Zahid Oruc: Bu qanunu qəbul etməklə vətəndaşları müdafiəsiz qoyduq

“Rüşvətə görə işdən qovulanlar da vəkil işləyirlər”

Source:
Zahid Oruc
Zahid Oruc


“Rüşvətə görə işdən qovulanlar da vəkil işləyirlər”

Milli Məclis “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsini müzakirəyə çıxarıb. Dəyişiklik qəbul edilib.

Layihə məhkəmələrdə nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyasının üzvlərinin iştirakını təklif edir. Bundan sonra fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Həmçinin Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Zahid Oruc
Zahid Oruc

Müzakirələr zamanı çıxış edən deputatların əksəriyyəti dəyişikliklərə etiraz edib. Deputat Zahid Oruc Nümayəndəlik İnstitutunun ləğvinin məhkəmə sistemi üçün xeyirli olmadığını deyib:

“Qanunu qəbul etməklə biz vətəndaşları müdafiəsiz qoyuruq. Bu, məhkəmə sistemində çoxsaylı problemlərə, Avropa Məhkəməsinə göndəriləcək işlərin sayının artmasına səbəb olacaq. Müxalifətin danışması üçün əlavə tezislər verəcək. Bundan əlavə, biz Avropa qarşısında götürdüyümüz öhdəliklərdən yayınmış olacağıq. Ona görə də, mən bu qanunun əleyhinə səs verəcəyəm”.

Nümayəndəlik İnstitutunun ləğvi dırnaqarası islahatdır

Deputat Fazil Mustafa da qanun layihəsinə etiraz edib və sənədin əleyhinə səs verəcəyini deyib:

“Bu, dırnaqarası islahatdır. Vətəndaşların, xüsusilə yoxsul vətəndaşların əleyhinə işləyəcək. Söhbət qeyri-peşəkarlıqdan gedirsə, o zaman tələb qoyulsun ki, Nümayəndəlik İnstitutunda yalnız hüquqşünaslar olsun. Bu, ona bənzəyir ki, universitetdə hansısa müəllim rüşvət alırsa, universiteti ləğv olunur. Bölgədəki 5 milyonluq əhali üçün cəmi 236 vəkil var. Bu zaman vətəndaş özünü necə müdafiə edəcək? Burada 5-6 minlik işsizlər ordusunun yaradılması kimin marağındadır? Biz məsələ qoyaq ki, nümayəndə hüquqşünas olmalıdır. Necə ki, Qazaxıstan bu addımı atdı. Nümayəndəliklə bağlı qərarı vermək hələ tezdir. Heç olmasa vəkillərin sayına görə 20-ci yerə çıxaq, o halda bu qanunu qəbul edək. Hakimlər daha rahat qərar çıxartsın deyə, bu qərarı qəbul etmək olmaz. Bu qanunun qəbulu ölkədə ciddi narazılıqlar yaradacaq”.

Deputat vurğulayıb ki, 4 milyonluq Gürcüstanda 5000 vəkil varsa, 10 milyonluq Azərbaycanda bu rəqəm 900 civarındadır:

“Rəqəmin 1 aya artırılması illuziyadır. Əgər Azərbaycanda vəkillərin sayı kifayət qədər olsaydı, bu qanunu müzakirəyə çıxarmaq olardı. Hal-hazırda qanunun müzakirəsi və ya qəbul olunması insanların müdafiə seçiminin qarşısını almaqdır. Mən də bu qanunun əleyhinə səs verəcəyəm”.

Siyavuş Novruzov

Qəbul edək, lazım olsa dəyişiklik edərik

Deputat Siyavuş Novruzov isə qeyd edib ki, dəyişikliklərin tərəfdarı olanlarla ona qarşı olanlar öz arqumentlərini irəli sürürlər.

