Zahid Oruc: Respondentlərin 30, yaxud 50 faizi əhali anlamına gəlməməlidir

“Onlar vəsaitlərin şəffaf qaydada hara qaytarıldığını, büdcəyə, yaxud zərərçəkənlərin özlərinə verildiyini bilmək istəyir”

Zahid Oruc, Foto: Modern.az


“Sorğu “əhali cərimə artırılmasını müsbət qiymətləndirir” kimi başa düşülməməlidir”

Sosial Tədqiqatlar Mərkəzi (STM) “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusu keçirdiyini deyir.

Avqustun 25-də qurum rəy sorğusunun nəticələrini

açıqlayıb

.


“Respondentlərin əksəriyyəti cərimələrin artmasına müsbət rəy verib”

Rəydə xüsusi karantin rejiminin tələblərini pozanlara qarşı cərimələrlə bağlı keçirilən sorğunun nəticəsi yer alıb. 28 fevral tarixli qərara əsasən, qanunun tələblərinə uyğun şəkildə cərimə, yaxud inzibati qaydada həbs tədbirləri həyata keçirilməyə başlanıb. Bu məqsədlə Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər və dövlət başçısı tərəfindən imzalanan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Fərmana əsasən, inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Daxili İşlər Nazirliyinə həvalə olunub. İnzibati Xətalar Məcəlləsinə 17 mart tarixli dəyişikliyə əsasən, ölkədə epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin qaydalarının pozulmasına görə fiziki şəxslərin 100 manatdan 200 manatadək, hüquqi şəxslərin 2 000 manatdan 5 000 manatadək, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə olunması, yaxud işlərin hallarına görə xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs olunması nəzərdə tutulub. 2 iyun tarixində sözügedən Məcəlləyə karantin rejimində qoruyucu vasitələrdən istifadə olunmaması ilə bağlı yeni cərimə növləri əlavə olunub.

Belə ki, qoruyucu vasitələrdən istifadə olunmamasına görə fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin 100 manat, hüquqi şəxslərin 200 manat məbləğində cərimə olunması təsdiqini tapıb. Həmçinin qayda pozuntusunun bir il ərzində təkrar törədilməsi halında fiziki şəxslərin 100 manat, vəzifəli şəxslərin 200 manat, hüquqi şəxslərin 400 manat cərimələnməsi nəzərdə tutulub. Lakin karantin qaydalarına əməl olunmamasına dair faktların dinamikasındakı yüksəliş qeyd olunan cərimə miqdarlarının artırılması ilə nəticələnib. Beləliklə, İnzibati Xətalar Məcəlləsinə 29 iyun tarixində edilən dəyişikliklə qeyd olunan cərimə miqdarlarının iki misli miqdarında artırılması öz təsdiqini tapıb.

STM-in rəyində deyilir ki, karantin qaydalarını pozan şəxslərin cərimələnməsi təşəbbüsünə respondentlərin mövqeyi müvafiq olaraq 79,6% müsbət, 17,5%-lik göstərici ilə mənfi kimi xarakterizə edilə bilər. Sonrakı sorğu mərhələsində tətbiq olunan cərimə miqdarları ilə bağlı münasibət isə fərqli trendlə müşahidə edilir:

“Nəticələrə əsaslanaraq qeyd edə bilərik ki, cərimə miqdarlarını müsbət qiymətləndirən respondentlər ümumi rəyi öyrənilənlərin 55,9%-ni təşkil etdiyi halda əks mövqedən çıxış edənlər 37,4%-lik göstərici ilə təmsil olunurlar.

Son mərhələdə keçirilən sorğu nəticələri isə cərimə miqdarlarının təkrar artırılmasının 67% respondent tərəfindən müsbət qiymətləndirildiyini göstərir. Maraqlı məqam ondan ibarətdir ki, cəmiyyətdə karantin rejiminin tələblərini pozanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibət müsbət olduğu kimi (79,6%) cərimə miqdarlarının artırılmasına da münasibətdə müsbət mövqe üstünlük təşkil edir. Birinci qrupa aid olan (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu) respondentlərin 57,3%-i karantin rejimini pozan şəxslərə tətbiq olunan cərimə miqdarı ilə bağlı qərarları müsbət qiymətləndirdiyi halda, digər şəhər və rayonları özündə cəmləşdirən ikinci qrup respondentlərin 54,8%-i sözügedən istiqamətdə verilmiş qərarları müsbət qiymətləndirib”.


