Zahid Oruc: “Babək Səmidliyə suallar kəşfiyyat məqsədilə verilib”

Üzeyir Cəfərov: “Suallar bilavasitə Müdafiə Nazirliyinin müvafiq qurumlarına ünvanlanmalıdır”

“Yayılan və sensasiya kimi tirajlanan özəl dialoqun rəsmi dəyərləndirilməsinə ehtiyac var. Çünki Babək Səmidli ali zabit heyətinə daxil olub. Onun döyüş yolu və hərbi tərcümeyi-halı deməyə əsas verir ki, Silahlı Qüvvələrin üst mərtəbəsində məsləhətləşməyə və məxfi informasiyalara müəyyən qədər yaxın olub”.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc mərhum polkovnik Babək Səmidlinin Meydan TV-də yayılan səsyazısının rəsmi dəyərləndirilməsinə ehtiyacın olduğunu düşünür.

Meydan TV 2020-ci ilin noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək həlak olduğu bildirilən polkovnik Babək Səmidlinin ölümündən bir neçə gün əvvəl etdiyi söhbətin audioyazısını yayıb. B.Səmidli orduda bir sıra neqativ hallara toxunaraq, konkret adlar çəkib.

Zahid Oruc hesab edir ki, müharibədə hərbi taktiki-strateji qərarlar məhdud heyət tərəfindən qəbul edilib:
“Daha dəqiq desək, birinci şəxs-Ali Baş Komandan hər bir döyüş tapşırığını imzalayıb və hücum əməliyyatlarına dair əmrlər şəxsən verilib, dəyişən vəziyyətə uyğun korreksiyalar aparılıb və növbəti planın ssenarisi hazırlanıb”.

Deputatın sözlərinə görə, Babək Səmidli ilə özəl söhbətin üzərindən iki il keçəndən sonra, məhz İkinci Qarabağ müharibəsinin ildönümü günlərində yayımlanması, onun fikirlərinin hansı məqsədlərlə yayıldığını göstərən mötəbər dəlildir:

“Danışığın digər tərəfinin səsi və sualların redaktəsinin məkrlə aparılması, aydın görünür. Hazırki xarici basqıların artdığı və sərhəd toqquşmlarından sonra şiddətlənən ordu əleyhinə kampaniyanın bir elementi olduğuna şübhə yeri qoymur”.

“Babək Səmidliyə suallar kəşfiyyat məqsədilə verilib. Ona görə də ixtisar edilən məqamların dinlənilməli olduğunu düşünürük. O üzdən, qələbəmizə qarşı hücum, hibrid savaş aparan qüvvələr Səmidlinin açıqlanmasını bir neçə istiqamətdə hərbi-siyasi, informasiya artilleriyasının silahına çeviriblər”, – Zahid Oruc vurğulayıb və əlavə edib ki, hər bir detal ayrıca təhlil edildiyində ordunun təchizatı, yaxud kommunikasiyanın durumuna dair deyilən bütün fikirlər iki mühüm faktı inkar edə bilmir, əksinə daha da güclü şəkildə təsdiqləyir:

“Birinci, Ali Baş Komandan İlham Əliyevin ordumuzun rəhbəri və xalqımızın Qələbə əzminin təmsilçisi kimi Zəfər yürüşünün heç nəyə baxmadan aparması. İkinci, ordumuzun hər bir sıra nəfərində, hətta hansısa çatışmayan texnika və texnologiyaların əvəzini gücü və yenilməz iradələri ilə əvəzləyərək sonadək getmələri faktı. Nəhayət, Ermənistan ordusunun bir neçə milyard dollarlıq silahlarını darmadağın edən qəhrəman oğulların əməyini gərək inkar etməyək”.

Deputatın sözlərinə görə, müharibə bütün detalları ilə simulyasiya edilə, planlaşdırıla bilmir:

“Hazırda Rusiya-Ukrayna savaşında baş verənləri yaxşı görürük. Ona görə də hər bir faktın araşdırılmasına tərəfdar olmaqla yanaşı, qalib ordumuzu parçalamaq, rəhbər heyət arasında şübhə və nizamsızılıq yaratmaq yolverilməzdir. Bu yarğılama düşmənlə eyni səngərə daxil olmaqdır. Qarşı tərəf 1000-dən artıq əsgər və zabitini həbs edib. Belədə, bizim ordu və siyasi rəhbərlik arasında nifaq yaradaraq, məğlub edilənləri deyil, qalibləri və qələbəni ittiham etmək 1-ci Qarabağ müharibəsindən, 26 sentyabra qədərki düşüncə mərəzindən qaynaqlanan düşmən ssenarilərdir”.

Z.Oruc Səmidlinin Türkiyə ordusunun generalı Bəxtiyar Paşanın təsiri barədə dediklərinə belə reaksiya verib:

“Əlbəttə, qardaş ölkənin siyasi və hərbi elitasının qəlbi, siyasətləri və bütün türk xalqının duası Azərbaycanın qələbəsində müstəsna rol oynadı, o cümlədən ordumuzun formalaşmasında türk generallarının misilsiz xidmətlərini yüksək qiymətləndiririk. Bununla bərabər, Vətən müharibəsində son damla qanına qədər döyüşən qəhrəman oğullarımızın adı, əməyi və raşədəti bir an belə undula bilməz”.