“Amma bu sənəd qəbul olunmalıdır ki, onun tətbiqinə baxaq. Əgər qanun işləməsə, o zaman dəyişiklik etmək olar. Amma birmənalı şəkildə “bu dəyişiklik lazım deyil” deyib bundan yapışmaq düzgün deyil. Vəkillik institutu zəifdir, biz bunun gücləndirilməsinə çalışmalıyıq. Kifayət qədər savadlı hüuquqşünas vəkil işləyərsə öz halal zəhməti ilə digər sahələrdən daha çox əmək haqqı ala bilər. Test imtahanları intensivləşdirilməlidir. Bu gün zərurət varsa, ayda bir dəfə, 6 ayda bir dəfə ola bilər. Ali hakimiyyət orqanları var ki, orada seçki bəllidir. Digər hallarda vəkil seçildikdə müddət qoyulmamalıdır. Hüququ firmalar açılmalı, onların nizamnamələri sadələşdirilməlidir. Belə olan təqdirdə nümayəndəliyə ehtiyac qalmayacaq. Nümayəndəlik hüquqi proseduru həyata keçirən şəxs deyil. Nümayəndə sadəcə həmin fərdi hüquq istiqamətinə yönəltməklə məşğuldur. Əgər biz vəkillik institutunu təkmilləşdiririksə, nümayəndəlik ləğv olunacaq. Qanunda da bu nəzərdə tutulub”.

Deputat əlavə edib ki, hüquq mühafizə orqanlarında işləyən insanların bəziləri rüşvətə, vəzifəsindən sui-istifadəyə görə işdən çıxarılıblar, lakin sonradan vəkil işləyirlər.

“Onlar işdən çıxdıqdan sonra vəkil işləyir. Belələrindənsə gənclərin işə götürülməsi daha məsləhətlidir. Elələri var ki, adını vəkil qoyub, ancaq şantajla məşğuldur. Öz işini əsaslandıra bilməyənlər ATƏT-ə, Avropa Şurasına məktublar yazırlar. Bu cür insanların sayını azaltmaq, yenilərini cəlb edərək vəkillik institutu yarada bilərik. Hər şey islahatlarla, təcrübəyə əsasən həyata keçirilməlidir”.

Çingiz Qəni foto sosial şəbəkə
Çingiz Qəni foto sosial şəbəkə

Hazırda 350 min mülki iş var, 900 vəkil bu işlərə yetəcəkmi?

Deputat Çingiz Qənizadə da qanun layihəsinə etiraz edib. O vurğulayıb ki, hüquqşünas ixtisası olan şəxslərə nümayəndə kimi təmsil etməyə icazə verilməlidir.

“Azərbycanda problemi aradan qaldırmaq üçün hüquq firmaları yaradılmalıdır. Bəllidir ki, Nümayəndəlik İnstitutunda dələduzlar da var.

“Əgər qolda bir-iki yara varsa, onu kəsmək lazım deyil, müalicə etmək lazımdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsində çox böyük boşluqlar var. Niyə prokurorluq əməkdaşları yaşa, səhhətinə və sair səbəblərə görə prokurorluq orqanlarından getdikdən sonra Vəkillər Kollegiyasının üzvü olmaq üçün başqalarından fərqli olaraq imtahan verir? Amma vəkil və hakim imtahan vermir. Yaxud da biz vəkillik institutunu artırmaq istəyiriksə, nəyə görə daxili işlər orqanlarında işləyən təhqiqatçılar, müstəntiqlər və digər qurumlarda işləyən müstəntiqlər xidmətkeçmə ilə bağlı qanuni şəkildə bu orqandan getdikdən sonra Vəkillər Kollegiyasının üzv ola bilmirlər? Gəlin, vəkillik institutunu təkmilləşdirək. Azərbaycanda vəkillərin sayı çox azdır. Məhkəmə işləri isə çoxdur. Nümayəndəliyi ləğv etmək istəyiriksə, bu zaman vəkilliklə bağlı sahəni inkişaf etdirməliyik. Vəkillərin sayını artıraq, vəkillik institutunda islahatlar aparaq, sonra Nümayəndəlik İnstitutunun ləğvinə baxaq. Bu şəkildə qəbul edilsə, böyük problemlər yaranacaq. Hazırda 350 min mülki iş var, 900 vəkil bu işlərə yetəcəkmi?”.

