də iştirak edib. Yəni onun apardığı cinayət işlərinə prokurorluq rəhbərlik edib, məhkəmələr də hökmlər çıxarıb. Açıq deməsə də, cinayətkar dəstənin üzvlərinin MTN-də yox, prokurorluq və məhkəmə sistemində axtarılmasına işarə vurdu. Özünə bəraət verdiyi üçün apardığı işlərin təsdiqini tapdığını dedi. Vüsal Ələkbərov başqa bir məqama toxunub sual etdi ki, əgər o, qanunsuzluqlar etmişdisə, niyə MTN-nin sabiq müavini Əli Nağıyev və Baş prokurorun müavini Rüstəm Usubov tərəfindən xəbərdarlıq olunmayıb? Bax, biz bilmirik ki, o, xəbərdarlıq alıb, ya almayıb. Xəbərdarlıq olunmayıbsa, adlarını çəkdiyi şəxslər bunun səbəbini izah etməlidir. Başqa bir maraqlı məqam, Vüsal Ələkbərov həbsində Rusiya kəşfiyyatına işləyən və onun tərəfindən ifşa olunan Emil Süleymanovun rolu olduğunu dedi. O zaman sual yaranır; Ələkbərovun həbsində Rusiya kəşfiyyatının da əli var? Ancaq bu məsələnin üzərindən keçdi, detallara varmadı. Sonda maraqlı bir fikir söylədi ki, əgər yenidən 1997-ci ilə, MTN-ə işə götürüldüyü zamana qayıtsaydı, əvvəl necə işləyibsə, elə davam edərdi və fəaliyyətindən də qürur duyur”.
Bütün bunların nəticəsi olaraq Eldar Mahmudovun həbsi gündəmə gələ bilərmi sualına Əyyub Kərim cavab verdi ki, o, hüquqşünasdır, falçı deyil. Vüsal Ələkbərovun azadlıqdan məhrum olunması “MTN işi”nin birinci mərhələsinin başa çatmasıdır:
“Maraqlı bir məqam budur ki, Vüsal Ələkbərov onun mütəşəkkil dəstə üzvü kimi ittiham olunmasına reaksiya verdi. Dedi ki, o zaman dəstənin rəhbəri kimdir, vəzifə bölgüsü necə olub, bunu ortaya qoysunlar. Güman ki, istintaqa bu sualların cavabı məlumdur. Ancaq Zakir Qaralovun 19 dekabr ittiham aktına imzalamasından görünür ki, istintaq dəstənin rəhbəri, üzvləri və vəzifə bölgüsü barədə də məlumata malikdir. Ancaq dəstənin o biri üzvlərinə ittiham irəli sürülmədiyindən, təqsirsizlik prezumpsiyası qorunduğundan onlar Vüsal Ələkbərov və qeyriləri xəttini tuturlar. Bax, o qeyrilərinin kim olduğu onlara məlum olsa da, toxunulmur. Sadəcə, nazir Eldar Mahmudovun, idarə rəsiləri Mövlan Şəxəliyevin, Təhsin Ağayevin adları sadalanır və onların dəstənin üzvü olduqlarına işarə vurulur. Bütün hallarda istintaq bu sual yaradan məqamlara aydınlıq gətirməlidir. Yaxşı, Vüsal Ələkbərov həbs edildi, bəs ittiham aktında adları çəkilən Eldar Mahmudova, Mövlan Şıxəliyevə hansı münasibət sərgilənəcək? Hətta Mövlan Şıxəliyev özünü məhkəmədə o dərəcədə arxayın aparırdı ki, hakim ona irad tutdu ki, siz xidməti otağınızda yox, məhkəmə zalındasınız, duruşunuza, səs tonunuza fikir verin. Təəssüf ki, Azərbaycanda ictimai fikir nəzərə alınmadığından suallar açıq qalır və nəticədə şayiələrin artmasına şərait yaranır”.