Zahid Oruc: ”Tamerlan Qarayev İsa Qəmbərlə bağlı izahat verməlidir”

Ukraynadakı səfirliyinin binasının təmiri ətrafında yol verilən korrupsiya məsələsi də parlamentdə müzakirə edildi

Zahid Oruc, Foto: Modern.az
Zahid Oruc
Zahid Oruc


Ukraynadakı səfirliyinin binasının təmiri ətrafında yol verilən korrupsiya məsələsi də parlamentdə müzakirə edildi

“Sabiq deputatlardan biri debatda 2003-cü il hadisələri ilə bağlı danışarkən deyib ki, Tamerlan Qarayev və bir neçə tanınmış şəxs onu yanına dəvət edib, İsa Qəmbərin prezident seçkilərində müdafiəsi ilə əlaqədar müəyyən xahişləri olub. Tamerlan Qarayev gələcəkdə onların xəyali hakimiyyətdə Konstitusiya Məhkəməsinin sədri olacaqmış. Bu informasiyanı izləyəndə, düşündüm ki, bu, sıradan bir bəyanatdırsa, həmin şəxs reaksiya verməlidir”.

Bunu deputat Zahid Oruc “Dövlət sirri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Z.Oruc əlavə edib ki, o dövrün hadisələri hər kəsə aydındır:

“Kiminsə birləşməsi, ayrılması, müxalif qüvələrin bir araya gəlməsi Azərbaycan cəmiyyətində heç bir nə siyasi dəyişiklik, nə də hakimiyyətin taleyinə təsir edib. Tamerlan Qarayev səfir kimi çalışmaqdadır. Burada ona şəxsi münasibətimi ifadə etmək istəmirəm. Səfir diplomatik ranq daşıyıcısı kimi dövlətin sirlərini daşımağa, eyni zamanda dövlət başçısının və dövlətin yürütdüyü siyasəti dəstəkləməyə borcludur. Kiminsə özəl niyyəti varsa, – siyasi partiya yaratmaq və başqa bir şəxsi müdafiə etməklə, hazırkı hakimyyətin mövqeyi ilə razılaşmamaq və s – məsələn, sabiq səfir Arif Məmmədovun və ya başqasının yanında yer ala bilər. Bununla hakimiyyətin gücündə dəyişiklik ola bilməz. Amma bütün hallarda, Tamerlan Qarayev bu xəbərə reaksiyasını bildirməlidir”.

Tamerlan Qarayev
Tamerlan Qarayev

Zahid Oruc Azərbaycanın Ukraynadakı səfirliyinin binasının təmiri ətrafında yol verilən korrupsiya ilə bağlı sabiq və indiki səfirlər arasında gedən qarşıdurmaya da münasibət bildirib:

“Hazırkı səfir sabiq səfirin Kiyevdəki səfirliyin binasının tikintisi zamanı yeyintiyə yol verdiyini iddia edir. Sabiq səfir isə bunu təkzib etməkdədir. Belə bir məsələ niyə medianın gündəminə çıxarılmalıdır? Bu, yolverilməz haldır. Bu, ölkənin imicinə zərbə vurur. Məsələni Ukraynada müzakirə etməkdənsə, Azərbaycanda müzakirə etsələr, daha yaxşı olar. Ukraynada nəyə görə bunu başqa xalqın nümayəndələri, rəsmiləri eşitməlidir?”

Deputat Rüfət Quliyev də həmkarının fikrini dəstəkləyib. O, belə bir məsələnin ictimailəşdirilməsinə lüzum görmədiyini qeyd edib:

“Mənə zəng edib deyiblər ki, sabah bununla bağlı mətbuat konfransı olacaq. Orada adıçəkilən problemə aydınlıq gətiriləcək. Mən də belə bir məsələsinin başqa ölkədə müzakirəsinin tərəfdarı deyiləm. Belə hallara yol vermək olmaz”.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 2001-ci ildən 2010-cu ilə qədər bu ölkədə səfir kimi fəaliyyət göstərmiş Talət Əliyev barədə Ukraynanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə şikayət göndərib.

A.Xudiyev iddia edir ki, T.Əliyev səfir olduğu dövrdə diplomatik nümayəndəliyin binasını təmir etdirərkən, böyük məbləğdə vəsaiti mənimsəyib. Səfirin şikayəti əsasında məhkəmə T.Əliyevin Kiyevdəki mənzilində axtarış aparılması barədə qərar çıxarıb.

İclasda “Dövlət sirri haqqında” qanun layihəsi ilə bağlı vitse-spiker Ziyafət Əsgərov bildirib ki, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edən orqanların siyahısı genişləndirilir.

Layihəyə əsasən, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən təşkil ediləcək.

Ana səhifəXəbərlərZahid Oruc: ”Tamerlan Qarayev İsa Qəmbərlə bağlı izahat verməlidir”