Zahid Oruc

Mənbə: Foto: Meydan tv

Başlıq: Zahid Oruc

Zahid Oruc: Azərbaycan Rusiya ilə düzgün işləmədiyi üçün torpaq itirib

Məqalə yeniləndi:  11 Oktyabr 2019

Rauf Mirqədirov: “Zahid Oruc ona tapşırılan işlə məşğul olsa, yaxşıdır”

“Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasındakı çıxışı 2016-cı ilin aprelindəki döyüşlərdə qazandığımız uğur kimi siyasi qələbədir”.

“Report” saytı xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.

Onun sözlərinə görə, tarix göstərir ki, Azərbaycan son 100 ildə nə vaxt Rusiya ilə düzgün işləməyib, torpaq itirib.

“1990-cı illərdə də bizi beynəlxalq məkanın əli ilə Rusiya ilə toqquşdurub əzdilər. Gözləyirdim ki, Prezidentin bu çıxışından sonra Rusiyada yaşayan azərbaycanlılar bu istiqamətdə addımlar atacaqlar. Bunu etməli idik. Bir çox siyasətçilər çağırışımıza səs verdi. 1990-cı ildən fərqli olaraq hazırda rusların böyük bir hissəsi bu ideyamıza tərəfdar olduqlarını bildiriblər. Azərbaycan - Rusiya münasibətləri son 100 ildə bu qədər yüksək səviyyədə olmayıb. Bu münasibətlər də Azərbaycanı Rusiyanın bir hissəsinə çevirmək, təsiri altına düşmək üçün deyil”, - Zahid Oruc deyib.

Avropa mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Rusiya ilə işləməyin vacib olduğunu bölüşür.

“Rusiya şimal qonşumuzdur, nüvə silahı var, ən böyük resurslara malik ölkədir və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Ümumiyyətlə, Rusiya ilə düşmənçilik etmək heç kimin maraqlarına cavab vermir. Azərbaycan cəmiyyətində Rusiya ilə işləməyin zəruriliyini dərk etməyən siyasətçi yoxdur və heç kim Rusiya ilə düşmənçiliyə də çağırmır”.

Onun fikrincə, sonuncu məqamları hər kəs bir cür anlayır - biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağı, yaxud Rusiyanın vassalına çevrilmək kimi başa düşür, digəri Azərbaycanın elə təhlükəsizlik sisteminə qoşulmasını istəyir ki, şimaldan olan təhlükələri neytrallaşdırsın.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Mənbə: Foto: Meydan tv

“Zahid Oruc Rusiya ilə münasibətlərin düzgün qurulmamasından danışanda, hansı dövrləri nəzərdə tutduğunu konkretləşdirməyib. Biz Rusiya ilə münasibətləri nə vaxt düzgün qurub, ərazilərimizi genişləndirmişik, yaxud yeni torpaqlar əldə etmişik? İranla Rusiya Azərbaycanı iki yerə böldü, Qarabağ xanlığı başda olmaqla digər xanlıqlar şimal dövlətin tərkibinə könüllü daxil oldu və sonradan xanı ailəsiylə birgə güllələdilər. Yəqin düzgün siyasət deyəndə, Zahid Oruc bunu nəzərdə tutur. Sonrakı dövrlərdə İran və Türkiyədən kütləvi surətdə erməniləri azərbaycanlıların yaşadığı ərazilərinə köçürdülər”.

Siyasi icmalçı Dağlıq Qarabağ və Naxçıvan muxtariyyatının yaradılmasına toxunaraq, sual edib ki, niyə Sovet Ermənistanında azərbaycanlılar üçün belə muxtar qurumlar yaradılmadı?

“Ötən əsrin 50-60-cı illərində ərazilərimizin bir hissəsi Ermənistana verildi, bunlar hamısı Rusiya ilə yaxşı münasibətlər olan dövrlərə təsadüf edir. Zahid Oruc son 100 ili deyəndə, unutmasın ki, sabiq prezident Heydər Əliyev 20 ildən çox respublikaya rəhbərlik edib. SSRİ Nazirlər Kabinetinin sədr müavini olub. Məgər, Zahid Oruc Heydər Əliyev dühasını şübhə altına alır? Gərək, özünü gözə soxanda bir az düşünmək lazımdır. 90-cı illərin əvvəllərində isə sözsüz ki, səhvlər olub, amma ən böyük uğur odur ki, Rusiya ordusu Azərbaycandan çıxarılıb”.

Rauf Mirqədirov hesab edir ki, 90-cı illərin əvvələrində olan səhvləri bu gün çox qabartmaq siyasi savadsızlıqdır. O qeyd edib ki, həmin vaxt dövlət yenidən qurulurdu, hər şey sıfırdan başlayırdı, inqilabi bir qüvvə hakimiyyətə gəlmişdi, təcrübəsizlik var idi.

“Belə olanda həmin siyasi qüvvənin yetkinləşməsi üçün zaman lazım idi. Sadəcə, Rusiya ilə münasibətlərin düzgün qurulması Azərbaycana yaxşı heç nə verməyib. Hazırda Ermənistanla Rusiya arasında olan gərginliyin Moskvanın strateji məqsədlərini dəyişəcəyini düşünmək sadəlöhvlükdür”.

Rauf Mirqədirovun fikrincə, Zahid Oruc ona tapşırılan işlə məşğul olsa, daha yaxşı olar:

“O, prezidentin beynəlxalq məsələlər üzrə məsləhətçisi, müşaviri deyil, Xarici İşlər Nazirliyində də çalışmır. Sosial təhqiqatlarla məşğuldur. Ölkədə isə çoxlu sosial-iqtisadi problemlər var. Bu barədə danışmaq onun birbaşa vəzifəsidir. Populist çıxışlar edib özünü bu cür yolla ölkə başçısına təqdim etmək böyük uğur qazanmaq perspektivi deyil. Çünki bu istəkdə olanların sayı çoxdur".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/38p4ut

Ən çox baxılan