Zahid Oruc: “Elçibəyin davamçıları və İsa Qəmbər gərək Ulu öndər qarşısında təzim etsin”

Mirmahmud Mirəlioğlu: “Heydər Əliyev Azərbaycanı yox, öz nəslini, ailəsini xilas edib”

Source: Meydan TV


Mirmahmud Mirəlioğlu: “Heydər Əliyev Azərbaycanı yox, öz nəslini, ailəsini xilas edib”

“Sovet rejimini çökdürdüyünü iddia edən milli cəbhəmiz “üç ildə üç dəfə hakimiyyət”i dəyişməyə məcbur edəndən sonra özləri də kiçik bir əyalətə çəkilib dövləti öz sahibinə qaytardılar. Əbülfəz Elçibəyin bütün həyatı boyu məcburən də olsa, ən düzgün addımı məhz bu qərarı olmuşdu”.

Milli Məclisin plenar iclasında deputat Zahid Oruc 15 İyun Qurtuluş Günü ilə bağlı çıxışında belə deyib:

“Lakin Heydər Əliyevin Bakıya qayıdışı təkcə 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycanı deyil, 1918-ci ildəki Cümhuriyyətimizi, üçrəngli bayrağımızı, demokratik respublikanın qurucu liderləri olan Rəsulzadəni, Xoyskini, Topçubaşovu da xilas etdi. Ən sonda indi sağ qaldıqları üçün böyük liderə borcunu onun ruhu ilə döyüşməklə qaytaran Elçibəy ardıcıllarını da ölümdən qurtardı“.

Z.Oruc əlavə edib ki, 1918-ci ildə Məmməd Əmin Rəsulzadə və silahdaşları dövləti qurmaq istəyirdilər, gücləri çatmadı:

“Elçibəy də istəyirdi dövlət qursun, bacarmadı. Dövlət-İnsan Heydər Əliyevsə gəldi, gördü və qurdu! Bax bu salon şahiddir ki, məhz xalqın qəzəbi və nifrəti qarşısında 13 iyun 1993-cü ildə istefaya getməyə məcbur olan İsa Qəmbər əgər gerçəkdən də Elçibəyin varisidirsə, gərək gedib Ulu öndər qarşısında təzim etsin. Çünki Heydər Əliyev Xalq Cəbhəsinin rəhbərlərini bütünlüklə polkovnik Surət Hüseynova girov düşmək təhlükəsi və rüsvayçılığından qurtarmamışdı.

Eləcə də Elçibəyin dəfn törəninə qatılıb böyük Patriarxa xas müdrikliklə özünü ona siyasi rəqib sayanlardan yerlə-göy qədər uca olduğunu nümayiş etdirmişdi. Qoy indi Elçibəyin davamçıları gedib Fəxri Xiyabanda öz borclarını qaytarsınlar”.

Z.Orucun fikrincə, 1993-cü ilin 15 iyununda Azərbaycan Heydər Əliyevin əli ilə xilas olub:

“Ötən 27 ildə milyonlarla insanımız bu haqda danışır, yazır, göstərir. O vaxtlar hələ “Daş yuxular”ı görməyən və Prezident Sarayında – rəhbər qarşısında birinci şəxsə xeyli təriflər yağdıran yazıçı Əkrəm Əylisli böyük hərflərlə yazırdı ki, Azərbaycan “xaos diktaturası“ndan xilas oldu. Həqiqətən beləydi. İndi həmin əsəri tapıb yenidən çap eləmək lazımdır ki, gerçək tarix və əlyazmalar yanmasın!”

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, Heydər Əliyevin Elçibəyin cənazəsi önündə baş əyməsi onun insanlığının və diplomatik gedişinin göstəricisi idi. Onun sözlərinə görə, bunu arqument kimi gətirənlərin nə insanlıqdan, nə diplomatiyadan xəbərləri yoxdur:

“Heydər Əliyev Azərbaycanı yox, öz nəslini, ailəsini xilas edib. 15 iyun da qurtuluş günü deyil. Bu qərar qəbul olunanda da etirazımızı bildirmişik”.

M.Mirəlioğlu deyib ki, Heydər Əliyevin məzarı önündə kiminsə baş əyməsi və əyməməsi, hər kəsin şəxsi məsələsdir. Heç kimə bunu irad tutmaq və tələb etmək olmaz, ayıb deyilən bir şey var.

1993-cü il iyunun 4-də Gəncə qiyamı ilə Azərbaycanda siyasi böhran baş verib. Həmin zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev Bakıya gəlib və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. 1997-ci ildən 15 iyun tarixi Qurtuluş Günü kimi bayram elan edilib və 1998-ci ildən dövlət bayramı statusu verilib.

Ana səhifəXəbərlərZahid Oruc: “Elçibəyin davamçıları və İsa Qəmbər gərək Ulu öndər qarşısında təzim etsin”