Zahid Oruc: “Quru sərhədlər açılsa, ölkəyə 100 minlərlə qaçqın axın edəcək”

Foto: Azərtac

Deputat problemi Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc quru sərhədlərindən danışıb.

O, Milli Məclisin noyabrın 25-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, quru sərhədlərin açılması 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəyə axını ilə nəticələnə bilər:

“Əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər”, – deputat deyib.

Zahid Oruc. Foto: Meydan TV

Zahid Oruc qeyd edib ki, dövlətin maliyyə rezervlərini qorumaq, birinci növ tələbat mallarını təmin edən daxili və xarici iqtisadi əlaqələri genişləndirmək, ixracın-idxalın coğrafiyasını şaxələndirmək, daha təhlükəsiz ölkələrə keçirmək tələb olunur:

“Doğrudur, klassik müharibə qanunları dəyişib. 44 günlük savaş dövründə dövlətimiz beynəlxalq iqtisadi-siyasi əlaqələrini nəinki zəiflətmədi, əksinə gücləndirdi. Lakin dinc dövrə xas xərclər siyasəti yaxın gələcəkdə maliyyə, ərzaq, silah təminatında risklər yarada bilər. Növbəti ildə neft hasilatının azalmasının – 29.2 milyon tondan 2028-ci ildə 26.4 milyon tona düşməsinin qarşısını alan tədbirləri gücləndirməliyik”.

Azərbaycanda quru sərhədləri 2020-ci il martın əvvəlindən koronavirus pandemiyası ilə əlaqədar qapadılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan etsə, də Azərbaycan hökuməti dəfələrlə uzatmaqda davam edir.

2024-cü il sentyabrın 25-də Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il yanvarın 1-i saat 06.00-dək uzadılıb.

2024-cü il sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev çıxışı zamanı quru sərhədlərin bağlı qalmasından danışıb:

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq. Azərbaycanda daxili risklər yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir ki, təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”.

Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər bunun COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyirlər.

Ana səhifəSiyasətZahid Oruc: “Quru sərhədlər açılsa, ölkəyə 100 minlərlə qaçqın axın edəcək”