Rəşid Hacılı: ”Prokurorluğun bu təklifi faktiki olaraq prezidentin bəyanatına qarşı çıxmaqdır”
Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklif edilir.
APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib.
Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yeni maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir.
Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişiklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır.
“Belə ki, təcrübədə xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir”, – deyə Z. Qaralov qeyd edib.
Zakir Qaralaovun təklifini Meydan TV-yə şərh edən Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı bildirib ki, Cinayət Məcəlləsində böhtan (147-ci maddə) və təhqirə (148-ci maddə) sayılan ifadələrə görə ağır cəzalar, o cümlədən azadlıqdan məhrumetmə cəzaları var:
“Bu cəzalar çox sərtdir və ifadə azadlığı üçün təhlükədir. Çünki, ilk növbədə, yüksək vəzifəli şəxslər, məhkəmələrə təsir göstərə bilənlər bu maddələrdən öz tənqidçilərini boğmaq üçün geninə-boluna istifadə edirlər. Bu maddələrin tətbiqinə görə Azərbaycan hökuməti beynəlxalq aləmin qınaqları ilə üzləşib. Avropa Məhkəməsinin də Eynulla Fətullayev işində, eləcə də Rövşən Mahmudov və Yaşar Ağazadə işlərində Cinayət Məcələsinin həbs cəzası nəzərdə tutan bu maddələrinin tətbiqinin Avropa Konvensiyasının 10-cu maddəsinin verdiyi ifadə azadlığını pozduğunu deyib. Azərbaycan hökuməti hətta bu tənqidləri qəbul edərək Cinayət Məcəlləsinin bu maddələrinə yenidən baxacağıni, ağır cəzaları ləğv edəcəyini bəyan edib. Dövlət rəhbərləri durmadan bəyan edirlər ki, prezidentin tapşırığıyla 2010-cu ildən Cinayət Məcələsinin bu maddələrinin tətbiqinə moratorium qoyulub və saxlanacaqdır. Hökumət sərt ifadələrə görə həbs cəzası verilməsinin tərəfdarı deyil və s. Hələ ki, ölkə prezidentinin verdiyi bu söz qüvvədədir. Düzdür, ara-sıra bunu pozanlar olur. Amma kütləvi də deyil. İndi prokurorluğun bu təklifi faktiki olaraq prezidentin bəyanatına qarşı çıxmaqdır. Bu ifadə azadlığına qarşı qəbuledilməyən müdaxilə imkanına yol açmaq təşəbbüsüdür”.
Rəşid Hacılı hesab edir ki, təklif nəinki ifadə azadlığı hüququnun həyata keçirilməsinə təhlükədir, nəinki hökumətin öhdəliklərinə ziddir, prezidentin bəyanatına sayğısızlıqdır, üstəlik hüquqi baxımından yanlışdır. Həmçinin cinayət qanunlarının yazılma texnikasına ziddir: “Cinayət Məcələsinin 147 və 148-ci maddələri istər açıq ad altında olsun, istərsə də anonim ad altında, fərqi yoxdur, böhtan və ya təhqir sayılan ifadələrin kütləvi yayılmasına, o cümlədən İnternet üzərindən yayılmasına görə cinayət məsuliyyəti müəyyən edib. Yəni, anonim müəlliflər bu maddələrlə əhatə olunublar. Anonim müəlliflərlə bağlı yeni maddəyə nə ehtiyac var? Təklif müəllifləri anonim müəllifliyəmi qarşı mübarizə açmaq istəyirlər? Onlara daha ağır cəzalarmı müəyyən etmək istəyirlər? İndi məcəllə həm acıq, həm də anonim müəliflərə tətbiq edilirsə, daha nə istəyirlər? Anonimliyəmi qarşıdırlar, ümumiyyətlə? Axı hər kəsin ifadə azadlığı onun həm öz adı altında, həm də təxəllüs və ya bəlli olmayan ad altında ifadələr yaymaq azadlığını da əhatə edir”.