Qənirə Paşayeva
Qənirə Paşayeva

Məsələni siyasiləşdirməyə ehtiyac yoxdur

Deputat Qənirə Paşayeva da sənədə etiraz edib və bildirib ki, Azərbaycanda vəkillərin sayı çox azdır. O vurğulayıb ki, vəkil problemi xüsusilə rayonlarda daha çox hiss olunacaq. “10 minlərlə əhalisi olan rayonda cəmi bir neçə vəkil var. İnsanlar hüquqi peroblemlərini daha çox nümayəndələr vasitəsilə həyata keçirirdilər. Nümayəndəlik ləğv edilsə, insanlar faktiki hüquqi yardımsız qalacaqlar. Nümayəndəlik İnstitutunda problemlər ola bilər. Buna görə Nümayəndəlik İnstitutunun ləğvi düzgün deyil”.

Vitse-spiker Valeh Ələsgərov qeyd edib ki, Nümayəndəlik İnstitutu olduğu müddətdə vəkillərin sayı arta bilməz:

“Çünki nümayəndə varsa, vəkil niyə axtarılsın ki? Məsələni siyasiləşdirməyə ehtiyac yoxdur”.

Ali Məhkəmədə Mülki Kollegiya sədri Şəlalə Məmmədova isə deyib ki, təmsil etdiyi qurum 3 ilə yaxındır ki, Nümayəndəlik İnstitutu ilə bağlı ciddi araşdırmalar aparıb.

“Biz müzakirələr aparmışıq. Yalnız məhkəmə prosesində nümayəndələrin iştirakına qarşıyıq. Burada fikirlər səsləndi ki, işsizlər ordusu yaranacaq. Amma nümayəndələr onsuz da, bu sistemin işçiləri deyildi. Biz Nümayəndəlik İnstitutunun fəaliyyətini məhdudlaşdırırıq. Məsələn, yaxın qohumlar nümayəndə ola bilər. Mülki işlərdə boşanmalar daha çoxdur. Təcrübədə də görürük ki, yaxın qohumlar vətəndaşları daha yaxşı təmsil edir. Amma hakim nümayəndəyə sual verəndə ki, onlar niyə boşanır, o, buna cavab verə bilmir. Nümayəndələr tərəflərdən biri məhkəməyə getməyəndə orada olur. Tərəflərin ikisi də məhkəmədədirsə, hakimin suallarını cavablandırırsa, o zaman nümayəndənin orada vəkil kimi olmasına nə əsas var?”

Ziyafət Əsgərov

Vitse-spiker Ziyafət Əsgərov da qanun dəyişikliyinin qəbul edilməsinin tərəfdarı olduğunu deyib.

Dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Dəyişiklik layihələri Milli Məclisə Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən daxil olub. Layihə oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı. Spiker Oqtay Əsədov buna qanun layihələrinin hazırlanmasındakı çatışmazlığı səbəb göstərmişdi.

Təklif cəmiyyətdə əsasən narazılıqla qarşılanıb və bildirilib ki, Nümayəndəlik İnstitutunun ləğv edilməsi vətəndaşların hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərə yol açacaq. Qeyd edilib ki, ölkədə vəkillərin sayı 1000 nəfərə çatmadığından, Nümayəndəlik İnstitutu olmadan vətəndaşların məhkəmələrdəki işlərində böyük çatışmazlıqlar yaranacaq.

Ana səhifəXəbərlərZahid Oruc: Bu qanunu qəbul etməklə vətəndaşları müdafiəsiz qoyduq