Zahir Əmənov azadlığa buraxılıb

Zahir Əmənov. Foto: YouTube Screenshot

Baş redaktorla bağlı saxlanılma qərarı polisin nəzarətinə verilmə ilə əvəzlənib

Aprelin 15-də “Cənub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənov azadlığa buraxılıb.

Bu barədə vəkil Elçin Sadıqov Meydan TV-yə deyib.

Vəkilin sözlərinə görə, Masallı Rayon Polis İdarəsinin qərarı ilə Zahir Əmənov haqda həbs-qətimkan tədbirini polisin nəzarətinə verilməklə əvəzlənib.

Aprelin 13-də Masallı rayonunda “Cənub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənov redaksiyanın ofisində saxlanılıb.

Rəsmi yayılan məlumatda bildirilir ki, səbəb Masallı rayonu Sığdaş kənd ərazi nümayəndəsi İsrafil Əliyevin onun barəsində etdiyi şikayətdir.

Məlumatda qeyd edilir ki, Z.Əmənov İsrafil Əliyevi gözdən salacaq materialın dərci ilə şantaj edib və ondan 1500 manat pul alarkən cinayət başında yaxalanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.1 maddəsi üzrə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

Dünən Aprelin 14-də bir qrup ictimaiyyət nümayəndəsi “Cənub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənovun həbsi ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət etmişdi.

Onlar nazirə yazmışdılar ki, Zahir Əmənovun azadlıqda qalması istintaqın ədalətli və maneəsiz aparılması üçün heç bir problem yaratmayacaq.

Ana səhifəXəbərlərZahir Əmənov azadlığa buraxılıb