Onların Qarabağdakı vəziyyəti müzakirə etdiyi açıqlanıb
Mayın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovla görüşüb.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, tərəflər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraitini müzakirə ediblər.
Rusiya sülhməramlılarının komandanlığı məsələ ilə bağlı hər hansı bir açıqlama yaymayıb.
Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov aprelin 25-də Qarabağdakı sülhməramlı kontingentinin komandiri təyin edilib.
Ona qədər Andrey Volkov Qarabağdakı sülhməramlı kontingentinin komandiri idi.
O, 2022-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.
Münaqişənin qısa tarixçəsi
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.