Zahid Oruc: “Əhalinin rəyi daim dinamik şəkildə dəyişir”

Sorğunun nəticələri mediada dərc olunduqdan sonra sosial mediada tənqidlə qarşılanıb. Sosial media istifadəciləri cərimələrin artırılmasının müsbət qiymətləndirilməsinin mümkünsüz olduğunu deyib.

STM İdarə Heyətinin rəhbəri Zahid Oruc isə rəy sorğusuna münasibətləri bölüşmür.

Zahid Oruc Meydan TV-yə deyib ki, sorğunun “əhali cərimə artırılmasını müsbət qiymətləndirir” başlığı ilə yayımlanması doğru deyil.

Onun sözlərinə görə, respondentlərin 30, yaxud 50 faizi əhali anlamına gəlməməlidir:

“Sorğuda iştirak edən min nəfərin 30 faizi nədənsə narazı olur, həmin 300 nəfərin 80 faizi korrupsiyaya qarşı mübarizədə oğurlanan pulların şəffaf geri qaytarılmamasından narazılığını bildirib. 20 faiz isə deyir ki, həbs olunanlar var, ancaq bu, hamısı deyil. Burda iki məqam ortaya çıxır, birincilər korrupsiyaya qarşı mübarizənin effektli olmasından ona görə narazıdır ki, oğurlanan vəsaitlərin geri qayıtmasını görmür. Onlar vəsaitlərin şəffaf qaydada hara qaytarıldığını, büdcəyə, yaxud zərərçəkənlərin özlərinə verildiyini bilmək istəyir. İkincilər, 20 faizi isə həbs olunanların tam olmadığını hesab edir. Məsələn, Biləsuvar Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev 120 adamın torpağın almışdı, həbs olundu, bəs nəticəsi necə oldu? Dünyada hər şey nəticə ilə ölçülür. Başqa bir məqam, iyun ayında sorğu keçirilir, maska taxmayanlara cərimələr olunmalıdırmı, 80 faiz cərimələrin qaldırılmasına müsbət yanaşır, çünki yoluxma artır. Məsələ ondadır ki, əhali rəyi daim dinamik şəkildə dəyişir, müharibə vaxtı aparılan sorğuyla, müharibə bitəndən 1 ay sonra aparılan sorğu arasında ciddi fərq olur və bu, təbiidir. Ancaq bir daha deyirəm, 80 faiz bütün əhali anlamına gəlməməlidir, ona görə mərkəzin sorğusunun bu başlıqla yayılması doğru deyil”.


“60.2 faiz pespondent gəlirlərində azalmanı hiss edib”

Mərkəzdən Meydan TV-yə verilən məlumata görə, sorğunun nəticələrinin təhlili onu deməyə əsas verir ki, karantin rejimi 60.2 faiz respondentin özünün və ya ailə üzvlərinin gəlirlərinə mənfi təsir göstərib. Mərkəz bildirib ki, 65 yaşa qədər olan respondentlərin arasında bu tendensiya daha yüksəkdir. Eyni zamanda, fərdi əmək fəaliyyəti ilə məşğul olan respondentlərin 87.6 faizi gəlirlərindəki azalmanı daha çox hiss etdiklərini bildiriblər:

“Mənfi təsirin daha çox müşahidə edildiyi əsas iqtisadi rayon kimi Şəki-Zaqatala (72.6%) diqqət mərkəzindədir. Mənfi təsir qənaətindən çıxış edən respondentlərin 34.4%-i işsiz olduğu halda, 45.9%-i isə bu və ya digər sektorda çalışanları təmsil edir. Son 3 il ərzində rüşvət tələbi ilə üzləşənlərin cavabları göstərir ki, bu hala ən çox səhiyyə (37%) və təhsil (18.5%) sahələrində rast gəlinib”.

Qeyd olunub ki, 1214 respondent ilə aparılmış telefon sorğusu nəticəsinə görə, son 3 il ərzində cinayətdən zərər çəkmiş şəxslərin 65%-i məhkəmə və digər aidiyyatı qurumlara bu barədə etdiyi müraciətin nəticəsindən narazı qalıb:

“Cinayətdən zərərçəkmiş şəxslərin yalnız 38%-i bu barədə polis və digər aidiyyatı qurumlara müraciət edib. Beləliklə, ölkəmizdə qeydə alınmayan cinayətlərin sayı xüsusi çəkiyə malikdir”.

Ana səhifəSosialZahid Oruc: Respondentlərin 30, yaxud 50 faizi əhali anlamına gəlməməlidir