Zahir Əzəmət DSK-nın qərarından şikayət edəcək

Baş redaktor hesab edir ki, ona qarşı qərəz var

Source: Facebook

45 saylı Abşeron Seçki Dairəsindən namizədliyini irəli sürən yazıçı və “Qaynarinfo.az” saytının baş redaktoru Zahir Rəhimovun (Əzəmət) namizədliyi qeydə alınmayıb.

DSK bu barədə yanvarın 14-də Zahir Əzəməti məlumatlandırıb.

“Bu gün saat 17:00-da Dairə Seçki Komissiyası formal bir toplantı keçirərək, mənim namizədliyimi qeydə almaqdan imtina etdi. Topladığım imzalar və digər imzalarla bağlı hər şey qaydasında idi. Lakin DSK absurd bir səbəbdən imtina qərarı qəbul etdi. Səbəb kimi əmlak bilgilərimdə uyğunsuzluq göstərildi. Amma məsələ burasındadır ki, mən respublika üzrə adıma hansı əmlakın olmasını aydınlaşdırmaq üçün yanvarın 8-də rəsmi arayış almış və DSK-ya verdiyim məlumatları da onun əsasında tərtib etmişəm. İndi isə məlum olur ki, Əmlak Komitəsi DSK-ya 26 dekabr 2019-cu ildə tamam başqa cavab verib. Həmin ata yurdumuza ailə üzvü olaraq mənim də adımın keçdiyini yazıb, amma bundan 13 gün sonra mənə verdiyi cavabda bunu qeyd etməyib. Bunu özümə qarşı qurulmuş oyun, qərəz adlandırmağa tam əsas yaranır”,-Zahir Əzəmət belə deyib.

O hesab edir ki, yaranmış vəziyyətdə məsuliyyət Əmlak Komitsəi ilə DSK-nin üzərindədir:

“Bu hadisə sübut edir ki, mən məqsədli şəkildə məlumatı gizlətməmişəm. Seçki Məcəlləsinin 58.2-ci madddəsinə görə, bu uyğunsuzluq qəsdən edilməyibsə, DSK onu aradan qaldırmaq üçün namizədə 48 saat vaxt verməlidir. Amma DSK sədri Dilşad Abbasova qanunun tələblərini kobud şəkildə pozaraq, rəsmi dövlət qurumunun verdiyi arayışı tanımaqdan imtina edərək, çox nümayişkaranə şəkildə məni qeydə almaqdan imtina etdi. Komissiya üzvlərinin davranışları da göstərdi ki, ümumiyyətlə, iclaslar formal keçirilir. Bəzi komissiya üzvləri hətta iclasın sonunda gəlib çıxsalar da, söhbətin nədən getdiyini bilmədən, sədr nəyə əl qaldırdısa, ona da əl qaldırdılar. İclasdan sonra isə komissiya üzvlərindən biri verdiyi Allahsız qərardan narahatlıq keçirərək, elə sədrin qapısı ağzında diz çöküb Allahdan nicat ummağa, dua etməyə başladı. Mən o dualara qoşulmuram: Allah günahlarınızdan keçməsin!”

Baş redaktor DSK-nın qərarından şikayət edəcəyini bildirib:

“Çünki bu qərar ilk növbədə ölkədəki seçki prosesinə, onun demokratik və sağlam rəqabət mühitində keçiriləcəyi ilə bağlı ümidlərə kölgə salır. DSK-nı az qala məscidə çevirən Dilşad Abbasovanın bu qərarı prezident İlham Əliyevin başladığı geniş islahat kursuna ziddir”.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək.

MSK-nın son hesabatına görə, fevralın 9-na təyin edilmiş parlament seçkisinə 2416 iddiaçı qatılıb, onların 1089-u rəsmi olaraq qeydə alınıb.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

Təşviqat kampaniyası yanvarın 17-də başlanır.

Ana səhifəSiyasətZahir Əzəmət DSK-nın qərarından şikayət edəcək