Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə günahlandırılan və 17 illik həbs cəzası alan Orxan Zeynalovla əlaqə yaratmaq mümkünsüzləşib
“Azərbaycan hökuməti bir maraqlansın…”
“Əvvəllər heç olmasa 2-3 aydan bir telefonla danışırdıq. Üç il ərzində iki dəfə qardaşı, bir dəfə də əmisi, dayısı görüşə də getmişdilər. Bir dəfə də yeni həbs olunan ili mən görüşmüşəm. Ancaq altı aydan çoxdur ki, nə zəng edə bilirik, nə də görüş verirlər”.
Bu fikirləri 2013-cü ildə Moskva ətrafında yerləşən Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə ittiham olunaraq, 17 il həbs cəzası alan Orxan Zeynalovun atası, Şəmkir rayonunun Seyfəli kənd sakini Zahid Zeynalov deyir. Onun sözlərinə görə, Orxan barədə ən son xəbəri 6 ay əvvəl bir dostundan alıblar. O, dostu vasitəsilə “atamgilə bildir ki, yaxşıyam” – xəbərini göndərib.
“Mən görüşən zaman başqa cəzaçəkmə müəssisəsində idi. Sonra qayınım gedib görüşmüşdü. Arada zəng də edirdi. Sonradan telefonla danışanda dedi ki, məni Mordovo rayonundakı 10 nömrəli kolona köçürüblər. Amma 6 aydır bir kəlmə belə məlumat öyrənə bilmirik. Ağlımıza yüz fikir gəlir. Azərbaycan höküməti bir maraqlansın ki, bu vətəndaş sağdı, ya yox?!”
“Nə görüş veriblər, nə telefonla danışmağa icazə”
Zahid Zeynalov deyir ki, narahat olduqları üçün ötən ay qardaşı, yəni Orxanın əmisi onun saxlanıldığı həbsxanaya gedib. Ancaq həbsxana nəzarətçiləri ona nə görüş verib, nə də telefonla danışmağa icazə. Bu, ailəni daha da narahat edib:
“Ailə ilə danışmağa, görüşə icazə varsa, niyə bizi oğlumla görüşdürmürlər, əlaqə yaratmağa imkan vermirlər? Bilmək istəyirik, bəlkə öldürüblər?”
Zahid Zeynalov deyir ki, Orxan Azərbaycan vətəndaşıdır və hökumət, səfirliklər bir tədbir görməlidirlər.
“Mübariz Qurbanlı söz vermişdi”
“Ötən ilin sentyabrında Mübariz Qurbanlı ilə görüşdük, Söz verdi ki, Orxanın Azərbaycandakı cəzaçəkmə müəssisələrindən birinə ekstradisiya olunmasına kömək edəcək. Hətta dedi, artıq sənədlər hazırlanır. Amma 1 ilə yaxın vaxt keçib, heç bir səs-səmir yoxdu. İndi heç olmasa hökumət bir həbsxana rəhbərlyi ilə danışıb, onun öldüsünü, qaldısını öyrənsin”.
Zahid Zeynalov deyir ki, onun oğlu siyasi oyunun qurbanıdır və siyasətçilər də dövlət səviyyəsində danışıq aparıb Orxanın günahsız yerə cəza çəkməsinə yol verməməlidirlər:
“17 il az deyil, bir ömürdür. Günahı olsa, mən bir şey demirəm. Qanun hamı üçün eyni olmalıdır. Amma mənim oğlum hadisə günü Moskvada olmayıb, bu, qurğu idi, siyasi oyun idi. Mən əvvəl də demişəm, indi də deyirəm, Orxanın haqqını tələb edirəm. Mənim oğlum günahsızdır”.
Bir həbsin tarixçəsi
Moskva Məhkəməsi Orxan Zeynalovu 2014-cü ilin iyulun 28-də yerli sakin Yeqor Şerbakovun qətlində ittiham edərək, 17 il azadlıqdan məhrum edib.
Prokuror ona 18 il iş istəmişdi. Orxan Zeynalov bütün məhkəmə prosesi boyunca ifadə verərkən Yeqor Şerbakovu öldürmədiyini, hadisənin baş verdiyi gün Moskvada olmadığını bildirirdi. Hadisə 2013-cü il, oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda baş verib.
Qətldən sonra Rusiyada miqrantlara qarşı kütləvi etirazlar başladı, polis miqrantlara qarşı kütləvi reydlər keçirdi və onlarla miqrant ölkədən çıxarıldı.
Ekstradisiya məsələsi yalandır
Azərbaycanda artıq 2 ildir ki, Orxan Zeynalovun ekstradisiyası məsələsi müzakirə olunur. Atasının dediyinə görə, ona sənədlərin Ədliyyə Nazirliyinə göndərildiyi barədə məlumat verilib. Lakin ötən ilin sentyabrında Rusiyanın Ədliyyə Nazirliyi bu xəbəri təkzib edib.
Rusiya KİV-nin yaydığı məlumata görə, nazirlik bildirir ki, Zeynalovun Azərbaycana ekstradisiyası ilə bağlı onlara ərizə daxil olmayıb.
Meydan TV məsələyə münasibət öyərnmək üçün Rusiya səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən məsələyə hər hansı münasibət bildirilməyib.
Ədliyyə Nazirliyindən isə Meydan TV-nin suallarını cavablandırmaqdan imtina ediblər.