“Əgər bir komandir raportunda qeyri-səhihliyə və ya məqsədli təxribatlara yol veribsə, o cümlədən, ordu rəhbərliyində peşəkar qəsdçilər olubsa, onların əməllərinin ifşası və cəzalandırılması Ali Baş Komandanın sərt iradəsi ilə, müxtəlif mənbələrdən aldığı mötəbər məlumatlarla üz-üzə qalıb, onlar cəzalarını alıb, rəhbərini sevən, qanun və nizamnaməyə əməl edən minlərlə zabit öz mundiri və ləyaqəti ilə istənilən xəyanət planını rüşeym anında məhv ediblər. Ona görə də Zəfər ətrafında xainlər mövzusu bizim ideallarımızı ləkələmək istəyənlərin işidir. Ordunun yalnız satqınlardan, qanunsuz əməl sahiblərindən ibarət qələmə verənlər, Ermənistanın əbədi qorxusuna çevrilən silahların yarıtmazlığından danışanlar, təchizatın tamamailə yoxluğundan danışanlar 26 sentyabra qədərki işğalçılığın müəllifləridir. Ordu millətimizin qürur yeridir və bizi səngərdə qoruyanları biz də hücumlardan hifz etməliyik”, – deyə deputat fikrini tamamlayıb.


Üzeyir Cəfərov
Foto: Üzeyir Cəfərovun şəxsi arxivi

Hərbi ekspert Üzeyir Cəfərli isə hesab edir ki, Babək Səmidlinin səsləndirdikləri ilə bağlı Müdafiə Nazirliyi cavab verməlidir. Onun fikrincə, bu məsələ ilə bağlı suallar bilavasitə nazirliyin müvafiq qurumlarına ünvanlanmalıdır:

“Məsələn, Babək Səmidlinin söylədiklərində rabitə xidmətinə toxunulur, bu, general Məmməd Eminova aiddir, yaxşı olardı, aydınlıq gətirsin”.

Üzeyir Cəfərli hesab edir ki, Babək Səmidli sıradan adam olmayıb, korpus komandirinin müavini olub:
“O, korpusda 15-20 minlik şəxsi heyətin təminatının və təchizatının real vəziyyətinin nədən ibarət olduğunu bilirdi. Yəni o, şəxsi heyətin silah-sursat, mənəvi-psixoloji hazırlıq, təminat və ümumiyyətlə, hər şeylə bağlı bütün məlumatlara malik idi. Onun yerlərdə tabeliyində olan briqada komandirləri, onların aparatı, təlimatçılar və s. vardı. Bu mənada onun səsləndirdiyi fikirlər ciddi şəkildə araşdırmalı və təhlil edilməlidir”.

Ü.Cəfərovun qənaətincə, Azərbaycan ordusunda sözdə hər şey idealdır, 2016-cı ilin döyüşlərindən sonra silahlı qüvvələrdə mənfi məqamlar üzə çıxdı:

“Düzdür, ordu rəhbərliyi təhlil aparıldığını bildirmişdi, amma elə təhlil olmur. Təhlilin nəticəsi olaraq hərbi kollegiyada qərar qəbul olunur ki, filan komandir doğru, yaxud yanlış etdi. O cümlədən, 2000-ci ilin Tovuz və Vətən savaşı, həmçinin, bu ilin sentyabr əməliyyatı, bunlar hamısı incələnməlidir. Bəli, bu araşdırmalar və təhlillər məxfi qrif altında toplanmalı və ciddi nəticə çıxartmaq lazımdır”.

“Çoxu Babək Səmidlinin səsyazısının niyə indi yayılmasını sual edir, guya, onu dindiriblər. Xeyr, heç bir dindirmə olmayıb, ona yaxın çevrədən polkovnikin səsini yazıblar, indi ictimailəşdiriblər. Təxmin edirəm kimlər yazıb. Müxtəlif yanaşmalar ola bilər, amma kimin yanaşmasından asılı olmayaraq Səmidliyə şəhidlik statusu verilib. Onu “Tərtər hadisələri”ndə günahlandırırlar, bəzi fikirlər səsləndirirlər. Bununla bağlı başda Qasım Məmmədov olmaqla İstintaq Komissiyası aydınlıq gətirməlidir ki, Babək Səmidlinin nə qədər məsuliyyəti olub. Əslində, Ali Məhkəmənin Plenumuna əsasən 17 nəfərin bəraət alması o deməkdir ki, onlar haqda istintaq aparanlar, ittiham aktını imzalayanlar və hökm çıxaranlar cinayət məsuliyyətinə cəlb edilməlidir”, – deyə Cəfərov əlavə edib.

Babək Səmidli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması uğrunda” medalları, “Zəfər” ordeni ilə təltif edilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Bu döyüşlərdə hər iki tərəfdən birgə 6 mindən artıq insan həlak olub.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Ana səhifəSiyasətZahid Oruc: “Babək Səmidliyə suallar kəşfiyyat məqsədilə verilib”