Çeçenistanın keçmiş Baş nazirinin ailə üzvlərində də COVİD 19-un əlamətləri hiss edilib
Çeçenistan İçkeriya Respublikasının keçmiş yüksək vəzifəli rəsmisi Əhməd Zakayev koronavirus simptomları ilə Londonda xəstəxanaya qaldırılıb, – RFE/RL xəbər verir.
Zakayevin yaxınları radioya bildiriblər ki, çeçen separatçı hökumətinin sürgün edilmiş keçmiş üzvü nəfəs almaqda çətinlik çəkdiyi üçün aprelin 6-da xəstəxanaya yerləşdirilib.
Yaxınları onun xəstəxanaya yerləşdirilməsindən üç gün əvvəl digər ailə üzvlərində də COVID-19 əlamətləri, məsələn, qızdırma və öskürək kimi halların olduğunu deyiblər.
Tibb işçiləri Zakayevin qohumlarından müalicə zamanı süni tənəffüs cihazından istifadə üçün razılıq sənədinin imzalanmasını istəyib.
60 yaşlı Zakayev Çeçenistan separatçı hökumətində Mədəniyyət naziri, Baş nazirin müavini, Baş nazir və Xarici işlər naziri vəzifələrini icra edib.
O və yaxın ailə üzvləri 2002-ci ildən bəri Londonda sürgündə yaşayırlar.
Rusiya onu terrorizmdə ittiham edir. O və onun tərəfdarları bu iddianı inkar edir.