Zahid Oruc: ”Hökumət təcili tədbirlər görməlidir”

“Baş verən etiraz aksiyaları yararsız məmurlardan xilas olmaq üçün Prezidentə böyük kömək olacaq”

Source:


“Baş verən etiraz aksiyaları yararsız məmurlardan xilas olmaq üçün Prezidentə böyük kömək olacaq”

Son günlər yerlərdə baş verən narazılıqlarla bağlı Mili Məclisin üzvü Zahid Oruc Modern.az saytına danışaraq, insanların kəskin dəyişiklikləri qəbul edə bilməmələrini normal sayıb:

“Çünki buna qədərki dövrdə onların müəyyən yaşayışı formalaşmışdı. İnsanlar heç olmasa minimum səviyyədə öz tələbatlarını ödəyirdilər. Eyni zamanda, orta təbəqə formalaşmağa başlamışdı. Son devalvasiyadan sonra insanlar çətin duruma düşüb. İndiki vəziyyətdə yaşamaq onlara çətindir.

Ölkə başçısı özünün ən ali iradəsini bir daha ifadə edərək, hökumətin iclasında məmurlara, parlament üzvlərinə qarşı ən kəskin mövqeyini ortaya qoydu, hökuməti səfərbər olmağa çağırdı”.

Z.Oruc hökuməti təcili tədbirlər görməyə çağırıb: “Nəzərə almaq lazımdır ki, bölgələr üzrə sosial vəziyyət eyni deyil. Məsələn, Siyəzən daha az torpaq sahəsinə malik regiondur. Buna görə də əhalinin yaşayış vəziyyəti digərlərindən geri qalır. Ağcabədidə daha çox köçkünlərin məskunlaşdığı da məlumdur. İlk üzülən hissələrdən biri də ora olmalı idi. Həmçinin, Lənkəranda insanlar uzun müddətdir dənizdən istifadə imkanları əllərindən alındığına görə etirazlarını gündəmə çıxarmağa məcbur olublar. Bu, təbii qarşılanmalıdır. Heç kəs həmin etirazları kiminsə ayağına yaza bilməz. Bu, insanların mövqeyidir. Hökumət də bunu təhlil etməli, nəticə çıxarmalı, bir neçə istiqamətdə təcili tədbirlər görməlidir.

Hər hansı iqtisadi, maliyyə addımından öncə insanlarda inamı bərpa etmək lazımdır. Məsələ təkcə manatın ucuzlaşmasından doğan problemlərdə deyil, məsələ həm də ondadır ki, xalqın inamı sarsılıb”.

Zahid Oruc hazırda təmsil etdiyi regionda etirazlar olan, buna baxmayaraq, xaricdə istirahətini davam etdirən həmkarlarına da səslənib:

“İndi hökumət efirə çıxmadan, məsələləri mediada fəal şəkildə izah etmədən, prosesi yalnız bir neçə ekspertin sərəncamına verərək, hətta alınan qərarların effektivliyini təmin edə bilməyəcək. Hökumət bu gün ekranda, məmurlar bölgələrdə olmalıdır. O cümlədən, bilavasitə sahəvi nazirliklərin təmsilçiləri məsələni daim müzakirədə saxlamalıdır. İnsanlara o inamı vermək lazımdı ki, ortada şayiə şəbəkələrindən, böhrandan qazanmaq istəyənlərdən xilas ola bilək.

Parlamentin üzərinə düşən vəzifə heç də hökumətdən az deyil. Parlament üzvü kimi həmkarlarımın fəaliyyətini təftiş etməkdən çox uzağam. Etiraz olan bölgələrdə, o rayonun təmsilçiləri haqda da mənfi fikir söyləmək istəmirəm.

Onların da hər birinin səlahiyyət çərçivələri var. Amma indi xalqın yanında deyillərsə, niyə o mandatı daşıyırlar?! Bu gün başlıca vəzifə ölkə rəhbərinin kursuna uyğun olaraq prosesi insanlara izah etmək, problemin hansısa formada həllinə inandırmaqdır. Bu gün kimsə Alp dağlarının ətəyində istirahət edə bilər, amma oradan döndükdən sonra əhaliyə baş çəkməlidir. Nəzərə alsınlar ki, mandat da, vəzifə də o insanların hesabınadır”.

Z.Oruc deyib ki, baş verən etiraz aksiyaları yararsız məmurlardan xilas olmaq üçün prezidentə böyük kömək olacaq:

“Mən o etirazları süngü ilə qarşılamıram. Hesab edirəm ki, bu, yerli icra hakimiyyəti orqanları üçün də bir siqnaldır. Ölkə rəhbəri də vurğuladı ki, müxtəlif nazirliklər, komitələr özlərinə yaxın qurumlar yaradaraq tikinti aparırlar. Keçirilən “tenderlərin” əsas məqsədinin qeyri-şəffaflıqla götürülən külli miqdarda vəsaitin mənimsənildiyi olması heç kimə sirr deyil. Hər rayon İcra hakimiyyətinin başçısı dəyişəndə, o rayonun adamlarının, xüsusilə də sahibkarlarının “qabığı” bir daha soyulur. Rayon özünün zahiri “libasını”, arxitekturasını, “geyimini” təzədən biçir. Bu dəyişikliyin fonunda adamlar ciddi maddi ziyanlar görür. Abşeron rayonunun başçısı yerini Sumqayıta dəyişdi. Keçmiş icra başçısı Eldar Əzizov yaxşı işlər görübsə, bu halda Sumqayıtda quruculuq nöqtələri saxlanmalı, yeni addımlar ataraq postneft dövründə şəhərin inkişafına yönəlik işlərə imza atılmalıdır. Bu adam pis icra başçısı olubsa, onun qoyub gəldiyi bütün izlər silinməlidirsə, onda belə çıxır ki, 5 ildən sonra kimsə Səbaili eyni əzmlə, iradə ilə sökəcək?! Bu, nə deməkdir axı?! İcra hakimiyyətlərinin vəzifələri şəhəri öz zövqlərinə uyğun söküb-tikməkdən ibarətdir?!

Biz qanun qəbul etməliyik ki, icra başçıları yerini dəyişəndə bölgənin üstündə arxitektur qərarlar verə bilməsin. Bəlli olur ki, onların məqsədi gözəllik, abadlıq yaratmaq deyil, özlərinə yaxın olan firmaların hansısa məhsullarını bu rayonun canına calamaqdan ibarətdir. Bu, tikinti deyil, bu yamamaqdır.

Hesab edirəm ki, yaranmış vəziyyətdən hər birimiz nəticə çıxarmalıyıq. Əminəm ki, xalq əməyə hörmət edəndir, yaxşını da, pisi də tanıyır. Sevindiricidir ki, xalq hansısa zərərli yollarla, zorakılıqla deyil, haqq sözü ilə haqqı olanı istəyir, etiraz edir. Bu, hökumət üçün siqnaldır, parlament də dəyərləndirməlidir. Amma xofsuz, dərin yanaşma ilə”.

Ana səhifəXəbərlərZahid Oruc: ”Hökumət təcili tədbirlər görməlidir”