Azər Qasımlı: ”Azərbaycanı Türkmənistana çevirmək istəyirlər”
“Özünü müxalifət adlandıran, qanunvericiliyə uyğun qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm də QHT-lər uzun illər qanunvericiliyin tələblərini, xüsusən də maliyyə şəffaflığını pozublar”.
Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında belə deyib.
“Siyasi partiyalar niyə maliyyə hesabatı vermirlər?”
Onun sözlərinə görə, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT isə Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidir:
“Onlar uzun illərdir bu barədə müvafiq məlumatlar təqdim etmirdi. Biz məcbur olduq ki, bir sıra ciddi tədbirlər görək ki, onları qanuna dəvət edək. Bu sahədə qanun təkmilləşəndən sonra, onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda bu vəsaiti ala bilmirlər. Həmin QHT və partiyalar digər ölkələrdə şəxsi hesablar açmaqla, ölkəyə qanunsuz maliyyə gətirmək istəyir. Bunun qarşısı tam ciddiliklə alınır və alınacaq. Bu insanlar on illərlə heç bir işlə məşğul olmadıqları, hər hansı qurumlarda işləmədikləri halda cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər? Məsələn, Yeni Azərbaycan Partiyası müvafiq hesabat verir. Qeyri-qanuni fəaliyyət göstərən qurumlar isə qanunun aliliyindən danışır, ancaq bu cür qanunsuz qrant korrupsiyasına qoşulurlar. Həmin qeyri-qanuni mənbələr bizim tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların maliyyə mənbələri tam ciddi şəkildə geniş miqyasda yoxlanılsın”.
“Bu, dövlət büdcəsindən maliyyələşən siyasi partiyalara aiddir”
Müsavat Partiyasının başqanı Arif Hacılı baş prokurorun fikirlərini həqiqətdən uzaq adlandırıb.
Başqan “Siyasi partiyalar haqda” qanuna istinad edərək bildirib ki, partiyalar maliyyə öhdəlikləri barədə müvafiq strukturlara və MSK-ya hesabat verirlər. Bu, ilk növbədə dövlət büdcəsindən maliyyələşən siyasi partiyalara aiddir:
“Lakin az maliyyə vəsaitindən istifadə edib bir qayda olaraq könüllülərin haqqı ödənilməyən əməyi hesabına Müsavat kimi partiyalar da hər il MSK-ya maliyyə hesabatı verirlər. Qanun belə tələb edir”.
“Müsavat Partiyası heç vaxt xaricdən qrant almayıb”
A.Hacılı xaricdən maliyyələşmədiklərini söyləyib:
“Başqa partiyalar barədə bir söz deyə bilmərəm. Müsavat Partiyası heç vaxt xaricdən qrant almayıb, xarici təşkilatlarla maliyyə əlaqələrinə malik olmayıb. Ona görə baş prokurorun ittihamı bizə aid ola bilməz”.
“İqtidar siyasi meydanı tamamilə qapatmaq niyyəti güdür”
ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı Zakir Qaralovun açıqlamasını 2013-cü ildən hakimiyyətin həyata keçirdiyi repressiya və təzyiq siyasəti nətcəsində sivil toplumun aradan götürülməsinin davamı hesab edir:
“Mayın 25-dən sonra AXCP sədrinin müavini və jurnalist Əfqan Muxtarlı həbs edildi. İqtidar siyasi meydanı tamamilə qapatmaq niyyəti güdür. Bununla da Azərbaycanı Türkmənistana çevirmək istəyir. Ümumiyyətlə, Zakir Qaralov korrupsiya barədə danışmamalıdır, çünki yerli və xarici mediada yazılan araşdırmalar əsasında bir neçə cinayət işi açılmalı, yuxarı səviyyədə olan şəxslər həbs olunmalıydılar. Əgər Qaralov bunu etmirsə, deməli, özü də müəyyən mənada korrupsiya əməllərində iştirak edir”.
“ReAL-ı qeydiyyata alsaydılar, hesabat verərdik”
Azər Qasımlı deyir ki, hüquq-mühafizə orqanlarının rəsmiləri korrupsiya sözünü dillərinə gətirməsələr yaxşıdır:
“Korrupsiya sözü eşidiləndə Azərbaycanda prokurorlar, hakimlər, nazirlər yada düşür. Bu söz hökumətlə sinonim təşkil edir, bir-birinə bağlıdır. Ona görə rəsmilər bu sözü istifadə etməsin. İllərdir hakimiyyət rəsmiləri QHT və siyasi partiyalar barədə eyni ittihamları səsləndirirlər və həbsləri dayandırmırlar. Amma sübut yoxdur. Cənab Qaralov YAP-dan başqa digər partiyaları ittiham edir, paradoksdur, o mənada ki, parlamentdə olan partiyalar da hesabat vermirlər. Çünki baş prokuror yalnız YAP-ın hesabat verdiyini deyib. Əgər ReAL-ı qeydiyyata alsaydılar. hesabat verərdik”.